Rusiya qarşısında güc görməlidir ! - “Bu gün o güc Türkiyədir!” - Hərbi baza... !

Elxan Şahinoğlu:Ərdoğanın təqdim etdiyi qanun layihəsinin icrasını sürətləndirmək lazımdır”

Elxan Şükürlü: “Rusiyanın sülhməramlı funksiyası başa çatandan sonra onun orada qalmaq istəyinə ən böyük çəkindirici güc məhz Türkiyə ola bilər”

Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən sənədi Türkiyə Prezident Administrasiyası parlamentə təqdim edib.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələyə münasibət bildirərkən bunun Türkiyənin daxili işi olduğunu söyləyib:“Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq. Oraya Türkiyə hərbçilərini göndərmək lazımdır. Bu, Türkiyə Respublikasının qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur”.

Sözsüz ki, biz Türkiyə sülhməramlılarının Qarabağda olmasının tərəfdarıyıq. Daha doğrusu, bunu istəyir, arzulayırıq.

 “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da bunun zəruri olduğunu düşünür. O, məsələ barədə “Sherg.az”a danışıb: 

“Rus hərbçilərinin Dağlıq Qarabağa  qəfil gəlişləri və separatçılarla əlaqələrini genişləndirmələri rahatlığımızı pozub, kiminlə söhbət edirəmsə hamı eyni sualı verir: “Niyə belə oldu?”. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana hərbi kontingentin göndərilməsilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Bu qanunun icrasını sürətləndirmək lazımdır. Əks halda rəsmi Moskva Dağlıq Qarabağda bildiyini edəcək. İllərdir deyirdim və yazırdım ki, Türkiyənin Azərbaycanda hərbi bazalarının  olması vacibdir. Rusiya öz qarşısında ondan çəkinməyən güc görməlidir. Ruslar tarixən ondan zəifi  əzməyə çalışıblar, yalnız qarşılarında ondan çəkinməyən güc gördükdə iştahlarını azaldıblar. Bugün o güc Türkiyədir!”.

“Ədalət” Partiyasının sədr müavini, “Strateq. az” saytının baş redaktoru Elxan Şükürlü isə tərəflər arasında hərbi ittifaq arasında sazişin yenilənməsinin vacibliyini bildirdi:

 “Əlbəttə, Türkiyənin sonadək Azərbaycanın yanında olması arzuolunandır. Qardaş ölkənin bizə hərbi dəstəyi 2010-cu il avqustun 16-da imzalanmış qarşılıqlı hərbi yardım haqqında sazişə əsaslanır. Bu sənədin müddəti on ildir. Yəni artıq bitib. Düzdür, müqavilədə göstərilir ki, tərəflər etiraz etmədiyi halda, müddət avtomatik uzadılır. Lakin indiki çətin vəziyyətdə daha təkmil və ətraflı sənədin imzalanması şərtdir. Rusiyanın sülhməramlı funksiyası başa çatandan sonra onun orada qalmaq istəyinə ən böyük çəkindirici güc məhz Türkiyə ola bilər”.