Tarixi qayıdış ! – “Görəcəksiniz, Prezident Şuşaya da səfər edəcək”

“İndi biz özümüz yol çəkirik. Mən o yerləri qarış-qarış tanıyıram”

“Qarabağın dirçəlməsini görmək böyük xoşbəxtlikdir”


Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Əlbəttə, bu, böyük yolun başlanğıcıdır. Belə demək mümkünsə, dövlət başçısı və xanımı tarixi qayıdışın əsasını qoydular. Prezidentin hərbi maşını idarə edərkən söylədikləri hər bir azərbaycanlının ümidini daha da artırır. Bundan sonra Ermənistan baş naziri Nikol Paşinyan başda olmaqla, heç biri erməni nəinki Qarabağ torpağında çaxır içib, rəqs edəcək, həmin yerlərə heç ayaq da basa bilməyəcəklər. Çünki biz qayıdırıq.



 Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas dövlət başçısı və xanımının Cəbrayıla, Füzuliyə səfəri barədə “Sherg.az”a danışıb:

 “Dövlət başçısı, Ali Baş Komandan əslində çox cəsarətli addım atdı. Çünki həmin ərazilər hələ tam “təmizlənməyib”. Düşmənin hardasa gizlənmək ehtimalı var. Bəlkə də, gizlənirlər. Amma Prezident bütün bunlara rəğmən, Qarabağa getdi, Araz çayında əl-üzünü yudu. Görəcəksiniz, bu günlərdə dövlət başçısı Şuşaya da səfər edəcək”.

A.Abbas, həmçinin yeni yol çəkilişi barədə də fikrini bildirib:

“Əslində Füzulidən Şuşaya “Molla Nəsrəddin yolu” deyilən bir yol var. Amma çox çətin yoldur. İndi biz özümüz yol çəkirik. Mən o yerləri qarış-qarış tanıyıram. Qarabağın dirçəlməsini görmək böyük xoşbəxtlikdir”.