Vaşinqton və Paris Minsk Qrupunu dirçəltmək istəyirlər - AKTUAL TƏHLİL


"Türkiyənin Cənubi Qafqazdakı və Azərbaycandakı fəallığı da onları narahat edir"

"Moskva da Türkiyənin Cənubi Qafqazda artan rolunu balanslaşdırmaq üçün Vaşinqton və Parisin diplomatik imkanlarından istifadə etməyə maraq göstərə bilər"
 
Otuz ildir davam edən Dağlıq Qarabağ düyünü artıq açılmaqdadır. Üzləri ağ olmuş ATƏT-in Minsk qrupunun üzvlərinin ötən müddətdəki bütün fəaliyyətləri fəaliyyətsizlikdən ibarət oldu. Bilmirəm, öz folklorlarında belə misallar var ya yox, amma bizim atalar sözlərimizdə deyildiyi kimi, “bu günün işini ssbaha qoyma”nı unudub, “tələsən təndirə düşən”i əllərində bayraq tutdular. Beləliklə, Azərbaycan üç dövlətin bacara bilmədiyini tək başına icra etdi. İndi kimin harada olduğu gün kimi aydındır. Olan yeyib-içib doymayan həmsədrlərə olacaq. Hər halda səfərlərin sayı azalacaq. Pandemiya vaxtıdır, otursunlar evlərində. Onsuz da yaşları da o yaş deyil...

 Bəli, indi çoxlarını düşündürən əsas məsələ məhz həmsədrlərin taleyidir.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu onların onların ötən bir aydan çox müddətdəki fəaliyyətlərini “Sherg.az”a təhlil edib:

“Minsk Qrupu həmsədrləri illər uzun Dağlıq Qarabağ münaqişəsinin “həlliylə” məşğul oldu, əslində isə işğalçının nazı ilə oynadı. Həmsədrlər (ABŞ, Fransa və Rusiya) özlərinin hazırladığı “Madrid planını” Ermənistana qəbul etdirmədi. Nəticədə Azərbaycan qərarını verdi və müharibə başladı. Azərbaycan qalibdir. Əlbəttə, Fransa və ABŞ-da bu bəzi dairələri narahat etsə də, Ermənistanın məğlubiyyətindən çox da kədənlənmirlər. Onları əsas narahat edən Türkiyənin Cənubi Qafqazda artan roludur.

Müharibə getdiyi müddətdə danışıqlar prosesində əsas iki dövlət iştirak edirdi – Rusiya və Türkiyə. Məhz bu iki ölkənin rəsmiləri 44 gündə bir-birləriylə tez-tez telefon danışıqları apardılar və vəziyyətdən çıxış yolları axtardılar. İki həmsədr – ABŞ və Fransanın faktiki “oyundankənar vəziyyət”də qalması Rusiyanı da narahat etmirdi.

Çünki, ABŞ və Fransa Rusiyaya qarşı sayı bəlli olmayan sanksiya qərarı qəbul edib, həmçinin tərəflərin münasibətlərində kifayət qədər problemlər var. Ona görə də Moskva müharibə müddətində Paris və Vaşinqtonla hərəkət etməkdənsə Ankaraya ilə dialoqa ehtiyac duydu. Moskva anlayırdı ki, Azərbaycan Vaşinqton və Parisin çağırışlarını eşitməyəcək. Çünki  Bakı daim Ankara ilə təmas içində idi. Buna baxmayaraq, Vaşinqton və Paris son günlər “biz də varıq” deməyə çalışırlar. Parisdə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Fransanın xarici işlər naziri Jan İv Le Drian arasında görüş keçirilib. Müzakirənin əsas mövzularından biri Dağlıq Qarabağ olub. Onlar əvvəlkitək həmsədrlik institunun davamı gərəkliyini vurğulayıb”.

E. Şahinoğlunun fikrincə, Fransa və ABŞ “hakimlik postu”na qayıtmaq istəyir:

“ Birincisi, ABŞ və Fransanın xarici siyasət idarələrinin başçıları atəşkəsin əldə olunmasında Rusiyanın addımlarını qeyd ediblər. Yəni Pompeo və Jan İv Le Drian Rusiyanın addımlarını dəstəklədiklərini deməyiblər, sadəcə “olan faktı qeyd ediblər”. Yəni Vaşinqton və Paris qeyri-müəyyən ifadə ilə Rusiyanın atəşkəs nailiyyətini tərifləməkdən çəkiniblər. İkincisi, ABŞ və Fransanın baş diplomatları sualların qaldığını, ən başlıcası isə Türkiyənin rolundan narahat olduqlarını açıq ifadə ediblər. Bu suallara onlar Rusiyadan cavab istəyiblər. Rusiya hər iki həmsədr ölkənin təmsilçilərini məsələni aydınlaşdırmaq üçün Moskvaya dəvət edib. ABŞ və Fransanın baş diplomatları açıq bildiriblər ki, Türkiyənin Şərqi Aralıq, Liviya və Suriyadakı siyasətindən narazıdırlar.  Bununla demək istəyiblər ki, Türkiyənin Cənubi Qafqazdakı və Azərbaycandakı fəallığı da onları narahat edir. ABŞ təmsilçisi onu da vurğulayıb ki, Türkiyənin bölgədə hərbi potensialının artmasından narahatdır. Elə bil, söhbət Vaşinqtonun NATO üzrə müttəfiqindən getmir.

Üçüncüsü, ABŞ və Fransa təmsilçiləri danışıqların yenidən həmsədrlər çərçivəsində aparılmasının vacibliyini qeyd ediblər. Hiss olunur ki, Rusiya da bunu istəyir. Müharibə müddətində Ankara ilə sıx dialoq içərisində olan Moskva Türkiyənin Cənubi Qafqazda artan rolunu balanslaşdırmaq üçün Vaşinqton və Parisin diplomatik imkanlarından istifadə etməyə maraq göstərə bilər.

Beləliklə, Fransa və ABŞ yenidən meydana qayıtmaq istəyirlər. Ancaq meydanda hazırda iki əsas “oyunçu” var – Rusiya və Türkiyə. Əlbəttə, Ermənistan Fransa  və ABŞ-ın “oyun”a qayıtmasını çox istəyir.  Çünki müharibə boyunca Vaşinqton və Parisdən öz xeyrinə açıqlamalar əldə edirdi. Əsas sual budur: Biz bu iki dövlətin yenidən danışıqlar prosesində rol almasını istəyirikmi? Rusiya onsuz da ermənilərdən yanadır, bir də ona daha iki ermənipərəst mərkəzin qoşulmasından nə əldə edəcəyik?”