Professor: “Peyvənd məsələni kökündən həll etməyəcək”  

“Peyvənd məsələsinə xüsusi diqqət ayırmaqdansa, daha çox karantin qaydalarına fikir vermək lazımdır”

“Əfsuslar olsun ki, bu gün karantin qanunları arxa plana keçib”


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVİD-19 –un vaksinindən danışıb. O, qeyd edib ki, peyvənd COVİD-19 pandemiyasının qarşısını ala bilməyəcək:
“Vaksin yalnız əllərində olan vasitələri tamamlayacaq, təkbaşına pandemiyaya son qoymayacaq. ÜST-ün baş direktoru həmçinin bildirib ki, əvvəlcə səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qruplarına daxil olan insanların peyvənd olunmasına üstünlük veriləcək.  Bu, ümid edirəm ölüm sayını azaldacaq və səhiyyə sistemlərinin mübarizəsinə töhfə verəcək”.


Məlum məsələni “Sherg.az”a şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, vaksindən daha çox izolyasiya qaydalarına diqqət ayırmalıyıq:

“Məsələ burasındadır ki, koronavirusun mutasiya prosesində  çoxlu sayda  mutasyon formaları əmələ gəlir.Vaksin bütün o formaları əhatə edə bilməz.

Ona görə peyvəndi məsələni kökündən həll edən bir vasitə kimi dəyərləndirmək olmaz. Söhbət bundan gedir. Bütün dünya əhalisinin vaksinasiyası da mümkün deyil.

O hamıya çatana qədər koronaviorus da yoxa çıxıb, gedəcək. Düşünürəm ki, peyvənd məsələsinə xüsusi diqqət ayırmaqdansa, daha çox karantin qaydalarına fikir vermək lazımdır.

Əfsuslar olsun ki, bu gün karantin qanunları arxa plana keçib. Qaydalara əməl etmək lazımdır. Bir dəfə deyilibsə, riayət olunmalıdır.Təəssüf ki, əməl edilmir”.