Monitorinq aparılmalıdır ! - Pandemiya insanlarda stres, diqqət pozuntusu yaradıb

"Heç bir tədbir görülməyəcəyi təqdirdə həyəcan və depressiya kimi halların sayının çoxalması riski artacaq"

Koronavirus pandemiyası insanların psixi sağlamlığına dərin təsir göstərə bilir. Aparılan araşdırmalara görə, koronavirus xəstələri arasında aldıqları travmadan sonra stres pozğunluğu artıb. Xüsusilə yaşlı xəstələrdə depressiya və narahatlıq müşahidə edilib. Mütəxəssislər qeyd edirlər ki, delirium və yaddaş pozğunluğu yaşayan xəstələrin sayı daha da arta, həmçinin halusinasiya və daima narahat qalmaq kimi hallar ortaya çıxa bilər. Bu istiqamətdə psixiatrlar və psixoloqlar təcili tədqiqatlar aparılmasına çağırırlar.

Psixoloq Zeynəb Eyyubova "Şərq"ə açıqlamasında bildirib ki, böyüklərlə yanaşı ən böyük problemi uşaqlar yaşayır:

"Pandemiya insanlarda stres, psixoloji immunitet zəifliyi və diqqət pozuntusu yaradıb. Xüsusilə bağça, məktəb və universitetlərin fəaliyyət göstərməməsi isə uşaqlarda diqqət yayınmasına yol açıb. Bu səbəbdən də uşaqlarda zehin geriləməsi başlayıb. Uşaqlar üçün bu istiqamətdə xüsusi dəstək proqramları hazırlanmalıdır".

Psixoloq bildirib ki, keçirilmiş sorğular göstərir ki, qorxu hissi və təcrid rejimi artıq insanlara psixi təsir göstərməyə başlayıb: "Artan sosial izolyasiya, tənhalıq, sağlamlıqla bağlı narahatlıq, stres və iqtisadi tənəzzül, zehni sağlamlığa və insanların rifahına zərər vura biləcək güclü bir təsir mənbəyidir.

Heç bir tədbir görülməyəcəyi təqdirdə həyəcan və depressiya kimi halların sayının çoxalması riski artacaq. Bu gün narahatlıq, depressiya, özünə xəsarət yetirmə, intihar və digər psixi sağlamlıq problemlərinin səviyyəsinin monitorinqinin təmin edilməsi prioritet vəzifədir. Pandemiya zamanı intihar edənlərin sayının artması riski də var.

Məsələn, 2003-cü ilin Sars epidemiyası zamanı 65 yaşdan yuxarı insanlar arasında intiharların sayı 30 faiz artmışdı. Eləcə də qeyd edim ki, bu pandemiyaya qarşı görülən tədbirlər son nəticədə qaçılmaz surətdə işsizliyin, maliyyə çatışmazlığının və yoxsulluğun artması nəticəsində psixi sağlamlığa ciddi təsir edəcək. Hesab edirəm ki, bu istiqamətdə yaxın günlərdə vebinarlar təşkil edilməli, insanlar maarifləndirilməlidirlər.

Uşaqlara gəlincə, onların psixi gərginliyinin minimuma endirilməsi üşün müəyyən müddətdə havaya çıxardılması, evlərdə isə stolüstü oyunların oynanılması tövsiyə olunur".