Qayıdışa az qaldı

Hər kəs dədə-baba yurduna sahib çıxmaq istəyir

Məcburi köçkünlərin 52 faizi evlərinin açarlarını və sənədlərini hələ də özlərində saxlamaqdadır

Ermənistanın təxribatı nəticəsində 27 sentyabr 2020-ci il tarixdən başlayan və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan müharibənin nəticələri və məcburi köçkün ailələrinin azad edilmiş torpaqlara qayıdış planı ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sorğusu yekunlaşıb. Qobu qəsəbəsində 464 məcburi köçkün ailəsi ilə telefon vasitəsilə keçirilən sorğu 4 gün ərzində keçirilib. Sorğunun nəticələrinə görə, məcburi köçkünlərin böyük əksəriyyəti müharibənin son qələbəyədək davam etdirilməsini istəyir.

Respondentlərin 98 faizi yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır. Torpaqların azad olunması onlarda nikbinlik və evə qayıtmaq əhval-ruhiyyəsi yaradıb.

Sorğuda diqqət çəkən məqamlardan biri odur ki, 30 ilə yaxındır doğma yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın 52 faizə yaxını işğal altında olan ərazilərdəki evlərinin açarlarını və sənədlərini hələ də özlərində saxlamaqdadır.

Təkcə bu fakt göstərir ki, uzun müddət qaçqın və məcburi köçkün həyatı yaşamış insanlar torpaqlarımızın işğaldan azad olunacağına zərrə şübhə etməyiblər və həsrətlə həmin möhtəşəm günü gözləyiblər. Budur, artıq o tarixi an yetişib və yaxın günlərdə böyük qayıdış prosesinə start veriləcək. Bütün qaçqın və köçkünlər öz yurdlarına, el-obasına dönəcək. 

Aparılan soğru ilə bağlı düşüncələrini “Şərq”ə bölüşən Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib ki, erməni işğalçıları torpaqlarımızı zəbt edərkən Vətənlərini tərk etmək məcburiyyətində qalan bir çox insanımız özləri ilə xatirəlik əşyalar götürüblər. Əfsuslar olsun ki, bütün köçkünlərə evlərindən nəsə götürmək nəsib olmayıb:

“Qaçqın və məcburi köçkünlər həmişə ümidlə yaşayıblar ki, nə vaxtsa doğma yurd-yuvalarına qayıdacaqlar. Allahın köməyi, cənab Prezidentimizin iradəsi və Ordumuzun rəşadəti nəticəsində ümidlərimiz gerçəkləşdi, torpaqlarımız işğaldan azad edildi.

Bir məcburi köçkün və soyqırımı yaşamış Xocalı sakini kimi şəxsən özüm, ailəm və qohum-əqrəbam adından deyə bilərəm ki, hər birimiz doğma yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Tələsirik ki, bir an öncə evimizə qayıdaq.

Şübhəsiz, geri dönüş dövlətimizin aldığı tədbirlər və müəyyən qrafiklər əsasında reallaşmalıdır. Ölkə başçısı Cəbrayıl və Füzuli rayonlarına səfər edərkən bir daha vurğuladı ki, işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlər yenidən qurulacaq. Düşməndən qurtarılmış torpaqlarımızın sahəsi 17,6 min kvadrat kilometrdən artıqdır.

Yəni çox böyük bir ərazidən söhbət gedir. Geniş əraziləri qısa müddətdə bərpa edib, əhalini ora köçürmək asan məsələ deyil. Bunun üçün zamana ehtiyac var. Öncə təhlükəsizlik təmin olunmalı, zəruri infrastrukturlar qurulmalı, sonra yaşayış təmin edilməlidir”. 

Parlament üzvü bildirib ki, Azərbaycan dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Vətənidir:

“Dünyada sadəcə bir Azərbaycan dövləti var. Mənim Vətənim doğulduğum ocaqdan başlayır. Hər bir məcburi köçkün düşmən tərəfindən dağıdılmış ev-eşiyinə, dədə-baba yurduna sahib çıxmaq istəyir.

Ermənilərin söndürdüyü ocağı yenidən yandırmaq arzusu ilə yaşayır. Bundan müqəddəs qayə, hiss yoxdur. 28 ildir bu möhtəşəm günün həsrəti ilə yanıb-tutuşurduq.

Axır ki, həsrətimizə son qoyuldu. Allah, içi mən qarışıq bütün məcbur köçkünlərimizə yaxın günlərdə doğma yurdumuza qayıtmağı nəsib etsin!”.