Mer əndazəni aşdı

Fransa yenidən səhnəyə qayıtmağa cəhd göstərir

Paris anlamalıdır ki, daha Qarabağ probleminin birdəfəlik siyasi çözümündə heç zaman yer ala bilməyəcək

Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa meri Enn İdalqodan gəldiyi qeyd olunur. Bu proses Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsidir. Ermənilərə yaxınlığı ilə tanınan İdalqonun bundan əvvəl həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub, marafonlar təşkil edib.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər çalması və düşmən ölkəni diz üstə çökdürərək süquqta yetirməsi Ermənistanın əsas müttəfiqi olan Fransanı ciddi narahat edib. Fransa 30 il ərzində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Bu ölkə ATƏT-in Minsk qrupu həmsədri kimi fəaliyyətində də illər boyu tərəfkeşliyi ilə seçilib.

10 noyabrda Dağlıq Qarabağın nizamlanması ilə bağlı imzalanan üçtərəfli sazişdən və bu prosesdən kənarda qalan Fransa Azərbaycanın böyük qələbəsini həzm edə bilmir, hətta yeni təzyiq mexanizmlərini işə salır. Hər vəchlə Minsk qrupunun saxlanmasına çalışan Fransa məkrli məqsədlərini həyata keçirməyə dirəniş göstərir.

AĞ Partiya başqanı Tural Abbaslı “Şərq”ə deyib ki, Fransa müharibənin ilk günlərindən qərəzli və ermənipərəst mövqe sərgiləməyə başladı. Partiya rəhbərinin sözlərinə görə, rəsmi Paris Azərbaycana təzyiq etməyə, Bakını güzəştə məcbur buraxmağa çalışdı. Halbuki, həmsədr Fransa münaqişədə bitərəf mövqe tutmalı idi:

“Təbii olaraq Azərbaycan buna boyun əymədi və bəyan edildi ki, əgər Prezident Emmanuel Makron erməniləri bu qədər çox sevirsə, Marseldə onlara muxtariyyət versin. Siyasi proseslərin gedişində məlum oldu ki, Fransa regionda söz sahibi deyilmiş.

Bu qərb ölkəsi müharibənin gedişində və sonrakı hadisələrdə oyundan kənarda qaldı. Aktiv müharibə fazası bitdiyi və yeni siyasi situasiya yarandığı üçün Fransa yenidən səhnəyə qayıtmağa cəhd göstərir. Lakin proseslərdə yamaq kimi görünür”. 

T.Abbaslıya görə, Parisin destruktiv mövqeyini ciddiyə almamalıyıq:

“Fransaya aydın şəkildə başa salınmalıdır ki, bu dövlət Qarabağ probleminin birdəfəlik siyasi çözümündə heç zaman yer ala bilməyəcək. Fransa Ermənistan vasitəsi ilə Cənubi Qafqazda söz sahibi olmaq iddiasındadır.

Digər tərəfdən Avropada nüfuzunu qaldırmağa çalışmaqdadır. Nəzərə alsaq ki, gələn il Fransada seçkilər var və prezident E.Makronun canfəşanlığı başadüşüləndir.

Reallıq isə odur ki, Azərbaycan tərəfi öz gücü hesabına döyüş meydanında qələbə qazanıb. Biz hərbdə əldə etdiyimiz zəfəri masa arxasında, diplomatik müstəvidə Fransa kimi ölkələrə yedirtmək niyyətində deyilik”.