Həmişə BQXK-nin işindən narazı olmuşuq

İndi onlar üçün gözəl fürsət yaranıb ki, obyektiv və ədalətli qurum kimi özlərini sübut etsin

44 günlük müharibənin yekunu olaraq imzalanmış 10 noyabr bəyanatının müvafiq maddəsinə əsasən, əsirlərin və meyitlərin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir. Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer deyib ki, ölən hərbçilərin çıxarılmasına gəldikdə isə Rusiya sülhməramlıları və BQXK-nin iştirakı ilə tərəflər cəsədləri çıxarmağa və dəyişdirməyə başlayıb. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin tərəfləri artıq 200 hərbçinin cəsədini dəyişiblər. Maurer həmçinin qeyd edib ki, təşkilat bu istiqamətdə səylərini göstərməyə davam edəcək. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Şərq”ə bildirib ki, Azərbaycan tərəfi öz öhdəlikərini hər zaman yerinə yetirib. Lakin QAT rəhbərinin sözlərinə görə, ermənilərə heç bir məsələdə güvənmək olmaz. Çünki düşmən tərəf illər boyu bizim əsir və girovlarımızla bağlı heç bir anlaşmaya riayət etməyiblər:

“Ermənilər əsir və girovlarımızı Komitədən gizlədib, adlarını verməyiblər. Çox güman ki, bu dəfə də Ermənistan tərəfi üzərinə düşəni etməyəcək, əsirləri, o cümlədən hərbçilərimizin nəşini vaxtında qaytarmamaq üçün əlindən gələni edəcək. Hazırda Paşinyan hökuməti siyasi möhtəkirliklə məşğuldur. BQXK-nin fəaliyyətindən isə həmişə narazı olmuşuq.

İndi onlar üçün gözəl fürsət yaranıb ki, obyektiv və ədalətli qurum kimi özlərini sübut etsin. Həmçinin, 10 noyabr bəyannaməsində Rusiyanın da imzası var və proseslərdə artıq rus sülhməramlıları da iştirak edirlər.

Rus sülhməramlılarının komandanı əsir və girovların, eyni zamanda meyitlərin dəyişdirilməsinə ciddi nəzarət etməlidir. Başqa qurumun bu proseslərə nəzarət etmək səlahiyyəti yoxdur. Əgər dəyişdirilmə zamanı neqativ halların şahidi olsaq, Komitəyə etimad tamamilə itəcək”.