Kəlbəcəri yandıranlar içimizi yandırır

İnternet videolarla doludur

Peyklərimiz də istənilən faktları qeydə alır

Evə od vurub çıxıb gedirsə, bu artıq erməni xislətinin açıq nümayişidir

Ermənilər murdar xislətlərini yenə göstərir. Əclaflıqlarından, alçaq hərəkətlərindən əl çəkmədiklərinə inandırırlar dünyanı. Məlumdur ki, Azərbaycan Ordusunun Qarabağ müharibəsində əldə etdiyi tam qələbə nəticəsində imzalanmış üçtərəfli bəyannamənin şərtlərinə uyğun olaraq ermənilər Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etməlidir. Konkret vaxt da müəyyən edilib.
Lakin 1993-cü ildə zorla sahib olduqları, əhalisini qətlə yetirib, əsir, girov alıb, yalın əl, yalın ayaq doğma evlərindən didərgin saldıqları Kəlbəcəri ermənilər indi darmadağın, tarımar edərək gedir. Günlərdir ki, bəşər tarixi üçün rəzalət olan bu səhnələri bütün dünya izləyir. Və hamı yalnız müşahidəçidi. Niyə? 

"Altay" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə açıqlamasında ermənilərin öz mənfur xislətlərini bir daha əyani şəkildə büruzə  verdiklərini dedi: 

- Kəlbəcər, Ağdam və digər qonşu rayonlardan çıxmaq istəyən ermənilər hamısı bir yola kilidlənib. Həm tıxaclar yaranıb, həm ucqar dağlar, qarlı-şaxtalı hava şəraiti, yolların çətinləşməsi səbəbindən bu prosesi fiziki cəhətdən 10 günə başa vura bilmədiklərini əsas gətirərək daha 10 gün vaxt istəyiblər və bu vaxt da onlara verilib. Müddətin başa çatmasını gözləyib, sonra əraziyə ilk növbədə müvafiq dövlət orqanları, sərhəd xidməti hissələri yerləşməlidir. Bütün ərazi yoxlanmalı, minalar təmizlənməlidir. Sonra bərpa və məskunlaşdırma işlərinə başlamaq olar. Bu tərketmə prosesində ermənilərin etdiklərinin qarşısını almaq praktiki olaraq mümkün deyil. Bunu nə böyük əraziyə səpələnmiş azsaylı sülhməramlılar fiziki cəhətdən edə bilər, nə də biz. On minlərlə ev var, obyekt var. Hələ dərə, dağ, meşələri demirəm. Evə od vurub çıxıb gedirsə, bu artıq erməni xislətinin açıq nümayişidir və biz bu faktları toplayıb həm dünya ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara və məhkəmələrə çıxarmalıyıq. İnternet videolarla doludur. Peyklərimiz də istənilən faktı qeydə alır. Bu faktlar əslində, bizim onillərdir dünyaya çatdırmaq istədiklərimizi çatdırdı, ermənilərin necə vəhşi olduğunu sübut etdi. Bizim işimiz bunları bütün sosial şəbəkələrdə yaymaqdır. Xarici mediada dərc etdirməkdir.

E.Bayramlı qeyd etdi ki, ermənilər onsuz da beş gün gec, üç gün tez, istənilən halda torpaqlarımızdan çıxırlar və biz oraya qayıdırıq. Onlar bu məğlubiyyətin ağır nəticələrini hələ çox yaşayacaqlar. Biz isə qələbənin nəticələrini yaşayacağıq. Əsas nəticədir. 

Məlumdur ki, Kəlbəcəri tərk edən ermənilər təkcə ev əşyalarını daşımır, azərbaycanlılara məxsus və zorla sahib olduqları evləri də yandırır, ağacları da kəsir, meşəyə də od vururlar. Meşə yanğınları başlasa, sülhməramlılar yenə müşahidəçi qalacaqmı? E.Bayramlı qeyd etdi ki, Allah göstərməsin, meşə yanğınları olarsa, Azərbaycan Fövqəladə Hallar Nazirliyi müdaxilə etmək hüququna malikdir: 

- Belə hal baş verərsə, FHN müdaxilə edə bilər. Niyə də etməsin?! Bunun üçün heç bir əngəl yoxdur. Bu, bütün beynəlxalq normalara və qaydalara uyğundur. 

Tarix üzrə fəlsəfə doktoru Amalya Qasımova isə “Şərq”ə açıqlamasında 1993-cü ildə Kəlbəcər işğal olunarkən kəlbəcərlilərin hansı əzablara, məşəqqətlərə məruz qaldığına şahidlik etdiyini bildirdi:  

- Kəlbəcərdə indi ermənilərin törətdikləri vəhşilikdir. 1993-cü ildə mən Samux rayonunda işləyirdim, “Yeni Samux” qəzetinin redaktoru idim. Kəlbəcər işğala məruz qaldıqda kəlbəcərlilərin bir qismi də Samuxa gəlmişdi. Yaşıl rəngli UAZ-da. Əlləri boş, ayağıyalın. O vaxt rayonun fəal qadınları artıq xəbəri alıb “Çay evi”ndə onlara sulu yemək - qaşıqxəngəli də bişirmişdilər. Maşın rayon mərkəzində dayandı və o vaxt sovet sədri olan Solmaz xanım nə qədər israr etsə də, adamlar maşından düşmək istəmirdilər. Sanki birdən ayılmışdılar və “kuzov”u döyəcləyib – “geri dön, geri dön!” - demək istəyirdilər. “Hər şeyimiz orda qaldı, torpağımız, mal-qaramız, əllə toxuduğumuz xalçalar...” deyirdilər. İndi biz humanizm göstəririk. Niyə görən?! 

A.Qasımova qeyd etdi ki, ermənilərin tərk etdikləri evləri, həm də zorla zəbt etdikləri, uzun illər içində yaşadıqları azərbaycanlı evlərini yandırmaları, ağacları kəsmələri, meşəyə od vurmaları onların vəhşi təbiətini büruzə verir: 

-Təsəvvür etmək belə çətindir ki, insan içində yaşadığı evə necə od vura bilər? Bunu edən insanlıqdan, insani dəyərlərdən kənar iyrənc məxluqlar ola bilər. Ağacları kəsirlər, odun tədarükü görürlər. Sən bu odunu uzaqbaşı bir qış yandıracaqsan. Növbəti qışda nə edəcəksən? Kəlbəcərə gəlib yenə ağac kəsə bilməyəcəksən! Deməli, erməni xisləti yenə özünü göstərir; təki zian vurum, bacardıqca qazanc əldə edim. Etsinlər, bu qışı da Azərbaycanın istisinə qızınsınlar. Baş verənlər məni çox yandırır.

Çünki mən kəlbəcərlilərin necə didərgin salındığını, hansı əzablara məruz qaldıqlarını öz gözlərimlə görmüşəm. Kəlbəcərlilər yataqxana həyatına alışa bilmirdi. Bir uşaq vardı, biz nə qədər çalışırdıq, onu sakitləşdirə bilmirdik. Sonra uşaq bir toyuq istədi bizdən. Ona bazardan bir toyuq aldırdıq, o toyuğu çarpayısının altında saxladı, onu tumarlayırdı, bununla elə bil özünü yenə kənddə hiss edirdi.

Bir yaşlı kişi isə çəliyini yanından ayırmırdı, çarpayısının baş ucunda saxlayırdı, sanki onu yenə qovacaqdılar, çəliyinin əlinin altında olmasını istəyirdi. İndi bu mənfur ermənilər özlərinə aid olmayan hər nə varsa, onları da yığışdırıb aparır. Azərbaycana, Kəlbəcərə məxsus maddi-mədəniyyət nümunələrini daşıyıb aparırlar. Buna “dayan, dur”  demək olmazmı? Əlavə 10 gün ona görə istədilər ki, Kəlbəcəri bir az da artıq daşısınlar.

Dünya isə hələ də onlara qahmar çıxır. İctimaiyyət nümayəndəsi kimi hesab edirəm, Mədəniyyət Nazirliyi aidiyyəti qurumlara bu vandallıqla bağlı müraciət etməli və Azərbaycana məxsus maddi-mədəniyyət nümunələrinin daşınmasının qarşısının alınmasına çağırış etməlidir.