Putin “nala-mıxa vurur” - Qarabağ Azərbaycanındır deyir, amma...

“Rusiya prezidentinin açıqlamasında müsbət yeniliklərlə yanaşı, mənfi yeniliklər də var”

“Müsbət hallar məlumdur: Putin Qarabağın hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə bildirdi”

“Mənfi məqam odur ki, Rusiya rəhbəri Qarabağ bölgəsinin gələcəyi barədə hansısa statusla bağlı fikirlər səsləndirir”


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibə verib. O bildirib ki, beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir". V.Putin qeyd edib ki, KTMT bu münaqişəyə müdaxilə edə bilməzdi. Çünki heç bir dövlət Ermənistana hücum etməyib. Rusiya prezidenti həmçinin söyləyib ki, Qarabağın yekun statusu nizamlanmayıb. Moskva status-kvonu saxlayır. Jurnalistin "Dağlıq Qarabağın statusu problemi varmı?" sualına Putin təsdiq cavabı verib:

"Bəli, belə problem mövcuddur. Qarabağın yekun statusu nizamlanmayıb, biz bugünkü status-kvonu, mövcud vəziyyəti saxlamaq barədə razılığa gəlmişik.

Sonra nə olacaq - bunu gələcəkdə, ya da gələcək rəhbərlər, bu prosesin gələcək iştirakçıları həll etməlidirlər.

Lakin, mənim fikrimcə, əgər normal həyat, Azərbaycan və Ermənistan, məişət səviyyəsində insanlar arasında, xüsusən də münaqişə zonasında, münasibətlərin bərpa olunması üçün şərait yaradılsa, bu Qarabağın statusunun müəyyən edilməsi üçün də şərait yaradacaq".

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya başçısının açıqlamasını “Sherg.az”a şərh edib. Onun sözlərinə görə, Rusiya prezidentinin  açıqlamasında müsbət yeniliklərlə yanaşı, mənfi yeniliklər də var:

“Müsbət hallar məlumdur: Putin Qarabağın hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə bildirdi. Amma mənfi məqamlar da var. Rusiya prezidenti Qarabağ bölgəsinin gələcəyi barədə hansısa statusla bağlı fikirlər səsləndirir. Hələlik bəlli deyil bu, siyasi status olacaq, yoxsa yox?”.

T.Zülfüqarov hesab edir ki, bütün bunlar siyasi proseslərdir. Lakin Azərbaycan öz mövqeyini müdafiə etmək üçün indiki vəziyyətdə daha çox imkanlara malikdir:

“Ona görə də danışıqların olacağını istisna etmirəm. Düşünürəm ki, bu danışıqlar da Bakıda olmalıdır. Çünki biz həm Rusiya, həm də Türkiyə nümayəndələri ilə sülhməramlı əməliyyatı və orada iştirak edən qüvvələrin mandatını qəbul etməliyik.

Yəni onlar hansı işlərlə məşğul olacaq və nə kimi məqsədləri qarşılarına qoyacaqlar?

Təəssüf ki, bu məsələ indiyə qədər açıq qalıb. Ona görə də məsələnin danışıqlar yolu ilə dəqiqləşdirilməsi çox vacibdir. Danışıqlar isə Bakıda olmalıdır. Sülhməramlı müşahidəçilərin missiyasını müəyyən edən mandatla bağlı müzakirələrin ölkəmizdə olması məntiqlidir.

Çünki söhbət Azərbaycan ərazisindən gedir”.