Makron təhlükəli sularda üzür ! - “Ərdoğan lazımi cavabı verəcək”

Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır. Bu barədə diplomatik mənbələrdən bildirilib. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunur. Bu proses Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür. Bu da Fransanın çirkin siyasətinin növbəti bariz təzahürüdür.

Məsələ barədə “Sherg.az”a danışan  siyasi analitik Rusif Məmmədsoyun sözlərinə görə, Fransa prezidenti Makron erməni xislətindən əl çəkmək niyyətində deyil:

“Ermənilərə yaxınlığı ilə tanınan E.İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub, marafonlar təşkil edib. Birbaşa Makronun partiyasının nəzarət etdiyi Paris şurası və departamenti qondarma Dağlıq Qarabağ rejimini tanımağa hazırlaşır. Paris şəhər şurası ölkənin ən önəmli siyasi və iqtisadi mərkəzinə, eyni zamanda, maliyyə mərkəzinə nəzərət edir. Paris meri Ann İdalgo erməni lobbisinə çox yaxındır və Sarkisyan ailəsilə yaxın dostluq əlaqələri var. İdalgo ermənilərdən daha çox ermənipərəstdir.

Bunun əsas səbəblərindən biri də Kəlbəcərdəki, Vejnəlidəki qızıl yataqlarıdır. Təbii ki, sadəcə bu da deyil. Makronun nüfuzu olduqca aşağıdır. Və o, çox gözəl başa düşür ki, Fransa prezidentidirsə,  istəsə də, istəməsə də erməni lobbisi ilə hesablaşmalıdır. 2001-ci ildə qondarma erməni soyqırımı parlamentə çıxarıldığı zamankı situasiyanı xatırlayın...”.

R.Məmmədsoy Fransa prezidentinin özünü doğrultmadığını düşünür: 

“Makronun hakimiyyətə gəlişi bir qədər fərqli olmuşdu. Belə ki, ona qədər hakimiyyətdə sağçı solçunu əvəz edirdisə, Makron buna son qoydu. Lakin zaman keçdikcə ona olan inam azaldı. Təsadüfi deyil ki, “sarı jiletli”lər üsyanı da məhz onun zamanında başladı. Bundan sonra bəzi Avropa ölkələrinə də siraət etdi.

Səbəb isə vergidə dəyişiklik və digər oxşar amillərlə bağlı idi. Uzun sözün qısası, gözləniləni edə bilmədi. Birləşmiş Ştatlarla da münasibətlərə zərər gətirdi.

Məhz Makron Trampın da iştirak etdiyi dünya müharibəsinin 100 illiyi ilə bağlı mərasimdə " Avropa Ordusu " ideyasını səsləndirmişdi. Doğrudur, o zaman Merkel də dəstək vermişdi. Bundan sonra təbii olaraq Tramp izah etdi ki, biz olmasaq Serbiya ilə bacara bilməzdin”.

 Analitikin fikrincə, Makronun belə radikal mövqeyi bizi narahat etməməlidir: 

“Bu, bizim üçün o qədər də əhəmiyyətli deyil. Əvvəla, ona görə ki, Fransanın hərəkətləri öncədən belə bir reaksiyanın ola bilməsi siqnalını verirdi. Bundan əlavə, bu, beynəlxalq hüquqa ziddir.

Təsəvvür edin ki, siz sülh  üçün yaradılan qurumda təmsil olunursunuz, hətta, üç əsas həmsədrdənsiniz və tərəflərdən birinin lehinə birmənalı qərarlar verirsiniz. Məncə, bu, bütün  sualların cavabıdır.

Azərbaycan tərəfi belə bir hal olarsa, həmin ölkə ilə bütün diplomatik əlaqələri kəsəcəyini demişdi.  Əgər bunu da gözardı edirsə, deməli, Makronu Fransa maraqlandırmır.

Beləliklə, prezident qarşısına sadəcə Azərbaycanı almır, eyni zamanda, separatizmlə mübarizə aparan İspaniya və digərləri ilə hesablaşmalı olur. Makron təhlükəli sularda üzür. Ərdoğan ona lazımi cavabı verəcək”.