“Putin səmimi deyil”


“Federasiya Şurası Putin ordusunu  Azərbaycan torpağına yerləşdirəndən sonra bu barədə icazə verirsə, hansı səmimiyyətdən söhbət gedə bilər?!”


“Azərbaycan onun suveren ərazisində birgə monitorinq mərkəzinin harada yerləşəcəyini özü müəyyən edəcək”.
“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya lideri Vladimir Putin deyib. “Birgə monitorinq mərkəzi Azərbaycanın suveren ərazisində yerləşəcək. Azərbaycanın müstəqil qərar vermək hüququ var. Haranı məqsədə uyğun bilsə, orada yerləşdiriləcək”, - deyə V.Putin bildirib.

O, əlavə edib ki, Rusiya-Türkiyə mərkəzi onlayn rejimdə Qarabağdakı vəziyyətə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək.
“Biz pilotsuz uçuş aparatlarından istifadə edəcək birgə mərkəz yaradacağımız barədə razılığa gəlmişik. Birlikdə bu təyyarələrin köməyi ilə təmas xətti boyunca vəziyyətə nəzarət edəcəyik, birlikdə məlumat alacağıq, birlikdə təhlil edəcəyik və buna görə hazırda həqiqətən baş verənlərdən nəticə çıxaracağıq”, - deyə Rusiya lideri bildirib.

Politoloq Sədrəddin Soltan Rusiya prezidentinin sözügedən açıqlamasını “Sherg.az”a şərh edib: 

“Putin bilir ki, Qarabağda erməni icmasının yaşadığı ərazi mübahisəlidir. Yəni Monitorinq Mərkəzi orada yerləşməz.

İkinci bir tərəfdən isə rəsmi Moskva bu bəyanatı ilə konkret məsələdə bütün məsuliyyəti Azərbaycanın boynuna yıxmaq istəyir. Amma, məncə, monitorinq mərkəzinin harada yerləşməsi həm də Rusiyanın maraqlarına uyğun olmalıdır.

Başqa sözlə desək, Monitorinq Mərkəzi Kremlin razılığı əsasında yerləşdiriləcək. Ümumiyyətlə, mən Putinin heç bir sözünə inanmıram.

O, səmimi deyil. Əgər federasiya şurası Putin ordusunu Qarabağa, Azərbaycan torpağına yerləşdirəndən sonra bu barədə icazə verirsə, hansı səmimiyyətdən söhbət gedə bilər?!”.