Girovun oğlu inanır:“Prezident atamı da əsarətdən xilas edəcək”

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyannamənin şərtlərindən biri də girovlar haqqındadır. Hazırda girov və əsirlərin geri qaytarılması gündəmdə olan əsas məsələlərdən biridir.
 Təbii hər kəsin ağlına 2014-cü ildən bu günə əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyev gəlir. Nəzərinizə çatdıraq ki, onlar Kəlbəcər rayonundakı ata-baba yurdlarını ziyarət edərkən Ermənistan Silahlı qüvvələri tərəfindən girov götürülüblər.

Bəs, görəsən indi necə olacaq? Dilqəm və Şahbaz Azərbaycana geri qaytarılacaqmı?

“Sherg.az”a atasının girovluq məsələsindən danışan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov 6 illik əsarətin sona çatacağına inandığını söyləyib:

“Bildirmək istəyirəm ki, atam Dilqəm Əsgərovu ermənilər Şuşa Qalasından oğurlayaraq Ermənistan ərazisinə aparıblar. Bir müddət Qorisdə saxlayıblar. Noyabr ayının 13-də Qorisdən çıxardaraq Şıraka aparıblar. İndi orda həbsxanada saxlanılır.

Noyabrın 13-də  Beynəlxalq Qızıl Xaç komitəsinin əməkdaşları atama baş çəkiblər,görüşüblər. Bizə verdikləri məlumata görə atamın səhhəti, vəziyyəti normaldır. Hətta atam məktub da yazıb. Onu da gətiriblər.

Məktubda qeyd edir: “Hamıya salam deyin, mənə görə narahat olmayın, hər şey qaydasındadır”.  Ümid edirik ki, yaxın zamanda əsirlik sona çatacaq.  Həm də hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın bəndlərində girovların dəyişdirilməsi məsələsi də var. Ona görə inanıram ki, atam Dilqəm Əsgərov tezliklə erməni girovluğundan azad ediləcək. Bu müstəvidə də Azərbaycan dövlətinin, Prezidentin uğurlu siyasətini həmişə dəstəkləyirik.

Cənab Ali Baş Komandana ümidimiz böyükdür. Necə ki, işğalda olan torpaqlarımızı azad etdi. Eləcə də atam Dilqəm Əsgərovu da erməni əsarətindən xilas edəcək”.