Əsgərə vətəndaş dəstəyinin nəyi pisdir, cənablar?! - Çəkişmə!

Elçin Alıoğlu: “Unutmayaq - əsgərin mükafatını vətəndaş yox, Vətən verir”

Natiq Cəfərli: “İmkanı olanlar əsgərlərə hansısa köməklik göstərirsə, bu, alqışlanmalıdır”

Tahir Kərimli:“Əsəgərlərimizə hədiyyələrin verilməsi ictimaiyyətdə də xoş təəsürat yaradır”


44 günlük hərbi əməliyyatlardan sonra İkinci Qarabağ müharibəsi sona çatdı. Ön və arxa cəbhədə xalqımızın möhtəşəm birliyinin şahidi olduq. Bu birlik özünü hər sahədə büruzə verdi. Maddi durumundan asılı olmayaraq əsgələrimiz üçün əlindən gələn yardımı edən vətəndaşları saysaq, bitməz. Kimisi aylıq gəlirini dəstək üçün ordumuza göndərdi, kimisi də maşın və digər bahalı hədiyyələrlə hərbçilərimizi sevindirdi. Təbii ki, bu təşəbbüsü təqdir edənlərlə yanaşı, pisləyənlər də oldu.  Son günlər sosial şəbəkələrdə məlum istiqamətdə müxtəlif müzakirələr aparılır. Bəziləri düşünür ki, hədiyyə istəmək əsgər əxlaqına, döyüş ruhuna uyğun gəlmir.

Tanınmış jurnalist Elçin Alıoğlu da məsələ ilə bağlı Feysbuk səhifəsində paylaşım edib:

“Kimi əsgərə maşın verir, kimi bahalı telefon alır, kimi başqa hədiyyəni ərmağan edir. Hissləri, istəkləri anlayıram.
Hədiyyə alanı da, hədiyyə verəni də başa düşməyə çalışıram.
Amma bütün bunlar yaxşıdırmı?
Birmənalı olaraq yox.
Fikirlərim ola bilsin xoşagəlməz təsir bağışlasın, lakin hərbçilərə, Vətən müdafiəçilərinə belə "prezent"lər Qarabağın Qurtuluş savaşının ucuzlaşdırılmasıdır.
Əsgərə hədiyyəni yalnız və yalnız Dövlət verə bilər.
Dövlət Vətəndir.
O Vətən ki, vətəndaşını ordu sıralarına çağırır, onu əsgər edir, xidmətlərini də dəyərləndirir.
Vətənin bu missiyasını fərdin öz üzərinə götürməsi ayrı-ayrı hallarda cəmiyyətdə xoş qarşılanan, pozitiv emosiyalar yaradan hadisə olsa da, sonradan acı nəticələr verə bilər.
Çünki kombatant psixologiyasına təkan verəcək.
Fəsadlar artıq var.
İş o yerə çatıb ki, cəbhə xəttinə yaxın mövqelərdən canlı yayıma çıxan əsgər efirdə "Telefon istəyirəm" deyir.

Sonradan "Maşın istəyirəm", "Bağ istəyirəm", "Yaxşı vəzifə istəyirəm" tələbləri olacaq.
Daha sonra isə hədiyyə almamış əsgərdə kiçik də olsa, narazılıq yaranacaq ki, niyə ona verilir, mənə yox – axı eyni döyüşlərdə, eyni səngərlərdə olmuşuq.
Həmin tələblər "Mən orada sizin üçün vuruşdum" sözləri ilə müşayiət edilə bilər.
Qarabağ savaşımızın sonuclarını, əsgərimizi qoruyaq.
 Əsgərlərimiz gəncdir, onların psixikası və davranış modelləri tam formalaşmayıb.
Onlar döyüşçülərdir, döyüşdə isə hər an emosiyaların yuxarı ekstremumudur, ölüm-dirim savaşıdır.
Anlayışla qarşılayaq.
Unutmayaq - əsgərin mükafatını vətəndaş yox, Vətən verir.
Ayrı-ayrı vətəndaşlarımızın şəxsi təşəbbüsü təqdirəlayiqdir.
Fəqət ki, belə təşəbbüslərin sosial şəbəkələrdə yayılması, tirajlanması gərək deyil.
Etməyək, lütfən...”.

Maraqlıdır, Vətən uğrunda bütün çətinlikləri ram edən, biz isti evimizdə rahat oturaq deyə torpaqlarımızı qoruyan hərbçilərə hədiyyə vermək niyə döyüş ruhuna zidd olsun ki?

Baş verənlərlə bağlı fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əslində dövlətin əsgərlərimizə göstərdiyi yardım da xalqın yardımdır, yəni verdiyimiz vergilər hesabına formalaşan büdcədir. İqtisadçının sözlərinə görə, şəhid ailələrinin mənzillə təminatı, kredit borclarının silinməsi kimi hallar doğru yoldur və belə də olmalıdır:

“Dövlət əlindən gələni edir. Lakin vətəndaşlardan imkanı olanlar əsgərlərə hansısa köməklik göstərirsə, bu, birmənalı şəkildə alqışlanmalıdır. Bizi qələbə ilə təmin edən, bizə zəfər sevincini yaşadanlar əsgərlərimizdir”.

N.Cəfərlinin fikrincə, vətəndaşlar əlindən gələni edirsə, burada qeyri-adi və yaxud yanlış nəsə yoxdur. Amma bu proses sistemli şəkildə olmalıdır:

“Məni narahat edən yeganə məsələ burada sistemsizliyin olmasıdır. Yəni dövlət və vətəndaşlar ayrı, iş adamları da başqa bir xətlə yardım edirlər. Sadəcə mərkəzləşdirilmiş və kordinə olunmuş bir işə ehtiyac var. Yardımın tək dövlətin üzərinə düşməsi düzgün deyil. Ola bilər ki, ictimai bir qurum və yaxud nəzarət mexanizmi yaradılsın. Burada medianın və toplumun iştirakı olsun. Amma yaradılan mərkəz dövlət qurumu kimi yox, yalnız vətəndaş təşəbbüsü kimi fəaliyyət göstərsin.

Bu, daha doğru olar. Onda kimsə diqqətdən kənarda qalmayacaq. Həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də iş adamlarının yardımı sistemli şəkildə həyata keçiriləcək. O zaman uğurlu nəticələr əldə etmək olar. İş adamlarının da öz məsuliyyəti və mövqeyi var. Təbii ki, onlar müxtəlif yardımlar ediblər. Bundan sonra yenə yardım etmək istəyirlərsə, kordinə edilmiş formada yardımlarını həyata keçirə bilərlər”.

Millət vəkili Tahir Kərimli qeyd edib ki, hər kəs dövlətimizin istər şəhid ailələri, istərsə də qazi və əsgərlərimizi yardımdan əsirgəməyəcəyini bilməlidir.
Deputat söyləyib ki, dövlət heç vaxt əsgər və zabitlərimizi köməksiz qoymayıb:

“Əsgərlərimiz bizim üçün çox dəyərlidir. Onlar Azərbaycanın şərəfini, torpaqlarımızın bütövlüyünü bərpa ediblər. Ona görə də hər cür mükafata layiqdirlər. Dövlətimiz də əsgərlərimizin qədrini bilir. Hələ çox əsgərlərimizin qəhrəmanlığından xəbərdar deyilik. Yavaş-yavaş bu qəhrəmanlıqlar üzə çıxacaq, onlar haqqında şeirlər yazılacaq, mahnılar bəstələnəcək. Amma o demək deyil ki, imkanlı şəxslər əsgərlərimizə kömək etməməlidir. Hər kəs gücü çatan köməkliyi edir, bunu kölgə altına salmaq olmaz”.

T.Kərimli vurğulayıb ki, əsəgərlərimizə hansısa hədiyyələrin verilməsi ictimaiyyətdə də xoş təəsürat yaradır:

“İmkanlı şəxslərin əsgərlərimizi mükafatlandırmasını birmənalı qarşılamamaq düzgün deyil. Dövlətimiz yenə də yardımlarını edəcək. Bəlkə də, əsgərlərimizin nəyəsə ehtiyacı olmayacaq. Amma imkanlı şəxslər əsgərlərə səmimi qəlbdən yardım edib, onlara qayğı göstərmək istəyirlər. Bunun nəyi pisdir ki? Hər birimiz əsgər və zabitlərə, şəhid ailələrinə dayaq durmalı, onların həyatını yüngülləşdirməliyik. Bu, vətəndaşlıq borcumuzdur. Kiminsə qıcıqlanmasına ehtiyac yoxdur!”.