Türk ordusu Azərbaycana gəlir: “Gözlənilən nəticə idi”

Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Layihə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında müzakirə olunaraq qəbul edilib. İclasa parlamentin sədr müavini Xalqların Demokratik Partiyasından (HDP) Nemətulla Ərdoğmuş rəhbərlik edib.
Qeyd edək ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi ilə bağlı qanun layihəsini ölkənin Prezident Administrasiyas hazırlayıb. Layihəyə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Deməli, Türkiyə hərbçilərinin Azərbaycanda, Qarabağda olmaması artıq müzakirə mövzusu deyil. Gələcəklər və ruslarla birlikdə sabitliyi qoruyacaqlar.

Millət vəkili Sevil Mikayılova Türkiyə parlamentində qəbul edilən qanun layihəsinin əhəmiyyəti barədə “Sherg.az”a danışıb:

“Bu məsələ dövlətlərarası münasibətlər zəminində əvvəlcədən razılaşdırılmış və protokol qaydalarına uyğun olaraq Böyük Millət Məclisində müzakirəyə çıxarılmışdır. Əlbəttə, müsbət qərar verilməsi çox yaxşıdır.

Bu, gözlənilən və arzu olunan nəticə idi. Beləliklə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı baxımından mühüm addım atıldı. İkinci bir tərəfdən noyabrın 10-da imzalanan kapitulyasiya sənədinin sonadək həyata keçirilməsindən ötrü sülhməramlıların bölgəyə yerləşdirilməsi, həmçinin monitorinq qrupunun yaradılması çox vacibdir.

Fikrimcə, bundan sonra Türkiyə və Rusiya tərəfləri məsələnin tam həll olunması naminə səylərini davam etdirəcəklər. Hərbçilər isə sabitliyi qoruyacaq, yarana biləcək toqquşmanın qarşısını alacaqlar.

Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli  vacibdir”.