Ordudakı boşluqlar doldurulur ! - “Düşmənlə məsələmiz hələ bitməyib”

Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan vətəndaşlar birbaşa kadr zabit heyətinə keçiriləcəklər. Bu, Prezident İlham Əliyevin  imzaladığı “ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Fərmanda dəyişiklik edilməsi haqqında” Fərmanda əksini tapıb.

Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.  

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Fərmanın əhəmiyyətini “Sherg.az”a qiymətləndirib: 

“Bilirik ki, qismən səfərbərlik zamanı hərbi vəzifəlilər və ehtiyatda olan zabit, gizirlər xidmətə cəlb edilirlər. Düşmənlə məsələmiz hələ tam həll olunmayıb, tam bitməyib.

Odur ki, ordunu komplektləşdirməyə zərurət var.

44 günlük döyüşlərdə itkilərimiz olub, müəyyən vəzifələrdə vakansiyalar var. İmzalanan sənədlə zabit və gizirlərin orduda qalması və boşluqların doldurulmasını təmin ediləcək”.