Solovyovun təhqirlərinin qarşısı alınmalıdır

"Onlar həqiqətən də intellektli biri olsaydılar, təhqir etmədən də öz sözlərini deyə bilərdilər"

Rusiyanın “Rossiya 1” televiziya kanalında yayımlanan “Vladimir Solovyov ilə Axşam” proqramı növbəti dəfə qalmaqallı çıxışlara səhnə olub. Azərbaycanın 44 günlük Vətən savaşı dövründə və ondan sonrakı müddətdə mütəmadi olaraq qərəzli mövqeyi ilə seçilən və jurnalist etikasına sığmayan şərhlərə yer verən, türk düşməni, islam əleyhdarı mövqeyindən çıxış edən Vladimir Solovyov bu dəfə daha da irəli gedib. Heç bir qırmızı xətti və sərhədi olmayan Solovyov verilişinə qonaq qismində özü qədər Azərbaycan və Türkiyəyə nifrət saçan “Həqiqət Uğrunda” partiyasının üzvü Sergey Mixeevi dəvət edib. Türkiyə mövzusunda debat zamanı Mixeev  həm Türkiyə, həm də Azərbaycan haqqında xoşagəlməz ifadələr işlədib.

Siyasi-şərhçi Azər Həsrət  "Şərq"ə açıqlamasında bildirib ki, rəsmi kanalda açıq-aşkar təhqiramiz ifadələr işlətmək jurnalist etikasının kobud şəkildə pozulmasıdır. Ekspert bildirib ki, təəssüf ki, Solovyov və ona bənzər subyektlərin bu etikadan istədikləri kimi sui-istifadə halları hər keçən gün artmaqdadır:

"Adətən siyasi təbliğatla məşğul olanlar çalışırlar ki, tərəflərini gizlədərək bunu etsinlər. Amma Solovyov və onun qonaqları bunu açıq şəkildə edir.

Bu, konkret olaraq ermənilərin dəyirmanına su tökən, yaxud da birbaşa ermənilərə işləyən, özünü onlara təslim etmiş bir alətdir.

Onlar həqiqətən də bacarıqlı və intellektli biri olsaydılar, təhqir etmədən də öz sözlərini deyə bilərdilər. Lakin onlar bunu bacarmır".