Ərazilərin minalardan təmizlənməsi illərlə davam edəcək

"Ərazi nəzarət altına götürüləndən sonra insanları ora buraxacaqlar"

Rusiya sülhməramlıları Laçın dəhlizini və Xankəndinə qədər yolu minalardan tam təmizləyib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib. Konaşenkov qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin mühəndis bölmələri Laçın dəhlizini və Xankəndinə qədər yolu minalardan, partlayış təhlükəsi olan əşyalardan, vurulmuş və zədələnmiş texnikadan tam təmizləyib. Artıq Laçın dəhlizi mülki nəqliyyat vasitələrinin tam təhlükəsiz hərəkəti üçün açılıb. Məlumdur ki, erməni işğalından azad edilmiş Azərbaycanın digər ərazilərində də minalardan təmizlənmə prosesi gedir.

Torpaqlarımızda normal yaşayışın bərpa olunması və bütün zəruri infrastrukturların yenidən qurulması üçün ərazi qarış-qarşı minalardan, partlama ehtimalı olan digər hərbi vasitələrdən təmizlənməlidir. Mütəxəssislərin fikrincə, ərazilərin ümumən təhlükəsiz hala gətirilməsini qısa müddətdə reallaşdırmaq mümkün olsa da, torpaqların minalardan tam təmizlənməsi illərlə davam edə bilər. 

Hərbi ekspert Azad İsazadə “Şərq”ə açıqlamasında deyib ki, istənilən ərazini hərbi sursatlardan təmizləmək üçün vəziyyəti ümumi qiymətləndirmək lazımdır.

Onun sözlərinə görə, 27 sentyabra qədər cəbhə boyu ərazilərdə minaların sayı daha çox idi, amma torpaqlarımız işğaldan tədricən azad olunduqca, ordumuzun irəlilədiyi bölgələr minalardan təmizləndi: “Əlbəttə, geniş cəbhə boyu ərazilərdə minalar, digər sursatlar qalmaqdadır və onların hamısı təmizlənməlidir.

Birinci Qarabağ müharibəsi zamanından da çoxsaylı yerlərdə köhnə minalar qalmaqdadır. Eyni zamanda döyüş zamanı istifadə edilsə də, müəyyən səbəblərdən partlamamış hərbi sursatlar var. Yəni üç istiqamətdə iş aparılmalı və bütün hərbi vasitələr zərərsizləşdirilməlidir. Azərbaycanda belə təcrübə var. 1994-cü ildə Füzulinin Ağoğlan qəsəbəsi və 20-yə yaxın kəndi azad olunandan sonra uzun müddət ərazinin minalardan təmizlənməsi davam etdi. Bu işi həyata keçirən qurum ANAMA-dır. Sözsüz ki, yerli kadrlarımız da həmin işə cəlb olunur”.  

A.İsazadənin fikrincə, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi illərlə davam edəcək:

“Bu, o demək deyil ki, əhali öz torpaqlarına qayıda bilməz və yaxud illərlə gözləməlidir. İlk növbədə yaşayış məntəqələri, onların ətrafları və yollar qısa müddət ərzində minalardan təmizlənəcək. Ərazi nəzarət altına götürüləndən sonra insanları ora buraxacaqlar və ümumi təmizləmə işi bundan sonra da davam edəcək. Proses elədir ki, konkret vaxt müəyyən etmək olmur. Çünki ərazilərimizdəki minaların sayı bilinmir. ANAMA 1994-cü ildən bu yana təmizləmə işi aparır və hələ də müəyyən partlayışların şahidi oluruq. İkinci Dünya müharibəsinin bitməsindən 75 il keçsə də, yenə müxtəlif yerlərdə partlamamış silah-sursat üzə çıxır”.