Araşdırmalar Mərkəzinin rəhbəri təklif verib

Şəhid, qazi və əsgər ailələrinə yardım üçün ayrıca dəstək fondu yaradılmalıdır

“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı şəhid və qazilərlə bağlı təkliflə çıxış edib. Ekspert vurğulayıb ki, şəhid, qazi və əsgər ailələrinə yardım üçün ayrıca dəstək fondu yaradılmalıdır və bu fonddan şəhid ailələrinə müəyyən müddət ərzində aylıq müavinət ödənməlidir.

Həmçinin, A.Aslanlı hesab edir ki, qazi ailələrinə müharibə veteranının əmək qabiliyyətini itirmə dərəcəsinə müvafiq olaraq müavinət təyin edilməli, qazi və ya onun həyat yoldaşı yaşadığı müddətcə bu pul ailəyə verilməlidir:

“Müharibədə iştirak etmiş əsgərlərin hər birinə müəyyənləşdirilmiş miqdarda vəsait ödənilməsi yaxşı olar. Fondun büdcəsi ilkin olaraq dövlətin ayırdığı vəsait hesabına formalaşdırılmalıdır.

Bundan əlavə hər kəsin aylıq gəlirindən məcburi qaydada fond üçün vəsait tutula bilər. Əlbəttə, dövlət bunu öz vəsaiti hesabına da edə bilər.

Amma bu, ümummilli məsələ olmalıdır, hamı həmrəyliyi hiss etməli, həyatında yaşamalıdır. Daha artığını etmək istəyənlərə isə könüllü şəkildə, amma mütləq anonim qaydada və reklama çevirmədən yardım etmək imkanı yaradılmalıdır”.