Şərq çinarları ilə başladıq

İşğaldan azad olunan torpaqlarda bizi böyük işlər gözləyir

İki böyük su anbarı artıq istifadəmizdədir, taxıl istehsalını 4 milyon tonadək artıra bilərik


İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlanılıb. Cənab Prezidentin dediyi kimi, biz ərazilərimizi bərpa edəcəyik, tikəcəyik, erməni vəhşiliyinin qurbanı olan torpaqlarımızı canlandıracağıq. 
Azad edilən bölgələrdə ilkin dövlət strukturları fəaliyyət göstərir. Polis şöbələri, dövlət təhlükəsizlik orqanları, Fövqəladə Hallar Nazirliyinin struktur bölmələri iş başındadır. Tezliklə torpaqların yararlı hala salınması prosesi də başlayacaq. Bunun təzahürləri artıq görünməkdədi.    
Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili işlər, Müdafiə nazirlikləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar, əsasən də Şərq çinarları əkilir.

“Ötən həftə Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də Şərq çinarları əkilib və palıd toxumları səpilib”.
Məlumdur ki, Zəngilan rayonu ərazisində 1974-cü ildən Bəsitçay dövlət təbiət qoruğu yaradılmışdı. Qoruğun yaradılmasında məqsəd nadir Şərq çinarının qorunub saxlanılması idi. Qoruq 107 hektar ərazini, çinarlıq isə bu ərazinin 93,5 faizini təşkil edirdi. Çinar ağaclarının orta yaşı 170 ildir. Lakin qoruq ərazisində əsl nəhəng çinarlara - yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4 m qədər olan ağaclar da olub. Şərq çinarı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdi.

Lakin nankor qonşularımız Zəngilanı işğal etdikdə Bəsitçay dövlət təbiət qoruğu da digər maddi-mədəniyyət nümunələri kimi ermənilər tərəfindən məhv edildi. Ermənilər bu qoruğu tamamilə dağıtdılar. 200 illik tarixə malik çinar ağacları qəddarcasına kökündən çıxarılaraq məişətdə istifadə edildi.

Erməni vandallığı necə ki, indi özünü Kəlbəcər meşələrinin yandırılmasında, ağacların kəsilib daşınmasında göstərir, 28 il ərzində Zəngilan meşələri, çinarlar da eynilə bu cür məhv edildi. Amma! Torpağın əsl sahibləri geri qayıdır! Zəngilanın çinarlarına qovuşacağı zaman uzaqda deyil. Çinarlar uzaqbaşı 5-10 ilə böyüyüb düşmənə uzaqdan göz dağı verəcək. Həmçinin, işğaldan azad edilmiş bütün torpaqlarımızda böyük bərpa işləri aparılacaq. 

Fəlsəfə elmləri doktoru, kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı “Şərq”ə açıqlamasında bildirdi ki, ərazilərimizin işğaldan azad edilməsi ümumilikdə Azərbaycan iqtisadiyyatının potensialını dəfələrlə artıracaq: 

- İşğaldan azad olunmuş ərazilərimizin, ümumilikdə bütün təbii sərvətlərinin kənd təsərrüfatında tam istifadəsinə şərait yaradılacaq. Bilirik ki, 30 ilə yaxın bir müddətdə erməni işğalında qalmış torpaqlarımız məhsuldar torpaqlardır. Həmin ərazilərdə kənd təsərrüfatı strukturları vardı, su, meşə ehtiyatları, təbii sərvətlərlə zəngin idi. 30 ilə yaxın erməni vəhşiləri təbii sərvətləri talan etdilər, təbiətə müharibə elan etdilər. Amma erməni vəhşiliyinin sonu gəldi. Müzəffər Azərbaycan Ordusu bu vəhşiliyə son qoydu.

Soruşursunuz, nədən başlamalıyıq? Birinci növbədə təbii ehtiyatların inventarizasiyası – qiymətləndirilməsi aparılmalıdır. Bilməliyik ki, təbii sərvətlərimiz hansı vəziyyətdədir. Meşə örtüyünə nə qədər ziyan dəyib, torpaq hansı haldadır. Çünki illərlə o torpaqlarda əkin-biçin aparılmayıb.

Torpağı alaq basıb. Bundan əlavə, torpağa basdırılmış mərmilər, minalar var. Həmçinin də mərmi qalıqları. Dövlətimiz bu işləri görəcək. Gərək bu işlər düzgün, effektiv aparılsın ki, nəticə əldə edilsin. Hansı istiqamətdə işlərin həyata keçirilməli olduğu aydınlaşsın.

Torpaqlar, əkin sahələri bərpa edilməlidir. Yay və qış otlaqlarımız olub. Onlar da bərpa edilməlidir, heyvandarlığın inkişafı məqsədilə. İşğaldan öncə əsasən Kəlbəcər, Laçın rayonu əraziləri yay və qış otlaqları idi.

Bu ərazilər işğal olunduqda əsas ağırlıq cənuba – Talış zonası, Lənkəran tərəfə düşdü. Eyni ərazi uzun müddət istifadə edildikdə torpaq da keyfiyyətini itirir. İndi isə geniş otlaq sahələrimizi azad etmişik. Bu da heyvandarlığın inkişafına böyük fayda verəcək. Su ehtiyatlarımız da artıb; Sərsəng su anbarı, Suqovuşan əkin sahələrinin suvarılmasında çox böyük dəstək olacaq. Mənfur qonşular bu su anbarlarının suyunu da bizə vermirdi.

Nə zaman lazım deyildi, onda açıb buraxırdılar, lazım olanda isə suyu kəsirdilər, əkin sahələri susuzluqdan yanırdı. Bu iki su anbarı təxminən 300 min hektar ərazidə torpağın suvarılmasına imkan verəcək. O torpaqlar taxıl əkini üçün çox səmərəlidi. Biz taxıl istehsalını 4 milyon tonadək artıra bilərik. Eləcə də pambıq istehsalını yüzdə-otuz artırmaq mümkün olacaq. Qarabağ torpaqları taxılçılıq, pambıqçılıq, üzümçülük üçün çox əlverişlidir. Amma əlbəttə ki, ilk növbədə torpağın dirçəldilməsi lazımdı. Bunun üçün də müvafiq işlər görüləcək. Meşə zolaqlarının canlandırılmasına artıq başlanılıb. Ağaclar əkilir.

Q.Bayramlı qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə aqrosənaye komplekslərinin yaradılması da vacibdir: 

- Yaxşı olar ki, bu işlər qardaş Türkiyənin köməkliyi ilə aparılsın, çünki onların bu sahədə təcrübələri var. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı, saxlanması, istehlakçıya çatdırılması, fermer təsərrüfatları, şəxsi təsərrüfatlar, mineral gübrə istehsalı, yeyinti, yüngül sənaye kompleksləri, onlar üçün xammal hazırlanması, bütün bunlar qarşıda bizi gözləyən böyük işlərdir. Son illərdə Azərbaycan bu sahələr üzrə xeyli inkişaf edib. Lakin Türkiyənin təcrübəsi daha böyükdür.