Ancaq Allaha yalvarmaq qalıb...

Şəhəri su basır, qurumlar isə günahı bir-birinin üzərinə atır

"Yenə də eyni izahlar, eyni səbəblər: yağış çox yağdı, “bir illik norma bir günə düşdü”, kollektorlar suyu ötürə bilmədi"

Paytaxtımızın yağış qarşısında təslimçiliyinə hələ nə qədər dözəcəyik, bilinmir. 
Cəbhədə ermənilərin başını əzdik, bircə bu yağışla bacara bilmədik. Bakı küçələri, yollar, həyətlər, prospektlər su ilə dolub daşdı. Sərnişinlər yollarda, sakinlər evlərində yağışın əsarətində qaldı. Paytaxtda nə qədər həyətləri su basdığı, Fövqəladə Halların əməkdaşlarının nə qədər sakini yağış mühasirəsindən xilas etdiyi 2 gündür danışılır, məlumatlar, videolar, fotolar sosial şəbəkələrdə paylaşılır. \

Yenə də eyni izahlar, eyni səbəblər: yağış çox yağdı, “bir illik norma bir günə düşdü”, kollektorlar suyu ötürə bilmədi! İndi nə demək istəyirsiniz? Daim belə olacaq? Gərək əlimizi göyə açıb Allaha yalvaraq ki, yağış yağdırma?!

Yaranmış vəziyyətə dair əsaslı, tutarlı səbəblər olmalıdır. Var, heç şübhəsiz. Lakin əlaqədar strukturlar yenə “başdangetdi” açıqlamalarla yağışlı havanı, onunla birlikdə də yağış sularına qərq olan sakinləri yola vermək istəyirlər. 

“Azərsu” “pik” rejimdə işləyibsə... 
   
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin müxtəlif yerlərində su yığıntılarının müşahidə olunması məsələsinə münasibət bildirib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, noyabrın 16-da, səhər saatlarından Abşeron yarımadasına yağan yağıntılar ASC-nin mövcud kanalizasiya infrastrukturu, toplayıcı, daşıyıcı su xətləri fasiləsiz olaraq, pik rejimdə işləyib:
“Eyni zamanda, qurumun müvafiq strukturları da gücləndirilmiş iş rejiminə keçib. İntensiv yağıntılar daha çox Nizami rayonunun – Babək prospektinin bəzi ərazilərində, Xətai rayonunun – Nobel prospektinin bəzi hissələrində, Sabunçu rayonunun Bakıxanov, Qaraçuxur qəsəbəsində və Suraxanı rayonlarında, eləcə də, Xırdalan şəhərində bəzi yollarda su yığıntıları müşahidə olunub.
Yağıntının intensivliyi nəticəsində relyefi hündür olan ərazilərdə toplanan suların çökək ərazilərə axıb toplanması baş verib və mövcud sistemlərin gücü böyük həcmdə suyu eyni anda daşımağa imkan verməyib”.
“Balansımızda olan yağış barmaqlıqları, kollektorlar tam işlək vəziyyətdə olub və səth sularının əksəriyyəti daşıyıb. Yağışın intensivliyi azaldıqdan sonra yollarda olan sular tam çəkilib”, – deyə o qeyd edib. 

Bəs, icra olunan layihələrin nəticəsi?  

Qısa xatırlatma edək. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsinə bir neçə il öncə başladı. Söhbət 2017-ci ildən gedir. Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrıldı.
Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulurdu. “Azərsu”nun məlumatında qeyd edilir ki, icra olunan layihələr bunlardır: Ziya Bünyadov prospekti, Nərimanov rayonu Əliyar Əliyev küçəsi, Binəqədi şosesi, Yasamal rayonu Dadaş Bünyadzadə, Əhməd Cəmil küçələri, Sabunçu rayonu ərazisi, Sabunçu rayonu “Şuşa” şəhərciyi ərazisi, Ramana Südçülük Sovxozunun ərazisi, Xətai rayonu Yusif Səfərov, Kazımağa Kərimov küçələri boyunca yağış suları kollektorunun tikintisi, həmçinin Məhəmmədi gölü,  Taşağıl və Böyükşor gölünün su səviyyəsinin tənzimlənməsi və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi. Təsəvvür edin, bu layihələrin hamısı icra olunubsa, o zaman niyə yağış suları yığılıb qalır hələ də. Konkret, Yasamal rayonu ərazisində nə avtomobillər hərəkət edə bilirdi, nə piyadalar. Elə bütün Bakıda vəziyyət acınacaqlı idi. 

“Mənim işim deyil” deyən qurumlar 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, yağış kollektorları və kanalizasiya xətlərinin tikintisinə dövlət büdcəsindən 2005-2010-cu illər üçün təxminən 95 milyon manat vəsait ayrılıb. Bu vəsait hara və necə xərclənib? 

“Biz ümumiyyətlə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinə dair  monitorinq aparmışıq. Yaxın günlərdə nəticələr açıqlanacaq. Monitorinq zamanı vəsaitlərin şəffaf istifadə edilmədiyi üzə çıxdı. Dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarət zəifdir. Biz bu məsələni qaldıracağıq” söyləyən M.Qəhrəmanlı yol tikintisində də qaydalara əməl olunmadığını bildirdi: 

- Bu məsələlərin hamısı bir-birilə əlaqəlidir. Su-kanalizasiya sistemi bərbad vəziyyətdədir. Binalar tikilir, amma kanalizasiya sistemi yoxdur. Necə ki, qazlaşdırma sistemi bərbad halda idi, zirzəmilərə qaz dolurdu, eləcə də kanalizasiya sistemidir. Halbuki, su təchizatı, kanalizasiya sisteminin yenidən qurulması üçün böyük həcmdə maliyyə ayrılır, kreditlər verilir, amma ortada müsbət nəticə yoxdur.

Şəhərdə çox yerlərdə kanalizasiya qapaqları götürülüb. Ya da üstü bağlanıb. Yol salınır, asfalt çəkilir, yağış sularının axması üçün kollektor da “yaddan çıxır”, yağış barmaqlıqları da. Ya da mövcud olanlar işlək vəziyyətə gətirilmir. Yeni çəkilmiş asfalt, yeni salınmış yol, bir də görürsən qazıldı, məlum olur ki, kanalizasiya xətti çəkilir. “İntensiv yağış yağdı, yağıntının miqdarı çox oldu”, bunlar hamısı yalandır, boş bəhanələrdir. Birinci dəfə deyil, Bakıya yağış yağır. Elə bil yağış görməmişik!

O zaman kollektorların yağış suyunu ötürməyə gücü çatmaz, nə zaman ki, yağış tufanla, sellə müşahidə olunar. Burada isə adi, payız fəslinə uyğun yağıntıdır. Deməli, yağış çox yağacaqsa şəhəri su basmalıdır! Xeyr. Şəhərdə aparılan hər bir tikinti üçün smeta tutulanda, layihə sənədləri, çertyojlar hazırlananda ən yüksək tutuma hesablanmalı, gözlənilməz situasiyalar nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, Bakıda əhalinin sayı getdikcə artır, yaşayış massivləri çoxalır, bunların kanalizasiya suyu harasa axmalıdır, daha küçələrdə, yollarda, səkilərdə toplaşıb qalmamalıdır.

Bu məsələlərə 3 qurum – Meliorasiya və su Təsərrüfatı ASC, “Azərsu” və “Azəravtoyol” ASC-ləri cavabdehdir. Bu qurumlar da günahı bir-birinin üzərinə atır. Şəhəri isə su basır.