ATƏT-in Minsk qrupu "ofsayt"dadır

Qırx dörd gün davam edən və zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və diplomatik gücünü bariz şəkildə ortaya qoydu. İndi çoxlarını düşündürən əsas məsələ ATƏT- in Minsk qrupunun taleyinin necə olacağıdır. Fransa, Rusiya və ABŞ üçlüyünün ötən illərdəki "fəaliyyəti" hər kəsə məlumdur. Üzləri ağ olsun, fəaliyyətsizliklərilə fərqləndilər. Müharibə dövründəki reaksiyalarını da gördük; ABŞ- ın başı özünə, daha doğrusu, daxili siyasətinə qarışmışdı. Və bununla əlaqədar olaraq ara- sıra verdiyi bəyanatlarda neytral görünməyə çalışırdı. Rusiya ilk günlərdən etibarən hər vəchlə özünü regionun "ağası" kimi aparmağa cəhd edir və "baş hakim" rolunu oynamaq istəyirdi. Əslində futbol matçlarındakı bəzi baş hakimlərdən heç də geri qalmırdı. Elə hey o tərəf- bu tərəfə qaçsa da, ən kritik məqamda ya "sarı vərəqə göstərərək" hadisələrin inkişafının qabağını alır, ya da "fit çalaraq" tərəfləri, yenə futbol dililə desək, "sentr"ə, yəni mərkəzə dəvət edirdi.

Əlbəttə, bu, qalib Azərbaycana qarşı haqsızlıq olmaqla yanaşı, həm də məğlub Ermənistanın gerçəkləşməsi üçün gecə- gündüz əl açıb, dua etdiyi arzusu idi. Amma rəsmi Moskvanın bundan sonra daha diqqətli olacağı, "kor xəlifə"lik etməyəcəyi aydındır. Çünki Türkiyənin "qırmızı vərəq"indən narahatdır. Düzdür, ayı ilə assosiasiya edilən Kremli tamamilə "oyundankənar" vəziyyətə salmaq çox çətin, bəlkə də, mümkünsüzdür.

Amma hər halda rəsmi Ankara şimal qonşumuzun "əl- qolunu" xeyli bağlayıb. Deməyim odur ki, Rusiya nə qədər belə fon yaratmağa çalışsa da, vasitəçilik missiyasını yerinə yetirmirdi.

Fransa isə, bütün "oyun" ərzində ən radikal tərəf olacağına dair sanki and içmişdi. Digər iki həmsədrdən fərqli olaraq, rəsmi Paris "kartları gizlətmirdi". Bəyanatlar arasında ziddiyət yox idi.

Ailəsinin ən kiçik üzvü olan Fransa prezidenti Emmanuel Makron sözdə də, əməldə də işğalçını dəstəkləyirdi. Özü də ilk günden son günədək. Müsəlmanlər əleyhinə dəfələrlə səslənən açıqlamalar dediyimiz fikrin ən yaxşı nümunəsidir.

Hər üç dövlətin mövqeyini bir neçə cümlə ilə yada saldıq. İndi düşünün: 44 gündə bunları edən otuz ilə yaxın müddət ərzində nələr etməz? Vallah, samanın təkcə altından yox, üstündən də su yeridər. Amma olan özlərinə oldu. İndi nə qədər çabalasalar da, hər biri həmsədr ölkə kimi etibarını, etimadını çoxdan itirib. Bəli, indi inamı bərpa etməyə, vasitəçi kimi yenidən fəaliyyətə başlamağa çalışırlar.

Qoy, çalışsınlar. Heç olmasa, bu məqsədlə özlərinə bir az əziyyət versinlər. Həm də "məsələni həll edəcəm" vədi ilə "işə gedirəm" deyib, boğazına qalstuk bağlayıb, əlinə içiboş bir diplomat alıb o tərəf- bu tərəfə uçub, yeyib- içib, geri qayıdandan sonra da növbəti səfərədək yatmaqla deyil e. Ya da, ola bilsin, mən səhv bilirəm- vasitəçilərin işi məhz bundan ibarətdir.

Elə isə, otursunlar evlərində, mənasız (!) təmasları, görüşləri dayandırsınlar. Koronavirus pandemiyası hələ bitməyib. Əksinə, yoluxanların sayı günü- gündən artır. İllərdir "fəaliyyət göstərirlər", yaşları da o yaş deyil, Allah eləməmiş, sonra yoluxub eləsələr, məsuliyyəti bizim boynumuza atmasınlar. Eyni zamanda həmsədrlərin fəaliyyətləri faktiki olaraq bitsə də, bizim hələ onlarla işimiz var. Gözləri görə- görə, qulaqları eşidə- eşidə "final fiti"ni səsləndirəcək, son sözü deyəcəyik.

  Əlqərəz, bundan sonra Minsk qrupu yoxdur. Olmayacaq da. Necə deyərlər, qarı düşmən dost olmaz...