Rusiya ikili oynayır ! – Həmsədrləri yenidən “meydan”a buraxmaq istəyir

“Putinin təşəbbüsü Türkiyənin bu iki dövlət vasitəsilə bölgədəki fəallığını azaltmaq məqsədi daşıyır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağda vəziyyətin həlli üçün səylərin əlaqələndirilməsi məsələsini müzakirə edib. Bu barədə Rusiya XİN-in məlumatında deyilir. Görüşdə İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.


Rusiya XİN-in məlumatında deyilir: “Müşavirə zamanı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağ və ətrafındakı vəziyyət müzakirə olunub. Hər üç ölkənin gələcək vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib”.
Hərbi əməliyyatların başa çatdığı, Ermənistanın məğlub olduğu bir vaxtda illərdir səriştəsizlik göstərən Minsk qrupu daha nəyi müzakirə edəcək?

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu baş verənlərlə bağlı fikrilərini “Sherg.az”la bölüşüb.
Analitikin fikrincə, Rusiya hakimiyyəti ikili oynayır:

“Kreml sahibi Vladimir Putin  bir tərəfdən deyib ki, Dağlıq Qarabağın statusunun müzakirəsində digər iki həmsədr-ABŞ və Fransanın fəallığının artmasını arzulayır. Yəni bu əməkdaşlıqdan razıdır. Digər tərəfdən Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qarabağ münaqişəsi ilə bağlı Qərb ölkələrini bu sözlərlə ittiham edib: “Qərb Qarabağ razılaşmasını pozmaq üçün erməni və azərbaycanlı millətçiləri qızışdırır. ABŞ və müttəfiqləri erməni və Azərbaycan xalqarı arasında nifaq salmağa çalışır”. Narışkinin digər fikri də maraqlıdır:

“Qərb ölkələrinin rəsmiləri ermənilərə deyirlər ki, “sona qədər müharibəni aparmalı idiniz”. Azərbaycanlılara isə əksinə bildirirlər ki, “Kreml sizin qələbənizi oğurladı, Stepanakertin bir addımlığındaydız”. İki sual yaranır. Birinci sual: Putinlə Narışkinin yanaşmasındakı fərq nə ilə bağlıdır? Putinin Qarabağla bağlı Amerika və Fransaya etirazı yoxdur, Narışkin isə hər iki dövlətə qarşı ciddi ittihamlar irəli sürür. Görünür, Putin özünü daha dözümlü göstərməyə çalışır və demək istəyir ki, Vaşinqton və Parisin Rusiyaya qarşı müxtəlif sanksiyalarına baxmayaraq, Dağlıq Qarabağın statusunun müəyyənləşməsində onlarla əməkdaşlıq etməyə hazırdır. Putin üçün əsas sülhməramlılarını Azərbaycanda yerləşdirmək idi, ona da nail oldu”.

E.Şahinoğlu qeyd edib ki, Putinin Dağlıq Qarabağın status məsələsini Amerika və Fransa ilə birgə müzakirə etməyə hazır olması onun Türkiyənin bu iki dövlət vasitəsilə bölgədəki fəallığını azaltmaq məqsədi daşıyır:

“Yəni Putin Türkiyəyə qarşı özünün edə bilmədiyini başqalarının əli ilə həyata keçirməyə çalışır. Buna baxmayaraq, Putin Vaşinqton və Parisin təxribatlarını ölkəsinin baş kəşfiyyatçısı Narışkinin dili ilə səsləndirir.

Bu dəfə isə Putin Narışkinin açıqlaması vasitəsilə Vaşinqton və Parisi Rusiyaya qarşı “pis əməllərdən” çəkindirməyə çalışır.

İkinci sual: Narışkinin “Qərb ölkələrinin rəsmiləri azərbaycanlılara deyirlər ki, “Kreml sizin qələbənizi oğurladı, Stepanakertin bir addımlığındaydız” ifadəsi nə dərəcədə həqiqətə uyğundur?”.

Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyətinin Fransaya bağlılığı məlumdur, Amerika ilə də sıx əlaqələr qurmağa çalışıblar:

“Yəni Vaşinqton və ya Paris Paşinyanı qızışdıra bilər. Ancaq Vaşinqton və Paris rəsmi Bakını niyə qıcıqlandırsın ki? Tam əksinə, Vaşinqton və Paris müharibənin ilk günündən bizə mane olmağa çalışırdılar, indi də Azərbaycana qarşı təxribatlarından əl çəkməyiblər.

Ona görə də Qərb ölkələrinin rəsmilərinin “bizə sona qədər getməli idiniz” deməsi inandırıcı deyil. Narışkin sadəcə həmişəki kimi Ermənistanla Azərbaycan arasında balans yaratmağa çalışıb. Yəni Qərb ölkələri həm erməni, həm də guya azərbaycanlı millətçilərə müraciət ediblər”.