Təklif dəstəkləndi: “Şuşada Aqarunovun adına küçə verilsin"

Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) prezidenti German Zaxaryayev tankçı, Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun xatirəsinin Şuşada əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib. O, bildirib ki, qəhrəmanların şərəfinə küçələrin adlandırılması yüzil bundan əvvəl yaranan ənənədir. G.Zaxaryayev “Facebook” hesabında belə yazıb: “Bu ənənə sayəsində xalqın qəhrəman oğul və qızlarının adları həmişə dillərdə olub. Onların xatirəsi yaşayır, gənc nəslin nümayəndələri də onların adını çəkir.

Bu gün biz bütün Azərbaycan xalqı ilə birgə onun qələbəsinə, əzəli torpaqlarının geri qaytarılmasına sevinirik. Lakin bununla belə, 30 ilə yaxın davam edən münaqişənin bütün tarixini unutmamalıyıq.

Tankçı Albert Aqarunov Qarabağ xanlığının incisi, yalnız indi qanuni sahiblərinə qayıdan Şuşa yaxınlığında gedən döyüşlərdə həlak olub. Fikrimcə, bu şəhərin küçələrindən birinə Albert Aqarunovun adı verilsəydi, bu, ədalətli addım olar. Xalq öz qəhrəmanını daim xatırlayar”.



Sözügedən təklifi dəstəklədiyini deyən AVCİYA-nın vitse-prezidenti, tarix elmi elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı “Sherg.az”a bildirib ki, Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanı, hər birimizin fəxri olan bir şəxsdir.

M.Zülfüqarlı qeyd edib ki, A.Aqarunov milli ordumuzun yeni qurulduğu dövrdə könüllü olaraq tank briqadasına yazılıb və düşmənin hədəflərinə çatmaması üçün şücaət göstərib:

“Şuşada A.Aqarunovun adına küçə verilməsi mütləq lazımdır. Çünki o, Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. A.Aqarunovu nəinki Azərbaycan, bütün dünya tanıyır.

Onun Bakıda böyük abidəsi də ucalıb. Qubada Qırmızı qəsəbədə barelyefi qoyulub, oxuduğu məktəbdə büstü ucadılıb. Yəni xalqımız öz qəhrəmanına hər zaman dəyər verib. Eyni zamanda onun şərəfində idman yarışları keçirilib, bukletlər çap olunub”.

AVCİYA-nın vitse-prezidenti Milli Qəhrəmanın onun həyatında da böyük rol oynadığını etiraf edib:

“Bizdən tələb edirdilər ki, dissertasiya müdafiə etmək üçün mütləq xarici ölkədə məqalə dərc etdirmək lazımdır. Polşada onunla bağlı bir məqaləm çıxdı. Məqalədə onun şəkli Azərbaycan bayraqları ilə birgə verilmişdi.

O, Azərbaycan-İsrail əlaqələrinin güclənməsində də mühüm rol oynayır. 44 günlük müharibədə İsrailin Azərbaycanın müttəfiqi kimi çıxış etməsi, beynəlxalq aləmdə ölkəmizin haqq işinə dəstək verməsi məhz A. Aqarunov kimi qəhrəmanlarımız sayəsindədir.

Ona görə də G. Zaxaryayevin təklifini dəstəkləyirəm. Bu təklifə müsbət rəy verilməlidir”.