“Minsk qrupuna ehtiyac qalmayıb” – ŞƏRH 

“Bundan sonrakı məsələləri BMT çərçivəsində və bu qurumun qəbul etdiyi qətnamələrə uyğun olaraq müzakirə edə bilərik”

 “Öz vətəndaşımız olan, hərbi cinayətlərdə iştirak etməyən erməni icmasının təhlükəsizliyinə təminat verə bilərik”

“Lakin hər hansı bir muxtar vilayətdən söhbət getməməlidir”


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova  ATƏT-in Minsk qrupu həmsədrlərinin Rusiya səfərindən danışıb. XİN rəsmisi bu gün keçirdiyi brifinqdə deyib ki, ABŞ və Fransadan olan həmsədrlər, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Moskvadadırlar:
“Onlar Rusiya XİN-də məsləhətləşmələr keçiriblər. Həmsədrlər eləcə də Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndələri ilə görüşüblər. Həmsədrlərin atəşkəs sonrası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əməkdaşlığı müzakirə olunub”.

Rusiya XİN-in rəsmisi ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə təmasları dayandırmadığını da qeyd edib:

“Bu təmaslar bütün gün ərzində davam edir”.



Prosesləri “Sherg.az”a şərh edən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib ki, savaş yekunlaşanda, yaxud atəşkəs elan edildikdə istər-istəməz diplomatik danışıqlar başlayır. Politoloqun sözlərinə görə, Qarabağın gələcəyi ilə bağlı danışıqlar masasına oturmalıyıq. Analitik qeyd edib ki, Rusiya Qərbin bölgəyə girməsini istəmir:

“Kreml düşünür ki, sülhə o nail olub, onun ordusu Qarabağa daxil olub və yekun söz də onun olmalıdır. Lakin Qərb anlayır ki, Cənubi Qafqazın hər üç ölkəsində hərbi iştirakı olan Rusiyanın iddiaları artacaq və odur ki, balans yaratmağa çalışır.

ABŞ Dövlət katibi Pompeo da bəyanat verdi ki, “Döyüşlərə son qoymaq Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə nail olmaq üçün yalnız ilk addımdır.

Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının güc tətbiq edilməməsi və ya təhdid edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə və bərabər hüquqlar prinsiplərinə əsaslanan davamlı siyasi həll yolu tapması üçün tərəfləri ATƏT Minsk Qrupu həmsədrləri ilə ən qısa zamanda yenidən əlaqə qurmağa çağırırıq. ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ bu səylərdə tam olaraq iştirak edir”. Bütün bunlar onu göstərir ki, biz danışıqlara başlamalı olacağıq”.

A.Rəşidoğlunun sözlərinə görə, ölkəmiz hərbi üstünlük qazanıb, ona görə də indi döyüşlərdə əldə edilən uğurları diplomatik müstəvidə gücləndirməliyik:

“ATƏT-in Minsk qrupu artıq heç nəyə yarımayan qurumdur. Ona heç bir ehtiyac qalmayıb. Bundan sonrakı məsələləri BMT çərçivəsində və bu qurumun qəbul etdiyi qətnamələrə uyğun olaraq müzakirə edə bilərik. Artıq status-kvo dəyişib. Biz qalib gəlmişik. Öz vətəndaşımız olan, hərbi cinayətlərdə iştirak etməyən erməni icmasının təhlükəsizliyinə təminat verə bilərik. Lakin hər hansı bir muxtar vilayətdən söhbət getməməlidir”.