Düşmən Ağdama da od vurub ! - “Onlar quzu dərisinə bürünmüş yırtıcılardır”

“Ona görə də yanğın törədib, evləri, təbiəti, tarixi abidələrimizi, ətraf-mühiti məhv edirlər”

"Dünya ölkələri “ağızlarına su alıb oturub"

“Beynəlxalq aləm Azərbaycan torpaqlarını işğal edəndə də biganəlik nümayiş etdirib”


30 il düşmən tapdağında qalan torpaqlarımız artıq tarixi sahiblərinə qayıdır. Qarabağ bölgəsi sanki yenidən “doğulur”, canlanır, dirçəlir. Torpaqlarımızı tərk edən düşmən aparılması mümkün olan hər şeyi, hətta unitazı belə özləri ilə götürür, evləri tamamilə yandırırlar. Azərbaycanın mədəni irsinə qarşı erməni barbarlığının bir adı var- o da vandalizmdir. 


Ermənilər işğal etdikləri Ağdamı tərk edərkən evlərə və mağazalara od vururlar. Ağdamın Boyəhmədli kəndində yaşayan Armen adlı şəxs özünün evini və ərzaq dükanını yandırıb. O, 10 ildir, bu kənddə yaşadığını, evinin və dükanının azərbaycanlılara qalmaması üçün bu addımı atdığını bildirib. Kəndin digər sakinləri də əllərinə keçən əşyaları özləri ilə aparır, yerdə qalanlara isə od vururlar. Ermənilər işğal etdikləri Kəlbəcəri də tərk edərkən evlərə, meşələrə od vurub, dükanları, elektrik yarımstansiyalarını söküb dağıdıblar.

Dünya erməni vəhşiliyinin ölçüyəgəlməz dərəcəyə yüksəlməsinin fərqindədir. Amma yenə də ermənilərin vandalizm əməllərinə göz yummağa davam edir.


Ermənilərin hər zaman barbarlıq sərgilədiyini deyən Geosiyasət və konfliktologiya üzrə professor Ramiz Sevdimalıyev “Sherg.az”a bildirib ki, onların hərəkəti hansısa sözlə ifadə etmək mümkün deyil:

“Ümumiyyətlə, ermənilər quzu dərisinə bürünmüş yırtıcılardır. Onlar özlərini dünya ictimaiyyətinə məzlum, sülhsevər, mədəni insan kimi təqdim edib sırılıylar. Amma beynəlxalq aləmin gözündən kənarda ağır cinayətlər törədirlər. Müxtəlif illərdə və səviyyədə bunun şahidi olmuşuq. Ermənilər dünyanı nə qədər aldatsalar da, yaxşı bilirlər ki, talan etdikləri torpaqların sahibi Azərbaycan xalqıdır”.

R.Sevdimalıyev qeyd edib ki, 1990-cı illərdə məcburi köçkünlərimiz evlərini tərk edəndə hansısa barbarlıq nümunəsi göstərmədilər:

“Köçkünlərimiz yalnız öz evlərinin açarını götürə biliblər. Əmin idilər ki, gec-tez evlərinə qayıdacaqlar. Lakin ermənilər yaxşı bilir ki, yaşadıqları ev başqasınındır. Ona görə də yanğın törədib, evləri, təbiəti, tarixi abidələrimizi, ətraf-mühiti məhv edirlər”.

Dünya ölkələrinin “ağızlarına su alıb oturmasına” gəlincə, professor vurğulayıb ki, beynəlxalq aləm Azərbaycan torpaqlarını işğal edəndə də biganəlik nümayiş etdirib:

“Yüz minlərlə əhalimiz etnik təmizlənməyə məruz qalanda susdular. Azərbaycan 27 il ərzində beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıranda da ki, hüquq normalarına əməl etmək lazımdır.

O zaman da laqeylik göstərdilər. Təəssüf ki, dünya ədalətli deyil. Hər kəs özü ədaləti bərpa etməli olur. Bu gün Azərbaycan əsgəri torpaqlarımızı azad edib, beynəlxalq hüquq normalarını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Beynəlxalq ictimaiyyətin buna gücü çatmadı.

Məsələnin dərin geosiyasi kökləri var. Əsas odur ki, Azərbaycan Ordusu güclüdür və torpaqlarını azad etməyə qadir olduğunu bütün dünyaya göstərdi”.