Koronavirusun nə vaxt bitəcəyi məlum deyil

Azər Badamov: "Ona görə də müəyyən iqtisadi sektorların həmişəlik iflic vəziyyətinə salınmağını düzgün hesab etmirəm"

Azərbaycan işğalçı düşmən dövlətdən fərqli olaraq geniş iqtisadi və güclü maliyyə imkanlarına malikdir. Məhz bu imkanlar döyüş meydanında düşməndən dəfələrlə güclü olmağımızı təmin etdi. Bizimlə müharibə edən faşist Ermənistan dövləti 44 gündə 2 illik büdcəsi qədər hərbi texnika və bu qəbildən olan digər sursatlar itirdi, iqtisadi tənəzzül yaşadı. Sözsüz ki, müharibə aparan istənilən dövlətin iqtisadiyyatı müəyyən təsirlərə məruz qalır. Hətta güclü ölkələr belə mənfi təsirlərdən qaça bilmir, savaşdan sonra iqtisadiyyatı yenidən dirçəltmək təşəbbüsünə girişirlər. 44 günlük müharibənin iqtisadiyyatımıza təsirləri ilə bağlı hələlik konkret rəqəmlər məlum deyil.

Dövlət qurumları müharibə şəraitinin iqtisadiyyata necə təsir etməsi barədə rəsmi informasiya verməyib. Ancaq müharibə əlavə xərclər və resurslardan maksimum istifadə deməkdir. Ona görə də istənilən müharibə bir ölkənin iqtisadiyyatına və maliyyə durumuna müəyyən təsirlər göstərir. Müharibə şəraitində bir çox müəssisələrimiz müdafiə fonduna ianələr köçürdülər. Savaşın iqtisadiyyata və maliyyə durumuna təsirlərindən danışarkən bu məqamları da göz önünə gətirmək lazımdır.

Həm də nəzərə alaq ki, müharibədən öncə Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyası və dünya bazarında neftin qiymətinin aşağı düşməsi fonunda müəyyən problemlərlə üzləşmişdi.

Əlavə olaraq, düşmən işğalından azad olunmuş torpaqlarımızda da bütün infrastrukturlar yenidən qurulmalı, iqtisadiyyatın formalaşması üçün ciddi addımlar atılmalıdır.

Bunların hamısı əhəmiyyətli miqdarda vəsait tələb edir. Mütəxəssislər hesab edirlər ki, vaxt itirmədən ölkə iqtisadiyyatının, xüsusən qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, iqtisadi sektorları yenidən dirçəltmək lazımdır.

Əfuslar olsun ki, dünyanın aylar ötsə də heç cür xilas ola bilmədiyimiz koronavirus bəlası ölkə iqtisadiyyatının daha geniş miqyasda açılmasına, biznes strukturlarının və sahibkarların fəaliyyətinə imkan vermir. Hər gün artan yoluxma sayı iqtisadi sektorların gündəlik fəaliyyətinə məhduriyyətləri zəruri edir ki, bu da müəyyən problemlərə səbəb olur. 

Millət vəkili, iqtisadçı Azər Badamov “Şərq”ə açıqlamasında vurğulayıb ki, ölkəmizi qələbəyə aparan 44 günlük müharibədə düşmənimiz məlum idi və müzəffər ordumuz düşməni məhv edərək zəfərə imza atdı. Deputatın sözlərinə görə, bu müharibənin iqtisadi təsirləri və siyasi dividendləri məlumdur. Əsas odur ki, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu:

“Amma mart ayından başlanmış koronavirus infeksiyasına qarşı müharibə davam etməkdədir. Məsələ ondadır ki, burada düşmən gözəgörünməzdir və hər yerdə bizi yaxalamaq iqtidarındadır. Çox təəssüf ki, koronavirus infeksiyası cəmiyyətdən əlini çəkmir və hər ötən gün əhatə dairəsini genişləndirir. Koronavirus infeksiyası iqtisadiyyatda fəaliyyət ritmini ciddi surətdə pozur, bərpasına imkan vermir. Dövlətimiz çalışır ki, iqtisadiyyatda itkilər az olsun. Lakin itkilər, iqtisadi azalmalar qaçılmazdır.

Biz iqtisadiyyatımızı mütləq yeni dövrün reallığına uyğunlaşdırmalıyıq. Müəyyən fəaliyyət sahələrinə məhdudiyyətlər tətbiq etməklə nəticə əldə etmək mümkün deyil. Koronavirusun sonunun nə vaxt olacağını bilmirik.

Ona görə də müəyyən iqtisadi sektorların həmişəlik iflic vəziyyətinə salınmağını düzgün hesab etmirəm. Xəstələr müalicə almalı, iqtisadiyyat isə daim işləməlidir. Çünki iqtisadiyyatı əldən verməklə koronavirusla effektiv mübarizə aparmaq da çətin olur”.

Parlament üzvünün sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımız üçün yeni perspektivlər açır:

“Hazırda həmin ərazilərdə infrastrukturların formalaşdırılması istiqamətində işlər görülür. Amma gələcəkdə bu ərazilərin kənd təsərrüfatı, turizm, təbii ehtiyatlar potensialından geniş istifadə edilməklə iqtisadiyyatın inkişafını sürətləndirmək mümkündür”.