Hökumətdə Akopyanın klanı formalaşır

Ayvazyan da məhz ona yaxşı qulluq göstərdiyi üçün XİN başçısı təyin olunub

Ermənistanda hakimiyyət Paşinyana yox, həyat yoldaşı Anna Akopyana məxsusdur


Ermənistanda noyabrın 16-da istefa vermiş XİN rəhbəri Zöhrab Mnatsakanyanın yerinə təyinat olub. Baş nazir Nikol Paşinyanın imzaladığı fərmanla ötən ay xarici işlər nazirinin müavini təyin edilmiş Ara Ayvazyan XİN başçısı postuna oturub. Bundan əvvəl Ayvazyan Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri vəzifəsində çalışıb. Ayvazyan xarici işlər naziri kimi ilk açıqlamasını da verib. Yalan vədlər verməkdə Paşinyandan geri qalmayan yeni nazir qısa zamanda “möcüzələr” yaradacağını söyləyib:

“Diplomatiya mümkünlərin sənətidir. Biz də indiki mərhələdə əlimizdən gələni edəcəyik ki, mümkünsüz təsir bağışlayan hər şeyi mümkün edək”. Xatırladaq ki, 10 noyabr bəyannaməsindən sonra Ermənistanda baş verən siyasi böhran çərçivəsində kütləvi istefalar yaşanır və bir sıra məmurlar vəzifədən uzaqlaşdırılır. 

Düşmən ölkədəki gərginliklə bağlı “Şərq”ə danışan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlu bildirib ki, Ermənistanda baş verənlərin ümumi adı erməni xalqının siyasi-mənəvi çürüməsidir. Onun sözlərinə görə, düşmən ölkədə proseslərin qarışacağı bəlli idi, amma bu qədərini təsəvvür etmirdik:

“44 günlük müharibə erməni genefonduna təsir göstərdi, 5-6 min gənc qırıldı. Həm də onların böyük əksəriyyəti perspektivi olan ermənilər idi və hamısını zorla cəbhəyə göndərmişdilər.

Erməni təbliğatı elə qurulmuşdu ki, onların beyinlərinə Azərbaycanın “zəif” olduğu, əsgərimizin bir güllə ilə “qaçacağı” yalanı yeridilmişdi. Bu uydurmaya aldanmış xeyli erməni gənci işğalçı rejimin qurbanına çevrildi.

Zorla, yaxud şirnikləşdirirək Qarabağa göndərilən gənclərin çoxu müxtəlif ölkələrdə özlərinə güclü biznes qurmuş iqtisadçılar idi. Yəni Paşinyan hökuməti öz ambisiyaları hesabına erməni xalqının da sonunu gətirir, ölkəni fəlakətə sürükləyir.

Yeni təyinat isə göstərir ki, Ermənistanda hakimiyyət Paşinyana yox, həyat yoldaşı Anna Akopyana məxsusdur. Uzun müddət cəhd etsə də, Akopyan Avropa dövlətlərində heç bir uğur və nüfuz qazana bilmədi. ABŞ-la münasibətləri gücləndirmək istiqamətindəki fəaliyyəti nəticəsiz qaldı.

Çox çalışdı ki, onu da birinci xanım kimi Qərb ölkələrində, ümumiyyətlə, dünyada ciddi qəbul etsinlər. İstəyinə nail olmadıqda üzünü Latın Amerikası ölkələrinə çevirdi. Sadəcə, Braziliya rəhbərliyi ilə dil tapdı.

Yeni XİN rəhbəri Ara Ayvazyan Anna Akopyanın Braziliyanın birinci xanımı ilə görüşünü təşkil edən şəxsdir. Ayvazyan bu xidmətinə görə xarici işlər naziri təyin olundu”. 

M.Əhmədoğlu bəyan edib ki, Ayvazyan böyük və təsirli ölkələrin heç birində səfir işləməyib, Qərb ölkələrində diplomatik fəaliyyət göstərməyib, çox zəif adam olub:

“Sırf Anna Akopyana yaxşı qulluq göstərdiyi üçün yüksək vəzifəyə “layiq” görülüb. Deməli, hökumətdə Akopyanın klanı formalaşmaqdadır. Hesab edirəm ki, Paşinyan nə qədər gec hakimiyyətdən getsə, ölkədəki qarşıdurmanın və qırğınların miqyası bir o qədər çox olacaq. Heç bir dövlət Paşinyana Ermənistanı yenidən bərpa etmək üçün maliyyə yardımı etməyəcək. Paşinyan Ermənistan üçün məğlubiyyət və faciə mənbəyidir və elə o cür də qalacaq”.