Yaxşıca qazanırlar

Uşaq saçlarının satılması mənəviyyata sığmır

Pediatr Vaqif Qarayev “uşaq saçı alıram” elanı ilə rastlaşıb. Və bu, həkimi çox təsirləndirib. Sosial şəbəkədə bu barədə yazan V.Qarayev “yəni, həqiqətən uşaq saçı satan və alan da var?!” deyə heyrətlə sual edib.  
Həkimin paylaşımına maraqlı şərhlər yazılıb. Mövzunu mütəxəssislə çözməzdən öncə, vətəndaşların bu “alver” predemetinə necə reaksiya verdiyini görək.   
Paylaşıma reaksiya verən sosial şəbəkə istifadəçələrinin əksəriyyəti “bəli, doktor, satan da var, alan da. Təəssüf ki!” şərhini yazıb. Digərləri də susqun qalmayıb fikirlərini bildiriblər. 

Əhməd Rəhmanov:  Kapitalizmdə satışa çıxarılmayan bir şey yoxdur.

Gülnar Abbasova: Biz Bakıda kirayədə qalanda bir qonşu qızı vardı, uşaq idi. Saçları o qədər gur idi ki, elə bil şəlalə idi. Özü də çox arıq idi. Saçları sürətlə uzanırdı, kəsdirəndə rahat olurdu. Bir dəfə kəsdirəndə "parixmaxer"dəki (bərbərxanadakı) qızlardan biri "saçını belə kəsdirirsənsə, sat", demişdi. Ağlına batmışdı, elə də edirdi.

Qoşqar Əhmədov: Bu, çoxdan mövcud olan biznesdir. Uzun saçı nəinki havayı kəsirlər, üstəlik saçın növünə baxıb üstündə pul da verirlər.

Vəsilə Göyüşova: Var. Hətta bir dəfə dayana bilməyib müdaxilə elədim. Anaya böyük səhv elədiyini dedim. Bilmirəm anladı, ya yox. 

Samirə Quliyeva: Parik düzəltmək üçün alırlar. Uşaq saçı boyasız olur deyə, daha keyfiyyətli sayılır.  

Aysel Camal: Bibim uşaq olanda nənəm onun saçından bir yastıqça düzəltmişdi, əli gəlməyib saçları atsın zibilə. Uşağın saçını necə kəsib satmaq olar?! Mənim heç vaxt ürəyim gəlməz!

Rumiyyə Miraslan: Çörək pulu üçün çoxu satır...

Vüsalə Ağayeva: Satan çoxdu. Kəsəndə onsuz da tullayırlar. Gur saçları isə satırlar. Rast gəlmişəm. Özü də ucuza getmir.

Cəmil Məmmədov: Kapitalizm iyrənc sistemdi. Bu sistemdə hər şey satılır və alınır. "Səfillər" romanında Kozettanın anası qabaq dişini çəkdirərək diş həkiminə satır. (Ya da saçlarını – red.) Bədən üzvünün və predmetinin kiməsə satılması qeyri-etik və arzuolunmaz haldı.

Səidə Rəşidova: Çoxu mənfi rəy yazıb. Ancaq digər tərəfdən baxanda bir çox ailə üçün indiki zamanda əlavə gəlir yeridir. 100 qram uşaq saçının uzunluqdan asılı olaraq qiymətinin 80-150 manat olmasını nəzərə alaraq kasıb bir ailənin 10-15 günlük dolanışıq pulunu zibil qutusuna atmaqdansa, mağazada bazarlıq etməyini daha üstün görürəm. Heç bir ana kefindən durub uşağının saçını satmaz. 

Musayeva Aygün: Onsuz da kəsib atırlar. Saç qaynağı üçün lazım olur. Qədimdən var saç almaq, satmaq. 

Pediatr V.Qarayev isə öz paylaşımı ilə bağlı “Şərq”ə açıqlamasında bu elanın ona çox pis təsir etdiyini dedi: 

- Bir gözəllik salonunun qapısına vurulmuşdu bu elan. Necə izah edim? Həkimliyi qoyuram bir tərəfə. Mənəvi baxımdan mənə mənfi təsir etdi, xoşum gəlmədi. Çox təəccüblü gəldi ki, uşağın saçını necə satmaq olar?! Siz də yəqin rəyləri oxumusunuz, sakit qarşılayanlar, “burda nə var ki, ehtiyacları var, satırlar, onsuz da zibil qutusuna atılacaq, gəlir əldə etməyin nəyi pisdi?” yazanlar da var, barışmayanlar da. Şəxsi fikrim budu ki, saç alver predmeti olmamalıdı. Mənəvi baxımdan düzgün deyil. Saç da bədənin bir orqanıdı, canlıdı. İnsan orqanizmində heç nə artıq deyil. Bəzən elanlar görürük, “böyrəyimi satıram” və sairə, saçın satılması, ya böyrəyin satılması, heç bir fərq yoxdur. Başa düşürəm ki, bəzən insanlar buna ehtiyac üzündən gedir. Amma mənim fikrim budur ki, düzgün deyil. Birisinə, hansısa orqanı bağışlamaq, bu, başqa məsələdi. Amma satmaq yox, olmamalıdı. Özü də uşaq saçı. Bu, şəxsən mənim aləmimdə, mənəviyyata sığmır. 

V.Qarayev qeyd etdi ki, kiçik yaşlı, həmçinin məktəb yaşlı uşaqların saçlarının uzadılması da düzgün deyil: 

- Bəzən valideynlər uşaqların saçını kəsdirmir, uzadır. Məktəbli oğlan uşaqları görürəm, saçları uzadılmış. Valideynlər dəbə önəm verir, sağlamlığa yox. Bir həkim kimi deyirəm, bunun heç bir tibbi izahı yoxdur. Əksinə, saçların uzadılması uşaqlara, xüsusən də məktəb yaşlı uşaqların səhhətində fəsadlar yarada bilər. Uşaqlar aktivdir, qaçırlar, oynayırlar, bir yerdə durmurlar.

Xüsusən də oğlan uşaqları. Uşaq hərəkət etdikcə bədən də tərləyir, saçların dibi də. Tərləmiş, yaş saçlar baş dərisinə yapışır və soyuqluğu uzun müddət dəridə saxlayır. Nəticədə soyuqlama baş verir. Bütün bədəndə olduğu kimi başın dərisi də nəfəs almalıdır. Saçlar qısa, kəsik olanda isə başın dərisi nəfəs alır. Bu, uşağın inkişafına müsbət təsir göstərir. 1 yaşlı körpənin saçını niyə uzadırlar, anlamıram. Körpə anadan saçlı doğulur.

Müəyyən müddət sonra o saç tökülməyə başlayır, əvəzinə yeniləri çıxır. Bu, təbii bir prosesdir. Uşaq böyüdükcə saçlarının kökü bərkiyir. Bəzən belə fikirlərə də rast gəlirəm ki, kəsilmiş saçları atmaq olmaz. Burda da heç bir məntiq yoxdur. Kəsilmiş saç artıq cansız bir şeydir. Saç başdadırsa, canlıdır. Çünki bədəndən qidalanır.

Kəsilibsə, artıq cansızdır. Tullanmalıdır. Saç bir müddət keçdikdən sonra çürüyür. Onu saxlamağın nə mənası?!. Saç əkimi son illər çox populyarlaşıb. Yaxşıca da qazanırlar bundan. Amma bir məsələ var ki, saçın dibində toxuma ölübsə, nə edirsən, et, daha çarəsi yoxdur.