Qarabağda balans yaratmaq çox önəmlidir

"Türk sülhməramlılarının münaqişə olan zonada yerləşdirilməsi daha önəmlidir"


Türkiyə parlamenti bir neçə gündür ki, Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. 
Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi ilə bağlı qanun layihəsini ölkənin Prezident Administrasiyası hazırlayıb. Layihəyə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Türk sülhməramlılarının ölkəmizə gələcəyinin qanun layihəsində təsdiqini tapması çoxlarının ürəyinə su səpdi. Məlumdur ki, bölgədə Türkiyədən başqa rus sülhməramlıları da yerləşəcək. Bu baxımdan türk hərbi qüvvələrinin hansı ərazidə yerləşəcəyi sual altında olduğu kimi, həmçinin davamlı şəkildə müzakirə edilir. 

Dağlıq Qarabağ mövzusu üzrə ekspert Azər Babayevin “Şərq”ə açıqlamasına görə, hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsinin təsdiq edilməsi müsbət bir haldır. Bu, ilk növbədə onu göstərir ki, Türkiyənin Azərbaycana dəstəyi davam edir.  Ekspert bildirib ki, Türkiyənin birgə əməkdaşlığının müsbət məcrada davam etməsi ümumi maraqlarımıza xidmət edir:

“Azərbaycana gələcək türk sülhməramlılarının sayı dəqiq bilinmir. Daha geniş kontingentdən danışırıqsa, onlar fərqli funksiyaları həyata keçirə bilər.

Təbii ki, türk sülhməramlıların yeriləşdirilməsi ölkəmizin suveren hüquqlarından biridir. Azərbaycan istənilən ərazidə türk əsgərlərini yerləşdirə bilər. Əlbəttə, birgə monitorinq mərkəzinin yerləşdirilməsi ilk növbədə dövlətimizin razılığı əsasında baş verməlidir”. 

A.Babayev vurğulayıb ki, türk sülhməramlılarının münaqişə olan zonada yerləşdirilməsi daha önəmlidir:

“Hazırda reallıq budur ki, keçmiş Dağlıq Qarabağ ərazisi hərbi mənada iki nəzarət zonasından ibarətdir. Azərbaycan Ordusunun nəzarətindəki Şuşa şəhəri də daxil olmaqla cənub hissəsi, bir də Rusiya sülhməramlılarının nəzarətindəki Qarabağın şimal hissəsi.

Türk hərbi qüvvələrinin ermənilərin yaşadığı və Rusiyanın nəzarət etdiyi ərazidə olmasını ehtimal etmək olmaz. Bu, artıq siyasi razılaşmalar əsasında da belə görünür. Çünki iki gün öncə Putin də bunu açıq şəkildə qeyd etdi.

Amma yaxşı olar ki, türk hərbi qüvvələri birbaşa Azərbaycanın nəzarətində olan hissəsində yerləşdirilsin. Bu, məntiqə uyğun olardı”.

Ekspert qeyd edib ki, Rusiya və Türkiyənin hərbi qüvvələri arasında bir növ əməkdaşlıq nümunəsi olacaq:

“Bu müstəvidə Türkiyənin Rusiyaya bir növ balans yaratmaq məsələsi də çox önəmlidir.

Beləliklə sülhə, ədalətə xidmət ediləcək. Ədalətin formalaşmasının ən mühüm şərti odur ki, güclər balansı olduğu zaman ədalət özünü aydın şəkildə göstərir.

Ümid etmək istəyirəm ki, sülhməramlı formatı bölgəmizdə sülh və əmin-amanlığın formalaşmasına töhfə verəcək”.