Fransa və ABŞ-ın Qarabağda “reanimasiya” cəhdi !"Gecikiblər, çünki... !

“İndi Türkiyə bölgədə real gücdür ”

“Yəni məsələyə daha rəsmi Ankara ilə rəsmi Moskva nəzarət edir”

“Qərb aləmində, o cümlədən Fransada qondarma Dağlıq Qarabağ respublikasını tanımaq cəhdləri də birbaşa bu məqsədlərə xidmət edir və təzyiq xarakteri daşıyır”


Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Dağlıq Qarabağdakı böhranın həlli yolunun ABŞ və Fransanın qüruruna toxunmaq kimi göründüyü üçün təəssüfləndiyini bildirib. Bu barədə Rusiya XİN rəhbəri RT telekanalına müsahibəsi zamanı qeyd edib.


“Son günlərdə mənim amerikalı və fransalı həmkarlarımla əlaqələrimdə, eynilə Dağlıq Qarabağ mövzusunda prezident Makronun prezident Putinlə əlaqələrində olduğu kimi açıq şəkildə qürurlarına toxunulduğu hiss olunur. Bu kədərlidir”, - deyə S.Lavrov bildirib.
S.Lavrov qeyd edib ki, artıq son günlərdə iki dəfə fransalı həmkarı Jan-İv Lö Drianla danışıb.

“İnsanların öldürülməməsi, evlərini tərk etməməsi, qaçqın və köçkünlərin sayının on minlərlə olmaması üçün narahatlığımızı izah etməyə çalışdım. Söhbətin dəqiqələrdən getdiyi bir vaxtda (hər dəqiqənin insan həyatı baxımından dəyəri var idi) Vaşinqtona, Parisə zəng etmək, bu və ya digər üsulu dəstəkləyəcəklərini öyrənmək... Bu cür iradları irəli sürmək sadə insan əxlaqı nöqteyi-nəzərindən düzgün və etik deyil”, - deyə S.Lavrov bildirib.

Görünür, vasitəçilər “əl-qol açmağa” cəhd edirlər. Siyasi analitik Turab Rzayev bunu təbii hesab edir. O, məsələ barədə fikirlərini “Sherg.az”la bölüşüb: 

“Əlbəttə, Fransa indiki durumdan narahatdır. Çünki məsələ faktiki olaraq ATƏT-in Minsk qrupunun nəzarətindən çıxıb. Format dəyişib. İndi dörd iştirakçı var- Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan. Yəni məsələyə daha rəsmi Ankara ilə rəsmi Moskva nəzarət edir. ABŞ-ın sakitliyi Tramp administrasiyası ilə Türkiyə arasındakı yaxşı münasibətlərlə bağlı idi.

Tramp bunu pozmaq istəmirdi. Noyabrın 10-dakı bəyanatın necə çətinliklə imzalandığını bilirik. Azərbaycanla Türkiyənin əslində dayanmaq fikri yox idi. Amma Putin Ermənistanı qorudu. Çünki özünün də dediyi kimi, hər ötən saat işğalçı üçün itki idi. Fransa Türkiyənin hazırkı vəziyyəti bundan sonra dəyişməyəcəyi vədi ilə bəyanata razılıq verdi.

ABŞ da tədricən qarşı tərəfi müdafiə etməyə başladı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl ABŞ dövlət katibi Mayk Pompoeonu da qəbul etməməsi birbaşa olaraq administrasiyanın dəyişməsi ilə əlaqədar idi.

Hazırda Amerika, ən azından Pompeo Fransanın mövqeyini dəstəkləyir. Onun Fransanın “Le Figaro” qəzetinə müsahibəsində dedikləri də səsləndirdiyim fikrin təsdiqidir. Belə ki, dövlət katibi Türkiyənin regional aqressiya göstərərək bölgədə sülhü təhdid etdiyini bildirmişdi. Onun fikirlərində qardaş ölkənin Azərbaycana dəstəyi aqressiya kimi qiymətləndirilib. Yəni bu müsahibə bizim əleyhimizə olmaqla yanaşı, həm də başdan-başa fiasko idi”.

 T.Rzayevin fikrincə, “ofsayt”dakı vasitəçilər bundan sonra hər vəchlə “reanimasiya”ya çalışacaqlar:

 “Fransa və ABŞ açıqlamaları ilə “mən də varam” demək istəyirdi. Amerikanın münasibəti artıq Baydenin xarici siyasətinə uyğundur. Əlbəttə, Türkiyə real iştirakçıdır. Amma vasitəçilər rəsmi Ankaranı qəbul etmək istəmir və  onu prosesdən uzaqlaşdırmağa çalışırlar.

Yenə özlərini ön plana çəkmək niyyətindədirlər. Lakin bu, gecikmiş addımdır. Bəyanat imzalanıb. Yalnız sülhməramlıların nəzarət altındakı torpaqların statusu müzakirə edilə bilər. Təbii ki, Azərbaycan və Türkiyənin razılığı ilə.

Təkrarlayıram, rəsmi Ankara indi bölgədə real gücdür. Qərb aləmində, o cümlədən Fransada qondarma Dağlıq Qarabağ respublikasını tanımaq cəhdləri də birbaşa bu məqsədlərə xidmət edir və təzyiq xarakteri daşıyır”.