Zərifin Bakı səfəri: “Prosesə müdaxilə etmək niyyətindədirlər”

“Beləliklə, həm mövcud situasiyadan mümkün qədər yararlanmaq, həm də özünü Qarabağdan gələ biləcək təhlükələrdən sığortalamaq istəyir”

“Eyni zamanda, ola bilsin, cənub qonşumuz Suriyadakı Türkiyə, Rusiya, İran əməkdaşlığnı Azərbaycan üçün də tətbiq etməyi planlayır”
 


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.  Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz "Twitter" səhifəsində yazıb. "Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək". S.Xətibzadə bildirib ki, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər Zərifin Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlar  mövzusudur.



Politoloq Sədrəddin Soltan səfərin mahiyyətini “Sherg.az”a şərh edib. O, İranın məqsədinin məsələyə qarışmaq olduğunu düşünür: 

“Məhəmməd Cavad Zərif bu günlərdə, əvvəlcə, Rusiyaya gedəcək. Lavrovla Qarabağ məsələlələri haqqında danışılacaq. Bölgə dövlətləri, yəni Azərbaycan, Rusiya, İran və Ermənistan regional əməkdaşlığı, həmçinin Qarabağın bu günü və perspektivi barədə müzakirələr aparmaqdadırlar. İran ərazilərin azad olunması prosesində geri qaldı. 

Ona görə Azərbaycanı və Türkiyəni ləkələməyə başladı. Sonradan bu səhvini yumaq üçün cəhdləri də nəticəsiz qaldı. Rəsmi Tehran növbəti mərhələdə proseslərə müdaxilə etmək niyyətindədir. 

Beləliklə, həm mövcud situasiyadan mümkün qədər yararlanmaq, həm də özünü Qarabağdan gələ biləcək təhlükələrdən sığortalamaq istəyir. 
Eyni zamanda, ola bilsin, cənub qonşumuz Suriyadakı Türkiyə, Rusiya, İran əməkdaşlığnı Azərbaycan üçün də tətbiq etməyi planlayır. 
Yəni dediyim kimi, görüşün əsas mövzusu regiondakı durum, o cümlədən Qarabağ və İdlib problemi olacaq”.