Qarakənd faciəsindən 29 il ötür: “Qatillər hələ tapılmayıb”

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində erməni silahlı dəstələrinin Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterini vurmalarının ildönümüdür. Qarakənd faciəsindən 29 il ötür. 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər.

Faciədən 29 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.



Tarixçi-alim Boran Əzizli Qarakənd faciəsinin tarixdəki yeri ilə bağlı “Sherg.az”a danışıb: 

“Əlbəttə, o vaxtkı dövlət katibi Tofiq İsmayılov başda olmaqla, dövlət xadimlərinin öldürülməsi böyük cinayət və terror aktıdır. Həmin helikopterin vurulması Azərbaycan torpaqlarının işğalında mühüm rol oynayıb.

Təəssüf ki, qatillər indiyədək tapılmayıb. Amma bir məqama diqqət çəkim: helikopter düz 29 il əvvəl Ağdam səmasında vurulmuşdu. Bu gün isə biz Ağdamı geri aldıq. Torpaqlarımızın azadlığı, möhtəşəm qələbəmiz onların qanlarının yerdə qalmadığını göstərir.