Deputat: “Ağdam Dağlıq Qarabağın Şərq qapısıdır”

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir. Bəyanatda nəzərdə tutulduğu kimi Ağdam rayonu noyabrın 20-nə Ermənistan ordusu tərəfindən tam boşaldılmış və Azərbaycan ordu hissələri əraziyə daxil olmuşdur.

Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xəttindən ibarət olunmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdır. Bu səddin keçilməsi cidddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi.

Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərmizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.

Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhfil verilməsi prosesi də uğurla başa çatacaq.

Millət vəkili Elman Məmmədov növbəti şəhərimizin geri alınması ilə bağlı təəssüratlarını “Sherg.az”la bölüşüb: 

“Prezident, Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk günün, 2003-cü ildən verdiyi vədini yerinə yetirdi-ərazi bütövlüyümüzü təmin etdi. Əgər biz döyüş meydanında düşmənə qalib gəlib, işğalçı ordunu darmadağın etməsəydik, onlar bir qarış torpağı da bizə qaytarmazdılar.

Amma məcbur etdik, “bellərini qırdıq”.

Nəhayət, bu günü gördük, Azərbaycan Silahlı Qüvvələri Ağdama qalib ordu kimi daxil oldu. Həmin kadrları görəndə ürəyim sözün əsl mənasında dağa döndü. 27 ildən sonra Ağdamda azan səsinin eşidilməsi çox mühüm hadisədir. İndi növbə Kəlbəcərdə, Laçındadır. Biz Xocalı, Xankəndi və Ağdərəyə də qayıdacağıq”.

Deputat, həmçinin bu şəhərin əhəmiyyətindən də danışıb:

“Ağdam Dağlıq Qarabağın Şərq qapısıdır. Kifayət qədər böyük ərazisi var. Əhalisi isə iki yüz mindən çoxdur. Camaatı vətənpərvər, mərd, cəsurdur. Eyni zmaanda Xocalıya gedən yol Ağdamdan keçir. Biz vaxtı ilə Xocalıdan çıxanda Ağdama pənah getirmişdik. İndi isə Ağdamdan Xocalıya gedəcəyik”.