Ağdamda 15 mineral xammal yatağı mövcuddur

Burada 400 il yaşı olan ağaclar vardı

"Sevindirici haldır ki, Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil ola bildi. Təbii ki, bu, ilk növbədə Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi nəticəsində həyata keçirildi. O cümlədən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi".

Bu sözləri Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib. O qeyd edib ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları öz mürəkkəbliyi ilə seçilirdi: "Burada bir neçə müdafiə xətti var idi ki, onlar da müasir standartlar tətbiq edilməklə, hazırlanmışdı. Bu sədlərin keçilməsi də ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi".

M.Ələsgərli Ağdamın çox füsunkar təbiətinin olduğunu da vurğulayıb: "Ağdamda 15 mineral xammal yatağı mövcuddur ki, bunların da sırasında yeraltı içməli su, qeyri-filiz və inşaat materialları yataqları yer tutur. Burada Qarqarçay şirin su yataqları, Gülablı üzlük daşı, Boyəhmədli sement xammalı yatağı, Çəmənli gil, Qarqarçay və Xaçınçay qum-çınqıl yataqları böyük əhəmiyyət daşıyır. Rayonun meşə fondu 4743 hektardır, işğal dövründə onların xeyli hissəsi Ermənistan tərəfindən məhv edilib. Ağdamda 85 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınmışdı. Bunlardan 71 ədədi Boyəhmədli kəndində idi, hündürlüyü 25 metr, yaşı isə 440 il təşkil edirdi. Rayon ərazisində ümumi sahəsi 732 ha olan Püstə meşəciyi qiymətli meşə sahələrindən idi. Nadir nəbatət obyekti olan həmin ağacların yaşı 370-400 il təşkil edirdi. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Qarqarçay - Xocalı şəhəri, Ağdam və Ağcabədi rayonlarının ərazisindən axaraq Kür çayına tökülür. İllik axının 27 faizi qar, 45 faizi yağış, 28 faizi isə yeraltı sular hesabına əmələ gəlir. Xaçınçay - Kəlbəcər, Ağdam Ağdərə və Bərdə rayonlarının ərazisindən axaraq Kür çayına tökülür. Qar, yağış, və yeraltı sular hesabına qidalanır".

Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri qısa müddətdən sonra digər rayonlarımızın da işğalçılardan boşaldılacağını diqqətə çatdırıb: "Üçtərəfli imzalanan birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir. Bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-nə Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub. Bundan sonra qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq".