Arzu Nağıyev: "Azərbaycan Fransa ilə hər hansı bir təmasdan imtina etməlidir"

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa ermənipərəst fəaliyyətini davam etdirir. Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma “qurumu” tanımağı düşünür. Senatın belə bir qətnaməni müzakirəyə çıxarmağa hazırlaşması Bakı və Ankarada ciddi narazılığa səbəb olub. Lakin qeyd olunmalıdır ki, Fransa Senatı müsbət qərar qəbul etsə belə, qətnamənin heç bir hüquqi çəkisi olmayacaq.

Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquqla qorunur və hansısa ölkənin bir orqanı bu müddəanı poza bilməz. Digər tərəfdən, Fransa Konstitusiyasına əsasən, Senata təqdim edilən sənəd yalnız bir qətnamədir və icrası məcburi deyil. Bu və ya digər məsələlərlə əlaqədar il ərzində yüzlərlə təşəbbüs irəli sürülür, lakin onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır. Qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma “qurumun” tanınmasından daha çox, onun tanınmağa ehtiyacı olduğunun iddiasıdır. Yəni bu qətnamə ətrafında qaldırılan hay-küy erməni lobbisinin oyunundan başqa bir şey deyil. Erməni lobbisi Fransada təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır. Erməni lobbisinin belə fəaliyyəti Fransanın mühafizəkar siyasi dairələrində də qıcıq doğurur və bu səbəbdən ermənilər öz təsir güclərini Fransada da itirməyə başlayıblar. Görünür ki, erməni lobbisinin əlində alətə çevrilən fransız siyasətçilər Fransanın Avropa ölkəsi kimi dəyərini azaltdıqlarının, onun demokratiyanın düşməni, erməni klanına xidmət edən ölkə kimi qələmə verilməsinin fərqində deyillər. Ancaq istənilən halda həmsədr Fransa rəhbərliyi öz ölkəsində baş verən bu proseslərə görə məsuliyyət daşıyır.

Millət vəkili Arzu Nağıyev deyib ki, Fransanın addımları, bəyanatları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlməklə yanaşı, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Helsinki Yekun Aktına ziddir. Deputatın sözlərinə görə, hərbi əməliyyatların aktiv fazası dövründə Fransa parlamentinin bir qrup üzvü Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək qondarma rejimin nümayəndələri ilə görüş keçiriblər. Bu səfəri Fransanın qondarma “Artsax”la həmrəyliyinin göstəricisi kimi qələmə veriblər:

“Həmsədrlərin 23 mart 1995-ci il tarixində qəbul edilmiş mandatına əsasən, Fransa öz fəaliyyətində ATƏT-in norma və prinsiplərini, BMT-nin Nizamnaməsini rəhbər tutmalıdır. Fransa tərəfi vasitəçiliyin prinsip və qaydalarını heçə sayır. Hətta ən yüksək siyasi səviyyədə açıq şəkildə anti-Azərbaycan mövqe sərgiləyir. Ona görə də təklif edirəm ki, Fransaya vasitəçi olaraq etimadsızlığı bəyan edək və həmsədrliklə bağlı razılığımızı geri götürək. Bir sözlə, Azərbaycan Fransa ilə hər hansı bir təmasdan imtina etməlidir. Şəhidlərimizin qanı bahasına başa gələn qələbəmizə nə Fransa, nə də digər dövlətlər kölgə sala bilər. Fransanın cəhdləri yolverilməzdir”.