Yoluxma sayında kəskin artım var

Azərbaycan lokal sərtləşməyə, qapanmaya məcburdur

Ehtimallar doğruldu. Koronavirusa yoluxma sayındakı kəskin artım nəzərə alınaraq karantin qaydaları sərtləşdirildi.
Nazirlər Kabineti yanında Operativ Qərargah keçirdiyi brifinqdə xüsusi karantin rejiminin 21 noyabr saat 00:00-dan dekabrın 28-i saat 06:00-dək uzadılmasını elan etdi və hər kəsin ciddi şəkildə riayət etməli olduğu qaydaları da açıqladı.

Göstərilən müddətdə Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət də qüvvədə qalır. Həmçinin bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır. 

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci 7 dekabr saat 06:00-dək uzadılır.

Maska taxmasanız, cərimə olunacaqsız!

Koronavirus pandemiyası ilə mübarizədə əsaslı müsbət nəticəyə nail olmaq məqsədilə Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.

Qərarla müəyyən edilib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Bu tələblərin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Qapanmalar niyə vacibdir?

Koronavirus pandemiya elan edildiyi vaxtdan dünya bu virusa qarşı peyvənd sorağındadır. Aylardır alimlər peyvənd üzərində çalışır, peyvəndin əldə olunması ilə virusla mübarizədə əsaslı dönüş yaranacağını, bəşəriyyətin bu bəladan xilas olacağını deyirlər. Lakin peyvənd hələ də yoxdur. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının direktoru “peyvəndə çox da bel bağlamayın, peyvənd virusla təkbaşına mübarizə apara bilməyəcək” söyləyərək arxayınlaşmağı yasaq etdi. Azərbaycanda da koronavirusa qarşı peyvəndin tətbiqi yaxın vaxtlara gözlənilmir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib. Y.Qarayeva həmçinin bildirib ki, virusla mübarizənin ən təsirli vasitəsi qapanmadır. Onun sözlərinə görə, bir çox Avropa ölkələrində sərtləşmə olub: "Bu gün bundan fərqli mübarizə metodu yoxdur. Peyvəndin tətbiqinə qədər bu cür qapanmalar olacaq. Türkiyə və Rusiyada da artıq karantin rejimi sərtləşdirilib. Azərbaycanda hələ ki, lokal sərtləşməyə gedirik. Amma elə hallar olur ki, lokal sərtləşmə də nəticə vermir. İnsanlar kütləvi toplaşmalardan çəkinməlidir. Bu cür hallar yoluxmanın artmasına gətirib çıxarır. Hamımız bilirik ki, evlərdə kütləvi toplaşmalar olur. Buna görə də bu gün ailə arasında yoluxmalar artır".

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov isə bildirib ki, COVİD-19-a qarşı peyvəndlə bağlı sınaqlar yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq.

Onun sözlərinə görə, artıq dünyada 3-4 ölkə COVİD-19-a qarşı peyvəndlə bağlı 3-cü klinik sınaqlar mərhələsindədir. Bu sınaqlar effektiv qiymətləndirilir:

“Sadəcə olaraq, müəyyən vaxt tələb olunur ki, bu peyvəndlərin effektivliyi və təhlükəsizliyi qiymətləndirilsin. Biz bu qış bunu əldə edə bilməyəcəyik. Bu sınaqlar yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq. Bundan sonra xüsusi komissiya yaradılaraq onlara xüsusi rəy verilməlidir. Yalnız bundan sonra bu peyvəndlərin dünya səviyyəsində istifadəsinə icazə verilə bilər".

Uşaqlar da təhlükə qarşısındadır

“Əvvəl Azərbaycanda COVİD-19-a görə gündəlik edilən test sayının təxminən 10 faizi pozitiv olurdusa, indi bu say daha da artıb. Bu da onu göstərir ki, COVİD-19-a yoluxma ilə bağlı kritik günlər hələ davam edir”. Bu sözləri TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, yoluxma sayındakı artım yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir. Havaların soyuması yoluxmaların daha da artmasına səbəb olur. Bununla yanaşı, insanların qapalı məkanlardan daha çox istifadə etməsi təmas hallarını da artırır. Bu isə öz növbəsində yoluxma sayının yüksəlməsinə səbəb olur.

V.Əliyevin sözlərinə görə, ictimai nəqliyyat da yoluxma üçün əsas mənbələrdən biridir. Buna görə də insanlar yaxın məsafədə olduqları zaman mütləq qaydada tibbi maskadan istifadə etməlidirlər:

“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir çox insanlar maskadan düzgün istifadə etmirlər. Görünən odur ki, biz ancaq peyvənd barədə düşünürük. Yalnız maskanı düzgün taxmaq və ara məsafəni qorumaqla yoluxmanın qarşısını ala bilərik. Parça maskaların qoruyuculuq qabiliyyəti yoxdur və onlar virusu keçirə bilir. Yalnız tibbi maskalardan istifadə düzgündür.

V.Əliyev bildirib ki, əvvəl cavan insanlarda koronavirus xəstəliyinin daha çox asimptomatik formada keçdiyinin şahidi olurduq. Amma indi bu yaş qrupunda COVİD-19 virusunun daha ağır formasını müşahidə edirik. Klinik təcrübələrdə artıq uşaqların da bu xəstəliyi yüksək temperatur ilə keçirdiyi məlum olub: “COVİD-19-un əlamətlərinin insanlarda hansı səviyyədə müşahidə edilib-edilməməsi individualdır. Çünki virusa xas olan əlamətlərin hamısı eyni insanda görünməyə də bilər. Şərt deyil ki, virusa xas bütün əlamətlərin hamısı bir insanda müşahidə edilsin. Ola bilər ki, insanda bu əlamətlərin heç biri olmasın, amma virus daşıyıcısı olsun. Klinik simptomları olan xəstədə belə bu əlamətlər çox da, az da görünə bilər. Məsələn, iy və dadbilmə bəzilərində olmaya bilər. Amma elə şəxslər ola bilər ki, onda bu əlamətlər uzun müddət müşahidə olunsun və gec bərpa edilsin. Digər tərəfdən, hərarətin ən çox rast gəlinən simptom olmasına baxmayaraq, koronavirus xəstələrində hərarət qeydə alınmaya da bilər. Buna görə də şərt deyil ki, koronavirusa yoluxan hər bir kəsin hərarəti yüksək olsun”.

Qaydaları sərtləşdirmək vacib idi

Payız fəslinin daxil olması ilə koronavirus infeksiyasına yoluxma sayında artım olacağı gözlənilən idi. Lakin görürdük ki, vətəndaşlarımız yay ayları ərzində yoluxma sayında müşahidə edilən azalmalara xeyli arxayınlaşıb və artıq karantin qaydalarına riayət etməyi də unudurlar. Xüsusən də ictimai nəqliyyatda tibbi maskasız sərnişinlərə daha çox rast gəlinirdi. Havaların isti, payızın ilk ayınınsa mülayim keçməsi kafe və restoranlarda müştəri sıxlığını, parklarda, bulvarda istirahət edənlərin sayını artırmışdı. Bunun yaxın günlərdə yoluxma sayında artıma gətirib çıxaracağını həkimlər bildirirdi. Qaydaların sərtləşməli olduğunu ictimai xadimlər, millət vəkilləri də tövsiyə edirdilər. Görünən bu idi ki, yoluxma sayındakı artım karantin qaydalarının daha da sərtləşdirilməsini, qayda pozuntularına görə cərimələrin yenidən tətbiqini getdikcə zərurətə çevirir. Çünki vətəndaşlar gündəlik həyatda karantin qaydalarını tez-tez pozurlar. Vətəndaşların tələb olunan yerlərdə tibbi maskalardan istifadə etməməsi, sosial məsafə saxlamaması, qadağalara rəğmən kütləvi məclislər təşkil etmələri təhlükənin daha da böyüməsinə gətirib çıxarır.

İctimai xadim Azər Allahverənov “Şərq”ə açıqlamasında karantin rejiminin sərtləşdirilməsiylə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar qəbul etdiyini bildirdi:

- Operativ Qərargah artıq qərar qəbul edib. Qərarların verilməsi pandemiya ilə bağlı mövcud vəziyyətin təhlili və təhlilin nəticələrindən asılı olur. Görünür, Operativ Qərargah reallığı nəzərə alaraq sərtləşdirilmiş karantin rejiminə, cərimələrin tətbiqinə qərar verib. Hesab edirəm ki, insanlar pandemiyanın nə dərəcədə təhlükəli olduğunu şüurlu surətdə anlamalı və buna müvafiq davranmalıdırlar. Mart-aprel ayları ərzində insanları inandırmaq istiqamətində ciddi işlər görüldü. Nəticədə insanlar inanmağa başladı və bu, davranışlara da müsbət təsir etdi. Və yoluxma sayında kəskin azalma baş verdi. Qarşıdakı aylarda karantin rejimində yumşalmalar edildi. Sentyabr ayında isə tədris prosesi qismən də olsa, növbəlilik prinsipi əsasında bərpa edildi, metro yenidən fəaliyyətə başladı. Amma hələ yay aylarında mütəxəssislər bildirirdi ki, payızda ikinci dalğa olacaq və buna güclü, hərtərəfli hazırlıq aparılmalıdır. Lakin nədənsə, bizim insanlarda yenə arxayınlıq yarandı. Nəticə göz qabağındadı. Yoluxma sayında kəskin artım var. Hesab edirəm ki, yoluxma sayındakı artıma əhalimizdə Azərbaycan Ordusunun qazandığı qələbədən doğan yüksək əhval-ruhiyyə də səbəb oldu. Həqiqət budur ki, xalqımız ordumuzun qələbə xəbərlərinə, ordumuzun zəfər yürüşünə elə aludə oldu ki, şəxsi sağlamlığı, sağlamlığını qorumaq arxa plana keçdi. Torpaqlarımızın işğaldan azad edilməsi əhalinin koronavirusa baxışlarını dəyişdi. Amma belə olmamalıdır.

A.Allahverənov qeyd etdi ki, pandemiya ilə mübarizədə cəmiyyətə düzgün mesajlar ötürülməsi böyük əhəmiyyət daşıyır:

- Hesab edirəm ki, koronavirusla mübarizədə əməl edilməsi məcbur olan qaydalarla bağlı məlumatların ictimaiyyətə daha geniş şəkildə ötürülməsinə ehtiyac var. Maarifləndirici proqramlar, sosial çarxlar, mütəxəssislərin izahı gün ərzində daha tez-tez səslənməlidir. Təbliğat işlərinin əhatəsi genişlənməlidir.