Tarixçidən jurnalistlərə İRAD: “Toponimlərlə bağlı qüsurlara yol verirlər”

““Qafqaz Albaniyası” sözü heç bir mənbədə yoxdur. Bunu 1956-cı ildə SSRİ tarix elmi ortaya atıb”

“O zaman SSRİ tarix elmi qarşısında baş əyən “tarixçilərimiz”də adı bu cür yazırdılar”

“Qarabağın işğaldan azad olunması ilə bağlı televiziya kanallarında Albaniya xristian məbədləri ilə bağlı verilişlər efirə gedir. Bu verilişləri təqdim edən bəzi jurnalistlər toponimlərlə bağlı ciddi qüsurlara yol verirlər”.
Bu sözləri "Sherg.az"a tarixçi-alim Dilavər Əzimli deyib. 
Tarixçi bildirib ki, bəzi televiziya aparıcılarının A.Bakıxanov adına Tarix İnstitutunun tədqiqatlarından xəbərləri yoxdur: 

“Maraqlıdır ki, ölkə başçısı İnstitutun bütün dəyərli tədqiqatlarına istinad edir və erməniləri fakt qarşısında qoyur. Amma bəzi aparıcılar və sayt jurnalistləri tarixlə bağlı verilişlər hazırlayanda köhnə tarixi faktlara istinad edirlər. Məsələn, Ağa Məhəmməd Şah Qacara, Nadir Şah Əfşara “işğalçı” deyirlər. Bunu Avropa, SSRİ tarix elmi yazmışdı. Azərbaycanı birləşdirməyi qarşısına məqsəd qoyan tarixi şəxsiyyətlərimiz necə işğalçı ola bilər? Yaxud Azərbaycan Albaniyası “Qafqaz Albaniyası” adlandırılır. “Qafqaz Albaniyası” sözü heç bir mənbədə yoxdur. Bunu 1956-cı ildə SSRİ tarix elmi ortaya atıb. O zaman SSRİ tarix elmi qarşısında baş əyən “tarixçilərimiz”də adı bu cür yazırdılar”. 

D.Əzimli vurğulayıb ki, müstəqil Azərbaycanın media nümayəndələri bu yanlışlığı davam etdirməməlidir: 

“Ya Azərbaycan Albaniyası deyin, ya da Oğuz dövləti. “Kitabi-Dədə Qorqud” dastanında bu ad Oğuz dövləti kimi təqdim edilir. Biz nə vaxt ayılacağıq? Bəziləri Rusiyaya qarşı elə “məhəbbət” aşılayır ki, adam dəhşətə gəlir. Yaxşı ki, “Şərq”, “Moderator.az”, “Cebhe.info”, “Bakıxeber”, “Hürriyyet” kimi milli mətbu orqanlarımız var. Yoxsa, necə olacaqdı, bilmirəm. Bunun da nəticəsi odur ki, jurnalistlərimiz yeni tarixi tədqiqatlardan xəbərsizdirlər”.