Qarabağda demoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişir? – Putinin köçürmə planı... 

“Rusiyanın Xankəndində Humanitar Mərkəz yaratması sülhməramlı missiyasına ziddir”

“Moskvanın məqsədi sülhməramlı missiya adı ilə torpaqlarımızda möhkəmlənməkdi”

“Rusiya sülhməramlı qüvvələri Moskvanın geosiyasi məqsədlərini təminini həyata keçirir”

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Şuşa və Xankəndi şəhərlərinə göndərilib. 22 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası FHN tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan FHN tərəfindən qarşılanıb.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.
Milli Cəbhə Partiyasının (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a bildirib ki, Rusiyanın Xankəndində sülhməramlı qüvvələrlə yanaşı humanitar məqsədlərlə buraya FHN və digər şəkildə tikinti işlərini aparması üçün mühəndislər göndərməsi, həmçinin Humanitar Mərkəz yaratması sülhməramlı missiyasına ziddir.

Onun sözlərinə görə, Rusiyanın iqtisadi və digər sosial layihələr həyata keçirməsi qanunsuzdur. Bu onu göstərir ki, Moskvanın Xankəndində Humanitar Mərkəzi mini idarədir və Azərbaycanın suvrenliyinə ziddir:

“Burada yalnız humanitar və digər layihələri yalnız Azərbaycan həyata keçirməlidir. Rusiya sülhməramlı qüvvələri, bölgədə yalnız təhlükəsilziyi təmin etməlidir. Lakin Moskvanın planı sülhün və təhlükəsizliyin təmini deyil, burada ermənilərə avtonom idarə mərkəzi yaratmaqdır. Ümumiyyətlə, Ermənistandan erməniləri Xankəndinə gətirib yerləşdirmək, Vladimir Putinin Qarabağın sosial-iqtisadi vəziyyəti üçün xüsusi müşavirə keçirməsi, Ermənistanla sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı müqavilə imzalaması ciddi şəkildə Rusiyanın ermənilərin burada yerləşdirilməsi özünün təsirini formalaşdırmağa xidmət edir”.

Analitik vurğulayıb ki, Rusiyanın Qarabağda yürütdüyü siyasətin Azərbaycan üçün müsbət perspektivləri yoxdur:

“Rusiya prezidentinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd etməsinə rəğmən Qarabağda fəaliyyəti birbaşa sülhməramlı missiyasından kənar bir siyasətdir. Azərbaycan əhalisi Xankəndiyə köçməli və burada yaşamalı, Rusiya isə üzərinə götürdüyü təhlükəsizliyini təmin etməlidir. Lakin bunu etmir. 1828-ci ildə olduğu kimi Qarabağa erməniləri köçürür, demoqrafik vəziyyəti ermənilərin xeyrinə dəyişməyə çalışır, Rusiyanın Xankəndində fəaliyyəti qanunsuz və sülhməramlı missiya adı ilə möhkəmlənməkdir”.

M.Əsədullazadənin qənaətincə, Rusiya rəhbərliyi hesab edir ki, kiçik bir ərazidə möhkəmlənməklə öz geosiyasi məqsədlərinə çatıb:

“Bu, taktiki ola bilər. Amma Türkiyə qoşunlarının Qarabağda yerləşməsi, strateji ölçüdə Rusiyanı neytrallaşdıracaq və Moskvanın Azərbaycanla bağlı planın qarşısını alacaq. Azərbayacan diplomatiyası Türkiyə ilə birgə Rusiyanın Xankəndində sülhməramlı missiyasından kənar fəaliyyətinin qarşısının alınması istiqamətində çalışmalıdır. Azərbaycanın suvernliyini Xankəndində təmin edilməsi istqamətində bizi gərgin bir fəaliyyət gözləyir.
Rusiya Cənubi Qafqazda bu fəaliyyəti ilə öz mövqeyi və etimadına zərbə vurmuş oldu. Ermənistan bir müddətdən sonra Gümrüdəki "102 -ci" bazanın çıxarılmasını tələb edəcək”.

Analitik hesab edir ki, ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələri sülhə xidmət etmir, Moskvanın geosiyasi məqsədlərini təminini həyata keçirir:

“Azərbaycan müharibədə qalib olaraq öz ərazi bütövlüyünü təmin edib. Rusiyanın hazırkı fəaliyyətinə qarşı Türkiyə-Azərbaycan tandemi qalib gələcək. Buna baxmayaraq, müharibənin gedişində Rusiya-Türkiyə danışıqları Moskvanın neytrallağını təmin etdi”.