“Putinin açıqlaması qələbəmizin etirafı və təzahürüdür” - AKTUAL

“Rəsmi Moskvanın illərdir silahlandırdığı işğalçı ölkəni 44 günə məğlub etmək böyük uğurdur”

“Bu mənada verilən bəyanatlar da kifayət qədər normaldır”


Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib. Kreml rəhbəri Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib:"Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu, o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir", - deyə Rusiya lideri qeyd edib.

O, həmçinin KTMT-yə üzvlük şərtlərinin Rusiya üzərinə münaqişəyə qarışmaq öhdəliyi qoymadığını xatırladıb. Putinin sözlərinə görə, rəsmi Moskva İrəvanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib. "Sizi inandırıram, Ermənistan özünü atılmış, unudulmuş hiss etmirdi. Və Rusiya hər şeyi etdi ki, bu, olmasın", - deyə, dövlət başçısı fikirlərini yekunlaşdırıb.

Azərbaycan Yüksəliş Partiyasının Təşəbbüs Qrupunun üzvü Anar Əsədli Putinin sözügedən bəyanatını “Sherg.az”a şərh edib: 

“Rusiya Azərbaycanın ərazi bütövlüyünü illərdir ki, hüquqi baxımdan tanıyırdı.

Fəqət buna rəğmən, Ermənistanı silahlandırırdı. Rəsmi Moskvanın illərdir silahlandırdığı işğalçı ölkəni 44 günə məğlub etmək böyük uğurdur.

Verilən bəyanatlar da kifayət qədər normaldır.

Sözügedən açıqlama odumuzun əldə etdiyi və diplomatiyamızın davam etdirdiyi qələbənin etirafı və təzahürüdür”.