Makronun Qarabağ etirafının PƏRDƏARXASI: “Senata və erməni lobbisinə mesajdır”

Eyni zamanda məlum açıqlama müəyyən qədər də Azərbaycanı soyutmaq üçün verilib”

“Makron nəzərə alıb ki, onsuz da Qarabağda nəsə dəyişməyəcək, sadəcə özünə düşmən qazanacaq”

Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etdiyi videogörüntü yayılıb. Videogörüntünü Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün Feysbuk hesabında paylaşıb. O, Fransa prezidentinin çıxışından da sitat gətirib. Emmanuel Makron 7 rayonun Azərbaycana aid olduğunu qeyd edib.
Fransa prezidenti deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur. Makronun sözlərinə görə, bu rayonlar Azərbaycan ərazisidir və əgər suveren ölkənin razılığı yoxdursa, bu məsələyə qarışmamaq lazımdır:

"Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın".

Qeyd edək ki, Fransa dövlət başçısının bu etirafı ilk olaraq onun "İnstagram"dakı səhifəsində paylaşılıb. Fransa prezidenti ilk dəfə idi ki, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Görünür, Azərbaycanın qələbəsi ilə başa çatan hərbi əməliyyatlar Makronu da yumşaldıb.

Baş verənləri “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev Makronun etirafının ölkəmizə hesablandığını düşünmür. Analitik qeyd edib ki, Fransa prezidentinin verdiyi açıqlama ilə bağlı bəzi nüanslara fikir vermək lazımdı:

“Makron bu etirafı erməni gənclərinin qarşısında çıxışı zamanı edib. Ermənilər ona sual veriblər ki, “niyə Fransa öz ordusunu Dağlıq Qarabağa göndərmədi?”. Əlbəttə, Fransa özünü Avropanın ən güclü hərbi dəstəyə malik ölkələrindən biri sayır. Ümumiyyətlə, İngiltərə və Fransa əvvəllər Avropa İttifaqının (Aİ) hərbi gücləri sayılırdı. İngiltərə Aİ-dan çıxdıqdan sonra Fransa Avropanın hərbi gücü olan yeganə ölkəsidir.

Fransada yaşayan ermənilər Makrona sual verdilər ki, “niyə Türkiyə Azərbaycana dəstək verir, Rusiya bölgədədir, amma Fransa yoxdur?”. Bu zaman Fransa prezidenti də açıq şəkildə dedi ki, “Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir”. Yəni biz Azərbaycanın dəvəti olmadan bölgəyə ordu göndərə bilmərik. Belə bir hüququmuz yoxdur”.

T.Rzayevin fikrincə, Makron bu açıqlama ilə Senata da mesaj göndərib:

“Çünki senat belə bir təşəbbüs irəli sürmüşdü ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyaq, bununla bağlı mətn də hazır idi. Makron isə bu açıqlama ilə onlara cavab verdi. Yəni siz belə təşəbbüs irəli sürsəniz də, Fransa prezidentinin Dağlıq Qarabağın müstəqilliyini tanımamaq hüququ da var”.

Analitik vurğulayıb ki, bəzi ölkə prezidentləri Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın tərkib hissəsi olmasını deməklə bundan erməni tələblərinə qarşı sədd kimi istifadə edirlər:

“Eyni məqamı Rusiyada da görürük. Putin çıxışında növbəti dəfə bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Çünki ermənilər rus əsgərlərinin Qarabağ üçün döyüşməyini istəyirlər. İndi də Makron onu həddindən çox sıxışdıran erməni lobbisinə eyni cavabı verir. Fransada çoxlu sayda erməni var. Onlar prezident seçkilərində Makrona lazım olacaq.

Makron qeyd edib ki, “Dağlıq Qarabağ Ermənistanın belə tanımadığı ərazidir. Dəfələrlə çıxış edib sizi müdafiə etdim, amma bölgəyə ordu yeridə, fransız əsgərini aparıb azərbaycanlılarla döyüşdürə bilməzdim””.

T.Rzayevin sözlərinə görə, Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdikdən sonra İnstaqram səhifəsində paylaşım etdi:
“Ola bilsin ki, bu paylaşım həm senata, həm erməni lobbisinə, həm Fransadakı erməni seçicilərinə, müəyyən qədər də Azərbaycanı soyutmaq üçün edilib. Çünki ölkəmizdə qatı şəkildə anti-Fransa , anti-Makron mühiti yaranıb.

Məlumdur ki, Azərbaycanla Fransanın mədəni, iqtisadi, enerji təhlükəsizliyi sahəsində gözəl əlaqələri var idi. Makron bunu da nəzərə alıb ki, onsuz da Dağlıq Qarabağda nəsə dəyişməyəcək, sadəcə Azərbaycanın düşmənliyini qazanacaq.

Bu düşmənliyi qazanmamaq üçün də müəyyən açıqlama verib. Amma bu açıqlama daha çox Fransanın daxilinə yönəlib. Çünki ermənilər Makronu zəifliklə günahlandırırlar və deyirlər ki, Ərdoğan daha qətiyyətlidir.

O da açıq şəkildə etiraf edir və deyir ki, Dağlıq Qarabağla bağlı hansısa hüququmuz yoxdur”.