Məğlubiyyətin acısı: “Paşinyanı linç edirlər !”

Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən birgə bəyanatın imzalanması ilə ölkəmizin 30 ildir pozulmuş ərazi bütövlüyü bərpa olunur. Tarixən öz mütəşəkkilliyi ilə seçilən dünya erməniliyi də Ermənistanın köməyinə gələ bilmədi. Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Ermənistan beynəlxalq səviyyədə təkləndiyini gördü. Ənənəvi dostları hesab olunan Fransa və digər ölkələrin Ermənistanın xeyrinə hadisələrə təsir etmək cəhdləri boşa çıxdı. Bir sözlə, Ermənistan 200 illik saxtakarlıq və riyakarlıq tarixinin yekunu olan 44 günlük savaşda bu gününü və gələcəyini uduzmuş durumdadır.


Məhz bu məğlubiyyətdən sonra Ermənistanda daxili gərginlik xeyli şiddətləndi. Nikol Paşinyanın hakimiyyətdən getməsini istəyənlərin sayı günü-gündən artır. Bununla yanaşı, düşmən ölkədə hər gün vəzifəli şəxslərin istefa xəbərlərini oxuyuruq. Elə bu gün işğalçı ölkədə müdafiə nazirinin müavini Qabriel Balayan da tutduğu vəzifədən azad edilib. Bu barədə parlament müdafiə komissiyasının rəhbəri Andranik Koçaryan itkin düşən erməni hərbçilərinin yaxınları ilə görüşdə deyib. Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşmış itkin düşmüş hərbçilərin valideynlərin vəzifəsindən istefa verib-verməsindən asılı olmayaraq, Q. Balayanın onların qarşısına çıxıb hesabat verməsini tələb ediblər.



Ermənistanın daxilindəki vəziyyəti “Sherg.az”a dəyərləndirən Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, hər zaman Ermənistanın daxilində hakimiyyət uğrunda mübarizə böyük hay-küyə səbəb olub.

Partiya sədri qeyd edib ki, camaatın meydanlara çıxmasının və etiraz aksiyalarının şahidi oluruq:

“Məğlubiyyətə uğrayıblar. Bu, Paşinyanla yanaşı, erməni xalqının da məğlubiyyətidir. Erməni xalqı bir balaca nailiyyət əldə edən kimi güclü olduqlarını deyirdilər. Lakin məğlubiyyət olan kimi Paşinyanı linç edirlər. Ruslara arxayın olub, bizimlə düşmənlik etdilər. Amma sonda məhv oldular”. 

 S.Cəlaloğlunun qənaətincə,  vurğulayıb ki, Paşinyan hakimiyyətə gələndən sonra bəzi adekvat qüvvələr onu məcbur etdi ki, Dağlıq Qarabağ məsələsində radikal mövqe sərgiləsin:

“Düşünürəm ki, Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın maraqlarına uyğundur. Ermənistandakı hadisələrin başqa istiqamətdə inkişaf etməsi bölgədə yeni gərginliyin yaranmasına səbəb ola bilər”.

Partiya sədrinin fikrincə, hətta Rusiya da Paşinyanın hakimiyyətdən getməsində maraqlı deyil:

“Çünki Rusiya başa düşür ki, Paşinyan hakimiyyətdən gedəcəyi təqdirdə üçtərəfli bəyanatda əldə edilən razılaşmalar pozula  və yeni qanlar axa bilər. Beləliklə, Rusiya nüfuzdan düşə və başqa ölkələr Ermənistanı öz təsirinə salıb, bölgəyə nüfuz edə bilər. Bu baxımdan Paşinyanın hakimiyyətdə qalması həm Azərbaycan, həm Rusiya, həm də bölgədə sabitliyin təminatı üçün əsasdır. Çox güman ki, hakimiyyətdə də qalacaq”.