Qazidən İRAD: “Bayraq formasında paltar geyinmək olmaz”

“Bəlkə də, qurşaqdan yuxarı, Azərbaycan bayrağı kimi köynək tikdirmək mümkündür”

“Amma bayrağımın şalvar kimi geyinilməsini yaraşdırmıram, bəyənmirəm və tənqid edirəm”



Ötənlərdə müğənni Mənzurə Musayeva geyiminə görə tənqidlərə tuş gəldi. İrad bildirən insanların isə olduqca haqlı səbəbləri var idi.Çünki xanım müğənni bayrağımızı paltar kimi geyinib. Göy,qırımızı üzərində ayımız, ulduzumuz əks olunan köynək və yaşıl şalvar geyinib.Yəni müğənni libasında göy, qırmızı və  yaşılı belə nümayiş etdirib. Bu da haqlı olaraq sosial şəbəkələrdə və eləcə də cəmiyyətdə insanların hiddətinə səbəb olub. Bayrağımıza olunan bu hörmətsizliyin ardından müğənninin özü açıqlama verib.



O bildirib ki, həmin paltarı “Şuşanın Dağları” mahnısına görə geyinib. Paytarı mahnının sözlərində keçən “Qırmızı koftalı, yaşıl tumanlı” ifadələrinə uyğun tikdirib. Bəs, köynəkdəki ay, ulduz və göy rəng necə olacaq? Əgər belədirsə, yalnız qırmızı kofta, yaşıl şalvar geyinilə bilərdi. Həm də qədim milli geyimlərimizdən olan “Tuman” ətəkdir.Yəni dar şalvarla yaxından-uzaqdan əlaqəsi yoxdur. Dərinə getsək, çox mətləbləri üzə çıxarmaq olar. 

Amma biz sözü o bayrağın daim ucalması uğrunda bir gözünü və ayağını itirən qazimiz Kamil Musaviyə verdik. O da hamı kimi həmin görüntüdən narahat olduğunu söyləyib:

“Biz bayrağı yalnız şəhidlərimizə geyindiririk. Şəhidlərimizi bayrağa bürüyüb son mənzilə yola salırıq. Düşünürəm ki, bayrağı o səviyyədə geyinmək qəbuledilməzdir.

Bu da cəmiyyət tərəfindən xoş qarşılanmır. Mən də bayrağı paltar əvəzi geyinib küçədə özünü göstərənləri,vətənpərvər kimi nümayiş etdirən insanları qınayıram.

Düzdür, bayrağı çiyindən salmaq, əldə tutmaq olar. Amma bayraq formasında paltar tikdirib, geyinmək olmaz. Bəlkə də, qurşaqdan yuxarı, Azərbaycan bayrağı kimi köynək tikdirmək mümkündür.

Amma bayrağımın şalvar kimi geyinilməsini yaraşdırmıram, bəyənmirəm. Bunu da tənqid edirəm”.