Avtobuslar başdan-başa yoluxma mənbəyidir

Ona kim mindisə, mütləq koronavirusa yoluxacaq

"Yoluxmanın pis tərəfi odur ki, bütün dünya qapanıb. Tarixdə bütün pandemiyalarda iqtisadi kollaks olub. Yəni istehsal olmayıb, xəstəlikdən qorunmaq üçün yalnız maddi resurs tələb olunub. Pandemiyanın mahiyyətində iqtisadi çöküş var. İndi də vəziyyət belədir"

"Bu gün biz mütəxəssisləri insanların COVİD-19-la bağlı qoruyucu tədbirlərə riayət etmə səviyyəsi qane etmir". Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, qapalı məkanlarda bu virusun yayılması üçün daha çox şərait var: “Ancaq biz onu müşahidə edirik ki, qapalı məkanlarda qoruyucu tədbirlərə riayət etmə bir o qədər də kütləvi xarakter daşımır. İnsanlar onlara dəfələrlə deyilən sadə qaydalara riayət etməlidirlər. Bu, qapalı məkanlarda xüsusilə olmalıdır. Çünki hazırda hava soyuduğundan biz otaqları qızdırıcı sistemlərlə isidirik və havalandırmırıq. Əgər hava dəyişdirilmirsə, təmaslar yaxın olursa, belə şəraitdə yoluxma ehtimalı daha çox olur".

Mütəxəssis deyib ki, qapalı məkanlarda, xüsusilə mülayim temperatur və rütubətin az olduğu yerlərdə nəinki asqıranda və öskürəndə, hətta hündürdən danışdıqda da virus hissəcikləri ətrafa yayılır:

"Ancaq bu hissəciklər daha kiçikdir, onların məsafə qət etməsi daha uzundur. Bu o deməkdir ki, belə şəraitdə həmin hissəciklər daha uzun müddət havada qalaraq, daha aralıda olan insanları yoluxdura bilər.

Buna görə də biz otaqları havalandırmaqla yanaşı, eyni vaxtda otaqda olan insanların sayını azaltmalıyıq. Təsadüfi deyil ki, Nazirlər Kabineti yanında Operativ Qərargah da müəssisələrə, hətta özəl müəssisələrə də işçilərin sayını 30 faizədək azaltmağı tövsiyə edib”.

Mövzu ilə bağlı açıqlama verən həkim pediatr Vaqif Qarayev "Şərq"ə açıqlamasında insanların COVİD-19-la bağlı qoruyucu tədbirlərə riayət etmə səviyyəsinin aşağı olduğunu qeyd edib. O bildirib ki, təəssüf ki, qapalı məkanlarda, o cümlədən avtobuslarda vəziyyət daha çox acınacaqlıdır:

"Vətəndaşlar anlamalıdırlar ki, onlar özləri ilə yanaşı, ətrafdakılar üçün də təhlükə mənbəyinə çevrilirlər. Sübut olunub ki, xəstəliyi simptomsuz keçirən və virusa yoluxmasından xəbəri olmayan hər hansı vətəndaş ətrafında onlarla, bəlkə də yüzlərlə insanı yoluxdura bilir. Bu gün statistikaya baxsaq, hazırda təxminən dünya üzrə 58 milyon yoluxma faktı var. Təbii ki, bu, bir il üçün çox aşağıdır. Buna əslində sevinməliyik, çünki söhbət insan həyatından gedir. Ancaq yoluxmanın pis tərəfi odur ki, bütün dünya qapanıb. Tarixdə bütün pandemiyalarda iqtisadi kollaks olub. Yəni istehsal olmayıb, xəstəlikdən qorunmaq üçün yalnız maddi resurs tələb olunub. Pandemiyanın mahiyyətində iqtisadi çöküş var. İndi də vəziyyət belədir".

Həkim qeyd edib ki, qrip çox dəhşətli xəstəlikdir:

"Ancaq biz onu artıq adi xəstəlik kimi qəbul edirik. Bu bir faktdır ki, koronavirus qripdən daha qorxuludur. Çünki onun yoluxdurucu qabiliyyəti daha yüksəkdir. Bu günləri Azərbaycanda elə bir ailə yoxdur ki, onun doğmasında kimsə bu virusa yoluxmasın. Demək olar ki, bütün ailələrdə yoluxma faktına rast gəlmək mümkündür.

Bu gün reallıqdır ki, metroların bağlanması avtobuslarda basabaslıq yaradıb. Avtobuslar başdan-başa yoluxma mənbəyidir, ona mindinsə, mütləq yoluxacaqsan. Gəlin müqayisə üçün Türkiyəni götürək. Məsələn, Türkiyədə hələ yay aylarında insanların avtobuslarda ayaqüstə getməsinə icazə verilmirdi. Bununla da avtobuslarda sosial məsafə gözlənilirdi.

Bu qaydaları pozan sürücü ya işdən qovulurdu, ya da ki, cərimə olunurdu. Bizdə isə bu məsələ bir il keçməsinə baxmayaraq hələ də nədənsə alınmır. Hamı bilir ki, təcrid olunanda koronavirusa yoluxma azalır.

Amma burada bir məsələ var ki, insanlar təcrid olunsa ac qalacaq. Məsələn, bu son iki aya qədər Gürcüstan təcrübəsini çox bəyənirdim. Çünki orda qaydalara əməl etməyənlərə min dollar cərimə tətbiq olunurdu. Amma bununla yanaşı Gürcüstanda insanların kommunal xərcləri, bank kreditləri və əlavə pul yardımları olurdu.

Bizdə isə cəmi 190 manat pul verildi. Gəlin fikirləşək, 190 manatla bir ailə başçısı nə etməli idi? Təbii ki, ailəsini dolandırmaq üçün çörək pulu qazanmalı idi. Nəticədə gözlənilən kimi oldu, yoluxma mənbəyi qat-qat artdı.

Qeyd edim ki, ölkəmizdə rəsmi rəqəmlərdən qat-qat çox yoluxma var. Hesab edirəm ki, bununla bağlı daha ciddi tədbirlər görülməlidir".