Daha qorxulu bir vəziyyət var

Ənənəvi məktəb başlayanda uşaqlarda aqressiya yaranacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən onlayn “Psixoloq saatı” fəaliyyətə başlayıb. İdarədən verilən məlumata görə, “Psixoloq saatı”nın əsas məqsədi müəllim, valideyn və şagirdlərə sosial təcrid günlərində psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığını artırmaqdır. “Psixoloq saatı” çərçivəsində TDM-nin psixoloq və metodistlərinin müvafiq mövzular üzrə tövsiyələri mərkəzin "Facebook" səhifəsi vasitəsilə ictimaiyyətə təqdim olunur.
Psixoloq Zeynəb Eyyubova "Şərq"ə açıqlamasında “Psixoloq saatı”nın əhəmiyyətindən danışıb. O bildirib ki, "Psixoloq saatı"nda mövcud epidemioloji vəziyyət səbəbindən evdə qalan şagirdlərin, eləcə də bütün vətəndaşların mənəvi-psixoloji dəstəyə zərurət duyduğu mövzularla bağlı müvafiq tövsiyələr verilir:

"Proqramda uşaqları uğurlu və yetkin şəxsiyyət kimi formalaşdırmaqla bağlı müvafiq məlumatlar təqdim edilir. Bildiyimiz kimi, uşaqlar bütün günü evdə qaldıqlarına görə aqressivləşiblər.

Televizor, telefon aludəçiləri hədsiz dərəcədə artıb. Bu müddət ərzində xüsusilə uşaqların yuxu rejimi pozulub. Normal təhsildən uzaq qalıblar. Pandemiya bitəndən sonra onlar məktəb həyatına öyrəşməkdə, sosial həyata adaptasiya olmaqda çətinlik çəkəcəklər. Buna görə də ənənəvi məktəb başlayanda uşaqlarda aqressiya yaranacaq.

"İpoxandriya" dediyimiz xəstəlik yaranacaq ki, nəticədə uşaqlar bu xəstəlik vəziyyətindən çıxa bilməyəcək. Yəni dua edəcəklər ki, kaş məktəblər həmişə bağlı qalaydı. Bu da uşağın təhsilinə, digər proseslərə təsir göstərəcək.

Ona görə də bu layihənin icrası təqdirəlayiqdir. Düşünürəm ki, bu proqram uşaqlara individual qaydada keçirilsəydi daha yaxşı olardı. Yəni hər uşağa 45 dəqiqə vaxt təyin edilsəydi, daha effektv təsir olardı.

Ancaq təbii ki, həm vaxt, həm də ki, vaxt məhdudiyyəti var. Ancaq bu cür seminarların təşkil olunması çox müsbət təsir göstərəcək. Ən azından valideynlər bu proqram sayəsində uşaqları ilə daha effektiv münasibət quracaqlar".