Bəyanatın pozulması mümkün olmayacaq

Qarabağda sülhün qorunması indi əsas faktora çevrilir

Burada Rusiya ilə Azərbaycanın səyləri üst-üstə düşür

Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib. Kreml rəhbəri bildirib ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Putin Ermənistanın belə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanımadığını xatırladıb: “Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olub və indi də tərkib hissəsidir”.

Putinin sözlərinə görə, rəsmi Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib: “KTMT müqaviləsi bu müqaviləyə üzv dövlətin ərazisinə təcavüz halında qarşılıqlı yardım göstərməyi nəzərdə tutur. Heç kim Ermənistan Respublikası ərazisini zəbt etmədi və bu bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermədi”. Putin, həmçinin bildirib ki, atəşkəs haqqında saziş əldə etmək imkanı Yerevanda hələ oktyabrda olub.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti müharibəni dayandırmağa hazır idi. Amma Paşinyan təkid edirdi ki, hərbi əməliyyatlar davam etdirilməlidir. Bütün bunlar Azərbaycan qoşunlarının Şuşanı ələ keçirməsinə gətirib çıxardı və bu da Xankəndiyə yol açdı.

Putin əlavə edib ki, Dağlıq Qarabağa dair saziş bağlanarkən Rusiya yalnız vasitəçi rolunu yerinə yetirib və tərəflərin sülh yolu ilə ayrılmalarına dair öhdəlik götürüb. Vurğulayıb ki, sazişin müəllifləri üç tərəf - Rusiya, Ermənistan və Azərbaycandır:

“Mətnin özünə gəldikdə isə biz bunu üçlükdə edirdik - mən, təbii ki, Prezident Əliyev və baş nazir Paşinyan. Başqa cür mümkün deyildi, çünki əslində bu, iki tərəf arasında razılaşma idi”. 

Rusiya prezidenti noyabrın 20-də Novo-Oqaryovadakı iqamətgahından Dağlıq Qarabağa dair geniş videomüşavirə də keçirib. Müşavirədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici işlər naziri Sergey Lavrov, Maliyyə naziri Anton Siluanov, Enerji naziri Aleksandr Novak iştirak ediblər.

Müşavirə zamanı Dağlıq Qarabağ bölgəsindəki əhaliyə humanitar yardımın göstərilməsinin mühümlüyü vurğulanıb. Putin Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının işini yüksək qiymətləndirib. Xatırladıb ki, Rusiyanın Dağlıq Qarabağdakı bütün humanitar səyləri erməni və Azərbaycan xalqlarının rifahına yönəldilməlidir. 

Ümumiyyətlə, Putinin son bəyanatları və mövqeyi faktiki olaraq Ermənistan siyasi elitasını çökdürür. Putin ötən bir ay ərzində bir neçə dəfə də Qarabağla bağlı oxşar fikirlər bildirib. Onun yanaşması bundan ibarətdir ki, Azərbaycan öz ərazisi daxilində müharibə aparır. Azərbaycan ərazilərinin xeyli hissəsi işğaldan azad edilib və yaxın günlərdə növbəti rayonlar təhvil veriləcək.

Belə məqamda Dağlıq Qarabağın statusu ilə bağlı hansısa fikir bildirmək Azərbaycanın daxili işinə qarışmaq olardı. Lakin buna rəğmən, Rusiyanın Ermənistandan vaz keçmədiyi məlumdur. Putin bu məsələyə də işarə edərək bildirdi ki, “Rəsmi Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib: “Sizi inandırıram, Ermənistan özünü atılmış, unudulmuş hiss etmirdi. Və Rusiya hər şeyi etdi ki, bu olmasın”. Putin noyabrın 20-də keçirdiyi müşavirədə Qarabağ sakinlərinə hərtərəfli yardım edəcəklərini bildirib. Rusiya rəsmilərinin ardıcıl Yerevana səfərləri göstərir ki, Kreml balansı gözləmək üçün əlindən gələni edir. Məlum olduğu kimi, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Yerevanda səfərdə olub. Ermənistan hökumətinin mətbuat katibi Mane Gevrokyanın sözlərinə görə, Sergey Şoyqu Nikol Paşinyanla görüşüb. Ermənistana səfər edən nümayəndə heyətinin arasında Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da olub.

Həmçinin, baş nazirin müavinləri Aleksandr Novak, Aleksey Overçuk, Fövqəladə hallar naziri Yevgeni Ziniçev və Rusiya hökumətinin başqa rəsmilərinin də Yerevana səfər edəcəyi gözlənilir. Məlumata görə, Rusiyanın nümayəndə heyəti Yerevanda Ermənistan hökuməti ilə Qarabağ bölgəsinə rusiyalı sülhməramlıların yerləşdirilməsi, Rusiyanın maliyyə, texniki yardımına dair məsələləri müzakirə edirlər.

Əlavə olaraq onu da qeyd edək ki, noyabrın 22-də Rusiya FHN tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan FHN tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub. Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulub. 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, siyasi şərhçi Amid Əliyev “Şərq”ə açıqlamasında deyib ki, 20 noyabr tarixində Rusiya Prezidenti Putinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Analitikin sözlərinə görə, iclasda əsas müzakirə mövzusu Dağlıq Qarabağ olub. Onun sözlərinə görə, məhz həmin gün rus sülhməramlılarının Qarabağda tam şəkildə yerləşdirilməsi işi başa çatıb:

“İclasda çıxış edən Putin bildirib ki, bu tip münaqişələr Moskva üçün olduqca vacib əhəmiyyət daşıyır. Hazırda Rusiyada milyonlarla azərbaycanlı və erməni millətinin nümayəndələrinin yaşadığını xatırladan Putin deyib ki, münaqişənin həlli Kreml üçün daxili təhlükəsizlik baxımından mühümdür. Putin sülhməramlıların fəaliyyətinə toxunaraq bildirdi ki, hazırda bölgədə vəziyyət stabilləşir, təmas xəttində atəşkəs hökm sürür və sülhməramlıların müşayiəti ilə qaçqınlar öz evlərinə qayıdırlar. Elə həmin gün Rusiyadan olan 350 ton həcmində ilk humanitar yardım bölgəyə çatdırıldı. Rusiya rəhbəri Bəyanatın pozulması və ya hər hansısa bəndinin icra edilməsinə mane olmağa çalışan qüvvələrə müraciət edərək bildirdi ki, bu məsələdə revanş götürmək istəyənlərin yalnız bir cavabı olacaq - müharibə. İclas zamanı Putin sülhməramlı qüvvələrin komandanına dedi ki, hər iki tərəfdən məişət zəminində baş verə biləcək qarşıdurmaların qarşısı vaxtında və tam təhlükəsiz bir şəraitdə alınmalıdır. Belə bir iclasdan dərhal sonra geniş nümayəndə heyətinin əvvəl Yerevana, sonra Bakıya gəlməsi maraq doğurur”. 

Politoloq vurğulayıb ki, Ermənistana birinci olaraq Rusiyanın Müdafiə naziri Şoyqunun, sonra isə Xarici işlər naziri Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti gəlib. Hər iki nümayəndə heyətinin rəhbərləri həm Ermənistanın baş naziri N.Paşinyanla, həm də öz erməni həmkarları ilə görüşüblər:

“İlk səfərin Ermənistana olması heç də təsadüfi hal daşımır. Bəyanat imzalanan saatdan etibarən Ermənistanda xalq tərəfindən geniş iğtişaşlar başlayıb. Küçələrə çıxan xalq baş nazirinin evinə və Ermənistan parlamentinə daxil olub, qarətlər həyata keçirilib. Ermənistan parlamentinin spikerinə ciddi bədən xəsarətləri yetirilib. Sonrakı günlərdə müxtəlif dövlət, hökümət və hərbi rütbəli şəxslərin istefa verməsi Ermənistandakı siyasi vəziyyətin daha da dərinləşməsini göstərir. Bu hadisələr zamanı bir sıra müxalifət partiyaları və liderləri, eləcə də erməni xalqı baş naziri günahlandırır, dərhal istefasını tələb edirlər. Hadisələr fonunda bəyanatın müddəalarının icra edilməməsi fikirləri tez-tez səslənirdi. Qeyd olunanlarla yanaşı Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri S.Narışkin bildirirdi ki, ABŞ özünün Avropadakı bir sıra tərəfdarları ilə həm Azərbaycanda, həm də Ermənistanda olan milliyətçiləri məlum bəyanatı dayandırmağa təhrik edirlər. Görünür, məhz bu səbəbdən Şoyqu və Lavrov Kremlin tapşırıqlarını birbaşa ünavanına çatdırmaq üçün öncə Ermənistana yollanıblar”. 

A.Əliyev qeyd edib ki, Rusiya nümayəndə heyətlərinin Bakı səfəri də diqqəti cəlb edən məqamlarla yadda qalıb:

“Şoyqu Ermənistandan fərqli olaraq Bakı səfərinə rəsmi hərbi geyimdə gəlib. Bundan başqa Şoyqunun nümayəndə heyətinin tərkibində Qarabağda yerləşən sülhməramlıların komandanı da iştirak edirdi. Görüş zamanı müharibə nəticəsində Qarabağda yaranmış humanitar vəziyyət müzakirə olunub. Hər iki tərəfdən atəşkəsə və bəyanatın müddəalarına ciddi şəkildə riayət olunması müsbət qarşılanıb. XİN rəhbəri Lavrovla da görüş yüksək səviyyədə keçirilib. Görüşdən sonra mətbuata müsahibə verən Lavrov qeyd edib ki, Qarabağda sülhün qorunması istiqamətində Rusiya ilə Azərbaycanın səyləri üst-üstə düşür. Eyni zamanda Türkiyənin bölgədəki rolunun mühüm faktor olması, Rusiya ilə Türkiyənin bir sıra məsələlərdə əməkdaşlığı Lavrov tərəfindən xüsusi vurğulanıb. Beləliklə, Rusiya regionda söz sahibi kimi bəyanatın yüksək siyasi və hüquqi qüvvəyə malik olmasını Azərbaycan və Ermənistan tərəfinin diqqətinə çatdırıb. Bu bəyanatın hənsısa şəkildə pozulmasının mümükün olmayacağını və buna şəraitin yaradılmayacağını açıq şəkildə bəyan edib”. 

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü isə hesab edir ki, Şoyqu və Lavrovun Ermənistana səfəri bir tərəfdən atəşkəs razılaşmasının gələcəkdə sülh sazişinə çevrilməsi üçün detalların dəqiqləşdirilməsi zərurətindən irəli gəlirsə, digər tərəfdən rəsmi Moskvanın qərbpərəst Paşinyan hökumətindən narahatlığını ifadə edir:

“Rusiya ehtiyatlanır ki, Paşinyan hökuməti Qərbin dəstəyi və təzyiqi ilə növbəti dəfə Rusiyanın bölgədəki barışdırıcılıq missiyasına zərbə vura bilər. Çünki Rusiya məhz Ermənistan hakimiyyətinin bölgədə “rus planı” baş tutmasın deyə, hansı senariləri işlədiyini bir dəfə görüb: - 2018-ci ildə rus sülhməramlılarının bölgəyə gəlişinə razılıq verən Sarkisyan devrilərək yerinə Paşinyan gətirilib və beləliklə də, Rusiya “offsayd”a salınıb. İndi isə Paşinyan hər vasitə ilə ABŞ-dakı seçkilərin nəticəsi elan olunanadək, vaxtı uzatmağa, atəşkəs razılaşmasının sülh sazişinə çevrilməsini əngəlləməyə çalışır. Rusiya isə çox tələsir.

Çünki iki ay vaxtı qalıb. İki ay ərzində Paşinyana istədiyini qəbul etdirə bilməsə, Ermənistan ABŞ və Avropa Birliyinin dəstəklədiyi yeni anti-rus hərəkatının başlanacağı məntəqəyə çevriləcək”.