"Müharibəni udan tərəfin əli hər zaman güclü olur" - Müsahibə

"Rusiya Azərbaycanın haqlı olduğunu etiraf edir, eyni zamanda Ermənistanı hürkütməməyə çalışır"

"Qarabağdakı rus əsgərinin varlığı başqa yerlərdən fərqli olaraq bəlli müddətlə, yəni 5 il olaraq limitlənib. Azərbaycan tərəfinin etirazını bəyan etdiyi təqdirdə rus sülhməramlıları Qarabağı qeyd-şərtsiz tərk etməlidir"

"Məntiqlisi odur ki, erməni hərbi gücləri məhz rus qoşunlarının əliylə bölgədən çıxarılsın. Vətəndaşlarımız dövlət qurumlarının rəsmi açıqlamalarına etimad göstərsinlər"

"Güclü Türkiyənin Qarabağda, yaxud Azərbaycanın digər bölgələrində yerləşməsi xalqımıza rahatlıq və əminlik verəcək"

Azərbaycanın böyük qələbəsini hiss etməyənlərə xatırlatmaq istəyirəm ki, bölgəyə 102 ildən sonra yenidən Türkiyə Ordusu daxil olur və bu, Rusiyanın razılığı ilə baş verir


Rusiya Prezidenti Vladimir Putinin moderatorluğu ilə Qarabağa dair üçtərəfli anlaşma sənədinin imzalanmasından iki həftə ötdü. Sənədə görə, cəmi 7 gündən sonra axırıncı erməni əsgəri və mülki şəxslər Kəlbəcər və Laçını tərk etməlidir. Azərbaycan tərəfi bundan sonra Ermənistana başqa heç bir möhlət və güzəşt tanımaq fikrində deyil.

Düşmənin işğalçılıq və təcavüzünə yetərincə səbr edilib. Artıq proseslər Azərbaycanın, yəni qalib tərəfin diktəsi ilə cərəyan edir. Şübhəsiz, baş verənlərdə mühüm rol oynayan əsas tərəflərdən biri – üçtərəfli sənədə imza atan Rusiyadır. Moskva ilə aparılan müzakirələr çərçivəsində qardaş Türkiyə də proseslərdə yaxından iştirak etməkdədir.

Bir sıra qaranlıq məqamların yaxın günlərdə aydınlığa qovuşacağı deyilir. Regionda baş verənlərlə bağlı “Şərq”in suallarını cavablandıran Türkiyədə yaşayan professor Toğrul İsmayıl yeni mərhələnin başlandığını deyib. Siyasi şərhçinin fikrincə, bölgədə Rusiya faktoru müəyyən narahatlığa səbəb olsa da, ümumən gedişat Azərbaycanın xeyrinədir...

 - Toğrul bəy, 10 noyabr bəyannaməsi və sonrakı proseslər ciddi müzakirə olunmaqdadır. Fərqli şərhlərlə gündəmə gələn anlaşma və bəzi detallarla bağlı düşüncəniz nədir? 

 - Bəyannamənin və sonrakı proseslərin cəmiyyətdə ciddi və uzunmüddətli müzakirəsi təbiidir. Bir sıra detallar tam açıqlanmadığı üçün müəyyən suallar ortaya çıxır. Nəticədə ictimaiyyət suallara özü cavab tapmağa çalışır. 44 günlük müharibədən sonra imzalanan bəyanat, düşmən ölkənin qəfil təslim olması, hadisələrin sürətli cərəyan etməsi toplumda fərqli müzakirələrə yol açır. Xüsusən, Rusiyanın prosesdə aktiv rol oynaması və məsələyə müdaxiləsi diqqətdən yayınmır.

Əlbəttə, münaqişə tərəflərində durum fərqlidir. Azərbaycan xalqı uzun illər sonra böyük qələbə qazanıb və haqlı olaraq hərb meydanındakı üstün zəfəri masa arxasında itirmək istəmir. Bu narahatlığın əsas səbəbi Rusiya silahlı qüvvələrinin Qarabağa sülhməramlı kimi yerləşməsidir. Bu amil Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır və əksəriyyət narahatlığını açıq ifadə edir. Rusiyanın bölgədəki “rolu” hamıya məlumdur.

Abxaziya və Cənubi Osetiyanın, o cümlədən Krımın aqibəti bəllidir. Rusiya faktoru cəmiyyətə neqativ impulslar aşılayır. Amma unutmayaq ki, Qarabağdakı rus əsgərinin varlığı başqa yerlərdən fərqli olaraq bəlli müddətlə, yəni 5 il olaraq limitlənib. Azərbaycan tərəfinin etirazını bəyan etdiyi təqdirdə rus sülhməramlıları Qarabağı qeyd-şərtsiz tərk etməlidir. Məlumdur ki, hazırda rus ordusunun olduğu bölgələrdə erməni silahlıları var. Məntiqlisi odur ki, erməni hərbi gücləri məhz rus qoşunlarının əliylə bölgədən çıxarılsın. Vətəndaşlarımız dövlət qurumlarının rəsmi açıqlamalarına etimad göstərsinlər.

Dövlət başçısı da dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub və heç kim Qarabağda status məsələsindən danışa bilməz. Sirr deyil ki, bundan sonrakı mərhələdə ciddi diplomatik mübarizə gedəcək.

Ermənistan və Rusiya rəsmiləri hər fürsətdə Azərbaycanın əsəbləri ilə oynamağa çalışacaq və ölkə ictimaiyyətini hiddətləndirən açıqlamalar səsləndirəcəklər. İnşallah, zamanla proseslər Azərbaycanın xeyrinə həllini tapacaq və sonrakı dövrlərdə əlavə zəruri müqavilələr imzalanacaq. İşğal edilmiş ərazilər tam boşaldıqdan sonra bəyannamənin yekun nəticələrini görəcəyik. 

- Rusiyanın mövqeyini, konkret Putinin bəyanatlarını necə dəyərləndirirsiniz?

 - Əslində Rusiyanın mövqeyi mücərrəd anlayışdır. Kremlin yanaşmasının təhlil edilməsində Prezident Vladimir Putinin açıqlamaları vacib rol oynayır. Putin son çıxışında bir sıra məqamları açıq ifadə etdi. Hiss olunur ki, Azərbaycanın sürətli qələbəsi, xüsusən Şuşanın hərblə geri alınması Putini ciddi dilemma qarşısında qoyub.

Hər kəs qəbul edir ki, Azərbaycan qalib ölkədir. Prosesdə əsas diktə edən tərəf qalib Azərbaycandır. Rusiya rəsmən Qarabağın Azərbaycana aid olduğunu və ərazi bütövlüyümüzü tanıdığını elan etsə də, ermənilərin kompakt yaşadığı bölgələrlə bağlı rəsmi Bakıdan bir qədər “anlayış” xahiş edir.

Moskva qalib Azərbaycanı müdafiə etdiyini vurğulasa da, məğlub Ermənistanı hürkütməməyə, küsdürməməyə çalışır. Digər tərəfdən təbii ki, Kremlin də Cənubi Qafqazda heç vaxt vaz keçmədiyi maraqları var.

Məhz bu səbəbdən 30 ilə yaxındır status-kvonun dəyişməsini istəmirdi. Amma indi vəziyyət dəyişib və Rusiya öz maraqlarını mümkün qədər təmin etmək üçün regionda qalmağa səy göstərir. Sonrakı proseslər Azərbaycanın nailiyyətlərindən asılıdır. İnanıram ki, Azərbaycan bunun öhdəsindən gələcək. Çünki müharibəni udan tərəfin əli hər zaman güclü olur. Mümkün qədər güclü mövqeyimizdən yararlanmalıyıq. 

 - Ən çox arzulanan məsələlərdən biri də qardaş Türkiyənin prosesdə daha yaxından iştirakı, Türk Ordusunun Qarabağa gəlişidir. Türk hərbçilərinin Azərbaycanda yerləşməsi nə qədər mühüm amildir?

 - Türkiyə müharibənin ilk günündən Azərbaycana açıq dəstək verir. Azərbaycan Ordusuna mənsub zabitlərin təlim keçməsində, hərbi təcrübələrinin artırılmasında, modern texnikalarla təchizatında Türkiyənin rolu danılmazdır.

10 noyabr bəyannaməsindən sonra da Türkiyə dövləti və cəmiyyəti Azərbaycanın yanında durdu və misilsiz dəstəyini sürdürdü. Azərbaycana dəstək o qədər güclü oldu ki, heç kim buna qarşı çıxmağa cəsarət etmədi. Artıq qardaş ölkə Türkiyə şimal qonşumuz Rusiya ilə başladılan prosesin içindədir. Prezident İlham Əliyev bildirdi ki, atəşkəsə nəzarət mərkəzlərində Türkiyə ordusunun olacağı dəqiqdir.

Ankara hökuməti silahlı qüvvələri Azərbaycana göndərmək və bunu qanuniləşdirmək üçün parlamentdə xüsusi qətnamə qəbul etdi. Sənədə əsasən, türk ordusu ilkin mərhələdə 1 illik müddətə Azərbaycanda olacaq. Rusiya və Türkiyə arasında müzakirələr davam etməkdədir. İlk mərhələ Ankarada tamamlandı, ancaq növbəti görüşlər qarşıdadır. Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarnamə ilə qardaş ölkə hərbçilərinin Azərbaycanda hansı formada yerləşəcəyinə, missiyanın nə olacağına da aydınlıq gətirildi. Vurğuladığım kimi Azərbaycanı narahat edən əsas məqamlardan biri rus hərbçilərinin Qarabağa girməsi idi.

Bu fakt ölkə ictimaiyyətində gərginliyə səbəb olurdu. Lakin güclü Türkiyənin Qarabağda, yaxud Azərbaycanın digər bölgələrində yerləşməsi xalqımıza rahatlıq və əminlik verəcək. Nə formada olur-olsun, önəmli deyil, Türkiyə hərbçilərinin regionda varlığı təminat rolunu oynayacaq. Azərbaycanın böyük qələbəsini hiss etməyənlərə xatırlatmaq istəyirəm ki, bölgəyə 102 ildən sonra yenidən Türkiyə ordusu daxil olur və bu, Rusiyanın razılığı ilə baş verir. Bunun baş verməsi çox böyük geosiyasi reformun nəticəsidir. Cənubi Qafqazda siyasi proseslər əvvəlki kimi olmayacaq. 

 - Minsk Qrupunun həmsədrlərinin yenidən dirçəlməsi müşahidə olunur. Uzun müddət səsləri çıxmayan vasitəçilərin Moskvaya səfərləri, müzakirələrə qoşulmaq niyyəti nədən xəbər verir və buna ehtiyac varmı? 

 - Rusiya, Azərbaycan və dolayı yolla Türkiyə 10 noyabr bəyannaməsi ilə ATƏT-in Minsk qrupunu faktiki olaraq problemin həllindən kənarlaşdırdı. İndiki vəziyyətdə və bundan sonrakı gedişatda həmsədrlərin iştirakına, mənasız vasitəçilik missiyasına ehtiyac qalmayıb. Bəyannamənin həyata keçməsində rol oynayan əsas tərəflər Azərbaycan, Rusiya, Türkiyə və məğlub Ermənistandır. Burada ABŞ və Fransanın heç bir əməyi yoxdur. Sözsüz ki, Amerika və Fransa təmsilçiləri hər vəchlə çalışacaqlar ki, Minsk Qrupunu yenidən dirçəltsinlər, müxtəlif formada prosesə müdaxilə etsinlər. Bu addımla həm də regiondakı nüfuzlarını qorumağa səy göstərirlər.

Qərb ölkələri Cənubi Qafqazdakı olaylar üçün çox gec qalıblar. Həlledici proses başlayıb. Ancaq düşünürəm ki, rəsmi Bakı Qərb dövlətlərindən tamamilə uzaqlaşmamalıdır. Unutmayaq ki, çox vaxt Rusiyaya təzyiqlər məhz Qərb dövlətləri üzərindən reallaşır. Qərb dairələrinin proseslərə müdaxiləsinə mümkün çərçivədə imkan yaratmalıyıq ki, Rusiya bölgədə fəaliyyətini məhdudlaşdırsın və gələcəkdə təhdidlər yaratmasın. Siyasətdə hər incəliyə diqqət yetirilməlidir. 

 - Azərbaycanlılarla ermənilərin Qarabağda birgəyaşayışı müzakirə olunsa da, bunun necə olacağı ilə bağlı xeyli suallar mövcuddur. Sizcə, ermənilər hansı əsaslarla Qarabağda yaşamalıdır? 

 - Qarabağda ermənilərin necə yaşaya biləcəyi haqda Prezident İlham Əliyev Azərbaycan dövlətinin konkret mövqeyini bəyan edib. Ermənilər Azərbaycan vətəndaşı kimi, dövlətimizin qayda-qanunlarına əməl edərək Qarabağda yaşaya bilərlər. Şübhə olmasın ki, Azərbaycandakı digər xalqlar kimi ermənilərin də qanunvericiliyə uyğun haqq və hüquqları qorunacaq. Bəzi reallıqları göz önündə tutmalıyıq. Hər halda torpaqlarımızda hərbi cinayətlərdə iştirak etməmiş mülki ermənilərin məskunlaşması heç kimi narahat etməz.

Bakıda, Gəncədə, hətta Kürdəmirdə ermənilərin yaşadığı bilinir. Rəsmi rəqəmlər müxtəlif olsa da, Azərbaycanda ermənilərin öz həyatlarını davam etdirdiyi məlumdur. Həm də ermənilərin Qarabağda yaşamasına imkan verilməsi beynəlxalq ictimaiyyət qarşısında üzərimizə götürdüyümüz öhdəlikdir. Müxtəlif xalqların nümayəndələri ilə əsrlər boyu bir dam altında ömür sürmüşük. Azərbaycan xalqı işğalçı ermənilərdən fərqli olaraq irqçi, şovinist təfəkkürdən çox uzaqdır. Lakin ermənilərin tarixən Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar, qətliamlar, dəhşətli cinayətlər, işgəncələr, etnik təmizləmələr ayrı mövzudur.

Mənfur erməni terrorçularının qanlı əməlləri insanlarımızın yaddaşına hopub və heç vaxt unudulmur. İstənilən halda birgəyaşayış asan olmayan ağrılı prosesdir.