Əsir götürülən hər iki azərbaycanlı gənc sağdır

BQXK əməkdaşları deyirsə, onların təhlükəsizliyinə zəmanət var

"Hazırda tərəflər arasında meyitlərin dəyişdirilməsini həyata keçirir. Bu iş bitəndən sonra əsir və girovların qaytarılmasına da başlanılacaq"


Xəbər verdiyimiz kimi, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var. Düşmən tərəfindən əsir alınan A.Musayev və B.Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkib və yutubdakı “ANNA News” kanalında paylaşıb. Azərbaycan tərəfi əsirlərimizin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib ki, saxlanılan şəxslərlə əlaqədar münaqişə tərəflərilə dialoq aparır:

“Saxlanılan şəxslərin qaytarılması, azad olunması saxlayan tərəfdən asılıdır. Saxlayan tərəf azad etmək barədə arzu və qərarını bildirdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi bu əməliyyatın həyata keçirilməsində vasitəçi olaraq iştirak edir”. İ.Hüseynovanın sözlərinə görə, əsir və girovların dəyişdirilməsilə bağlı konkret müddət nəzərdə tutulmayıb:

“Bu qərar tamamilə münaqişə tərəflərindən asılıdır. Yəni münaqişə tərəfləri qərar verdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi münaqişə tərəflərinə əməliyyatın yerinə yetirilməsində neytral vasitəçi kimi dəstək verir”. Vurğulanıb ki, erməni hərbçiləri tərəfindən əsir götürülən iki azərbaycanlı gənc sağdır. Komitənin nümayəndələri onlarla görüşüb və vəziyyətləri ilə bağlı məlumat ailələrinə verilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da “BBC News”a deyib ki, məsələ araşdırılır və aidiyyatlı beynəlxalq qurumlara çatdırılacaq.

İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva da əsirlərlə bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Ötən gün sosial şəbəkədə Azərbaycan Ordusunun daha bir hərbiçisi - Emin Baxşəliyevin ermənilər tərəfindən əsir götürülməsini əks etdirən video-görüntü yayılıb. Əsirin Zahir Baxşəliyev oğlunun bir aydan çoxdur əsir düşdüyünü deyib:

“Məndə olan məlumata görə, Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənlə döyüş zamanı erməni hərbiçiləri tərəfindən əsir götürülüb. Sonradan ermənilər oğlumun sosial şəbəkələrdə əsir götürüldüyünü sübut edən video paylaşıblar. Aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, övladımın erməni əsirliyindən azad olunması üçün ailəmizə köməklik göstərsinlər. Onun 1 və 5 yaşlı iki övladı atalarının yolunu gözləyir. Oğlumun taleyindən çox narahatıq”.

Əsir və girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Əvəz Həsənov “Şərq”ə bildirib ki, əgər BQXK əməkdaşları əsirlərlə görüşdüklərini və onların sağ olduqlarını deyirsə, onların təhlükəsizliyinə müəyyən qədər təminat var. Hüquq müdafiəçisinin sözlərinə görə, indiki şəraitdə əsir və girovların dəyişdirilməsində ciddi problemlər olmamalıdır:

“Prosedur mərhələləri keçəndən sonra ermənilərin əsir götürdüyü əsgərlərimiz geri qaytarıla, erməni əsirlərlə dəyişdirilə bilər. Prosesin dövlət tərəfindən nəzarətə götürülməsi bunu deməyə əsas verir.

Rusiya sülhməramlıları hazırda tərəflər arasında meyitlərin dəyişdirilməsini həyata keçirir. Bu iş bitəndən sonra əsir və girovların qaytarılmasına da başlanılacaq.

Münasibətlərin normallaşması üçün humanitar aksiyalar zəruridir. Rusiya bu yöndə fəaliyyətini sürdürəcək. Erməni tərəfi hələlik cəsədlərin toplanması və basdırılması ilə məşğuldur. Əsir və girovların müəyyən edilməsinə vaxt sərf etmək istəmirlər. Bir az gözləyək. Azərbaycan tərəfinin narahatlığı başadüşüləndir.

Mütəmadi Komitə ilə əlaqə saxlanmalı, beynəlxalq qurumlara, bizim İşçi Qrupuna müraciət edilməlidir. Əsirlərin ailə üzvləri, ümumiyyətlə, ictimaiyyət bu məsələdə məlumatsız qalmamalıdır. Danışıqlar gedir, ümid edirik, yaxın günlərdə vətəndaşlarımız öz doğmalarına qovuşacaqlar”.