Azərbaycanlı alimlərin adları yenidən “Dünyanın ən nüfuzlu elm adamları” siyahısına daxil edilib

ABŞ-ın Stanford Universitetinin mütəxəssisləri tərəfindən “Dünyanın ən nüfuzlu elm adamları”nın siyahısı tərtib olunub. Siyahıya azərbaycanlı alimlərin də adları daxil edilib.
AZƏRTAC xəbər verir ki, siyahı elmi istinad indeksi istifadə edilərək, dünyadakı elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanıb. Qiymətləndirmənin nəticəsi olaraq dünya üzrə müxtəlif ixtisasda 159 min 684 alimin adı “Plos biology” jurnalında nəşr olunub.
Ən yüksək indeks balına uyğun hazırlanan siyahıya daxil edilən doqquz azərbaycanlı elm adamından beşi Türkiyədə fəaliyyət göstərir. Onlar Türkiyənin “Süleyman Dəmirəl Universiteti”nin inşaat mühəndisliyi bölümünün müəllimi Abdullah Sofiyev, “Orta Doğu Teknik Universiteti”nin fizika bölümünün müəllimi Təhmasib Əliyev, “Çanaqqala Onsekiz Mart Universiteti”nin müəllimi İsrafil Hüseynov, “İstanbul Teknik Universiteti”nin təyyarə mühəndisliyi bölümünün professoru Çingiz Hacıyev və “Yıldız Teknik Universiteti”nin mexanika mühəndisliyi bölümünün müəllimi Surxay Əkbərovdur.
Qeyd edək ki, professor İsrafil Hüseynov vəfat edib.