Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub

XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir.

Mədəniyyət Nazirliyindən Lent.az -a bildirilib ki, qalanın tikilməsi Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub.

Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda, Qarqarçayın sağ və sol sahillərindəki dağ döşündə yerləşir.

1992-ci ildə Xocalı şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qoyulub.

Bir neçə il öncə Ermənistan Əsgəran qalasında qanunsuz “bərpa-tikinti” işlərinə başlayıb. İnternet resurslarında yayılan görüntülərdə “bərpa-tikinti” işləri qalanın simasını tamamilə dəyişməyə hesablanıb. Tarixi tikilinin memarlıq üslubu dəyişdirilib, tikinti aparılan ərazidə dərin çalalar əmələ gəlib. Ermənistan Əsgəran qalasını özünküləşdirmək məqsədi ilə tarixi abidənin görkəminə ciddi zərər vurub.